Hacıbəy Heydərli: “Biz bərbərliyi öz başımızda öyrənmişik”

Hacıbəy Heydərli: “Biz bərbərliyi öz başımızda öyrənmişik”
MEDİA
22:53 22.11.2011
3092

Qaynar.info yeni bir rubrikaya – tanınmış jurnalistlərin cəmiyyətdə baş verən hadisələrə dair silsilə müsahibələrinə start verir. Hər gün oxucularla “Jurnalist dəyərləndirməsi” adı altında görüşə gələcək rubrika vasitəsilə aparıcı mətbuat orqanlarında çalışan qələm əhli müxtəlif məsələlərlə bağlı fikirlərini bölüşəcək, bir çox qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacaqlar.

Növbəti müsahibimiz Azxeber.com portalının redaktoru Hacıbəy Heydərlidir.

- Hacıbəy müəllim, rubrikamız üçün ənənəvi olan sualdan başlayaq. Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dəstək Fondu və Mətbuat Şurası bu gün jurnalistlərin problemlərini araşdıran qurumlardır. Bir jurnalist və media orqanı rəhbəri kimi, hər iki qurumun fəaliyyətini qənaətbəxş sayırsınızmı? - Bildiyiniz kimi, Mətbuat Şurası KİV-ə Dəstək Fondundan xeyli müddət öncə yaradılıb. Mətbuat Şurasının əsas fəaliyyət istiqaməti cəmiyyətlə media arasında körpü rolunu oynamaqdan ibarətdir. Müqayisəyə gəlincə isə əminliklə deyə bilərəm ki, Mətbuat Şurasının fəaliyyəti göz önündədir. Mətbuat Şurası və şəxsən şuranın sədri Əflatun Amaşov hər zaman mətbuat nümayəndələrinə xüsusi qayğı ilə yanaşıb, onların problemlərini dinləyib. Aprel ayında AZXEBER.COM portalının 1 yaşı olurdu, biz ad günümüzü keçirmək üçün çox yerə müraciət etdik, amma çox təəsüf ki, həmin obyektlər müxtəlif bəhanələrlə bizə yox cavabı verdilər. Daha sonra ad günümüzü Mətbuat Şurasında keçirmək üçün Şuraya müraciət etdik və Əflatun müəllim səmimiyyətlə bizi qarşıladı və “bura sizin öz evinizdir, nə vaxt istəsəniz gəlin” dedi. Qaynar.info vasitəsilə biz gənclərə bu qədər dəstək verdiyi üçün Mətbuat Şurasına bir daha minnətdarlığımızı bildiririk. Amma çox təəsüf ki, eyni sözləri KİVDF haqda deyə bilməyəcəm. Qeyd etməliyəm ki, bu fond internet portallarını unudub, onlar mətbuat deyəndə yalnız qəzetləri düşünürlər. Dövlətimizin internet mediaya bu qədər önəm verdiyi bir anda KİVDF-nun bu münasibəti bizi çox təəcübləndirir. Çünki bu gün xəbər portalları qəzetlərdən daha çox oxunur, oxucular xəbər portallarına daha çox inanırlar. İstərdim ki, hörmətli Vüqar Səfərli də bizə inansın (gülür)… Sualınıza cavab olaraq deyim ki, Mətbuat Şurası KİV DF-dan daha yaxşı fəaliyyət göstərir, mediaya daha çox dəstək olur.

- Azxeber.com portalı geniş oxucu audutoriyasını əhatə edir. Gənc kollektivlə bu işləri görmək çətin olmur ki?

- İstərdim ki, portalımızın yaranması haqda oxuculara məlumat verim. Portalı yaradanda Əfsələddin Ağalarovla birgə BDU Jurnalistika fakültəsinin 2-ci kursunda təhsil alırdıq. İlk vaxtlar bizə heç kim inanmırdı, hamı deyirdi ki, bu keçici bir həvəsdir və bir müddət sonra sayt bağlanacaq. Amma biz artıq 1 il 7 aydır ki, fəaliyyət göstəririk. Hazırda saytımıza gün ərzində 4000-6000 İP-dən oxucu daxil olur. Kollektivimiz cəmi 3 nəfərdir: mən, Əfsələddin Ağalarov və Aysel Fərziyeva. Bizi birləşdirən jurnalistika sevgisidir. Biz hər zaman deyirik ki, azxeber.com mediada kimsəsiz doğulub, bizim arxamızda heç kim yoxdur, amma maddi sıxıntılar, problemlər, çətinliklər bizi yolumuzdan döndərə bilməz. Media eksperti Zeynal Məmmədli bizim haqqımızda həmişə deyir ki, “siz bərbərliyi öz başınızda öyrənirsiz, nə olsa öz başınıza olacaq”. Əslində, biz bunu çox gözəl anlayırıq və kimsəsiz gəldiyimiz mediada xüsusən gənclərə arxa olmağa çalışırıq. Çalışırıq ki, gənclərə tribuna olaq, onlar bizim vasitəmizlə istədiklərini desinlər. Nə qədər gücümüz, həvəssimiz, potensialımız var, yolumuzdan dönməyəcəyik. Amma bunu etiraf etməliyəm ki, maddi problemlər bizi çox sıxır…

