Hacıbəy Heydərli: “Bu, ümumilikdə, Azərbaycanın informasiya mühitinə edilən hücumdur”

MEDİA
14:19 20.02.2025
324
"Azərbaycanda media subyektləri tez-tez haker hücumlarına məruz qalır. Biz buna Vətən Müharibəsi günlərində mütəmadi şahid olurduq". 

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bunu TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu gün "Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu heç də təsadüfi deyil. 

"Bu media qrupuna aid olan media subyektləri ölkənin ən operativ, fəal və dövlətçi media subyektlərindəndir. Bu saytlara edilən hücum ,ümumilikdə, Azərbaycanın informasiya mühitinə edilən hücumdur. Bəzi qüvvələr bununla Azərbaycanda xaos, qorxu yaratmaq niyyətindədir. Ancaq onlar məqsədlərinə çata bilməyəcəklər, Azərbaycan cəmiyyəti bu cür haker hücumlarına qarşı çox ayıq-sayıqdır". 

O bildirib ki, saytların giriş səhifələrinə şəkillər yerləşdirilməsi də bu təxribatın arxasında kimlərin dayandığını göstərir. Həmçinin ilkin məlumat da onu göstərir ki, bu adi DDOS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur. "Əminəm ki, ən qısa zamanda saytlar fəaliyyətini bərpa edəcək və təxribatçılar ifşa ediləcək" deyə o yekunlaşdırıb. 

Qeyd edək ki, bu gün "Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilib.  Bu kiberhücumlarla əlaqədar "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.   
OXŞAR XƏBƏRLƏR