Yanvarın 25-də “Eurovison-2012” Mahnı Müsabiqəsində təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması, eləcə də loqo və şüarın təqdimatı da olacaq. AZXEBER.COM-un məlumatına görə, ötən il müsabiqəyə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers müsabiqənin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı “Eurovision-2012”-yə ev sahibliyini rəsmən qəbul edəcək. “Buta Palace”da keçiriləcək təntənəli tədbirdə ötənilki müsabiqənin qalibi olan Azərbaycanın birinci və ya ikinci yarımfinalda iştirak edəcəyi də müəyyən olunacaq. Təqdimetmə mərasimi çərçivəsində xarici jurnalistlərlə mətbuat konfransı da keçiriləcək. Yanvarın 25-də həmçinin “eurovision.az” saytı istifadəyə veriləcək. Möhtəşəm mərasimdə isə “Eurovision-2011”in qalibləri Eldar və Nigar çıxış edəcək. Qeyd edək ki, mayın 22 və 24-də “Eurovision 2012”nin yarımfinalları, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya final mərhələsində çıxış edəcək. Yarımfinal mərhələlərində iştirak edən ölkələrin "Eurovision 2012"də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatmada bəlli olacaq.