- Təbii ki, mediada reklam əldə etmək olduqca çətin məsələdir. Elə buna görədir ki, mətbuat orqanları bir çox hallarda maliyyə dəstəyi olmadan fəaliyyət göstərə bilmir. Siz necə, bütün bu işləri necə yoluna qoyursunuz?

- Bəli, bunu çox düzgün qeyd etdiniz. İnanın ki, bizdən əvvəl yaranan kifayət qədər maddi dəstəyi, sponsoru, işçi qüvvəsi olan xəbər portalları var ki, sizin qeyd elədiyiniz bu çətinliklərə dözməyərək saytlarını bağlayıblar. Bizə gəlincə isə deyə bilərəm ki, bu gün də bizim maddi dəstəyimiz, daimi gəlir yerimiz yoxdur. Bəlkə də bu sözlərim düzgün anlaşılmayacaq, amma inanın ki, bu faktdır. Biz fəaliyyət göstərdiyimiz 1 il 7 ayda vədlərdən, quru sözlərdən doyduq. Bizə “siz əjdahasınız, sizdən yoxdur, sizi dəstəkləyirəm” deyənlər çox olub, amma bu elə quru söz olaraq qalıb. İnanın ki, bizə verilən vədlər yerinə yetirilsəydi bu gün biz sizinlə şəhərin mərkəzində, lyuks ofisimizdə görüşəcəkdik və mən də çıxanda sizi şəxsi maşınımda yola salardım. Çox təəsüflənirəm ki, Azərbaycanda reklam bazarı formalaşmayıb. Bizdə reklam İP-ə görə verilmir, bizdə reklam tanışlığa görə verilir. Baxın elə xəbər saytları var ki, ziyarətçi sayı heç minə çatmır, amma saytı açırsan ki, 5-6 reklam var, hər müxbirinə 300-400 manat maaş verir. Mənə maraqlıdır bu necə olur? Əgər sabah obyektiv reklam mühiti formalaşsa, onlar yenə bunu edə biləcəklərmi? Təbii ki, yox. Amma tam səmimi deyirəm ki, bütün bunlar bizi ruhdan salmır, çünki biz sevdiyimiz, bacardığımız, həzz aldığımız işlə məşğuluq.

- Bir müddət öncə Qaynar.info portalı ilə birlikdə İnternet Media Mərkəzini (İMM) təsis etdiniz. Təqdimat layihəsi uğurlu olsa da, hazırda bir passivlik müşahidə edilməkdədir. Bunu nə ilə əlaqələndirərsiniz?

- Qaynar.info-dan söz düşmüşkən qeyd edim ki, mən 1-ci kursda oxuyanda mütəmadi olaraq sizin portala xəbərlər göndərirdim. Yəni ilk xəbərlərim, məqalələrim məhz Qaynar.info-da çıxıb və düşünürəm ki, ayağınız yüngül olub (Gülür). Biz Fərid Şahbazlı ilə çoxdan tanışıq. Bir dəfə müzakirə əsnasında İMM yaratmaq qərarına gəldik və bunu reallaşdırdıq. Siz dediyiniz kimi İMM çox uğurlu və maraqla qarşılanan layihə oldu. İnşallah yaxın zamanlarda bu passivliyi partlayışla aradan qaldıracağıq. İMM-ni fərqləndirən əsas cəhət burada gənclərin, gənc jurnalistlərin birləşməsidir. Bu gün yaşlı insanlar internetə uyğunlaşmağa çalışırlar, biz isə demək olar ki, gözümüzü açandan internetdəyik. Ona görə də İMM hələ çox iş görəcək

OXŞAR XƏBƏRLƏR