Koronavirus pandemiyasıyla bağlı hamilə qadınlara infeksiyadan qorunmaq üçün xüsusilə diqqətli olmaları barədə xəbərdarlıq edilib. Bəs, virusun hamiləlik dövründəki riskləri nədən ibarətdir?
COVİD-19-un hamilə qadınlar üçün yaratdığı təhlükələr tam olaraq bilinməsə də, görünən odur ki, onlar bu xəstəliyi digərlərindən ağır keçirmirlər. Bəzi viruslar hamiləlik üçün daha təhlükəli ola bilir, ancaq koronavirusla bağlı hələlik belə hallara rast gəlinməyib. Pandemiyaya yoluxan hamilə qadınlarda erkən doğum riskinin artmasıyla bağlı dəlillər də yoxdur.
Həkim ginekoloq Nərmin Muradova AZXEBER.COM-a açıqlamasında bildirib ki, koronavirus hamilə qadınlar üçün təhlükəli deyil:
"Koronavirus digər xəstələrə baxanda hamilərdə daha asan keçir. Bunun səbəbi hələlik aydınlaşmayıb. Koronavirus bəzi hamilə qadınlarda qrip kimi daha yüngül keçir. Azərbaycanda və dünyada hələlik güclü fəsadları görünməyib. Körpələrdə də təhlükəli vəziyyət aşkarlanmayıb. İndiyədək statistikada doğulmuş döldə çox az halda virus aşkarlanıb, bunun da mənbəyi tam olaraq bilinmir. Ola bilər ki, körpə doğulduqdan sonra tibb isçisinə bulaşmış virus hava damcı yolu ilə uşağa da keçib. Ona görə də bu məlumat tam aydınlaşmayıb.
Nərmin Muradova bildirib ki, hamilə qadınlar immun sistemini güclü tutmalıdırlar: Hamilə qadınlar qrip, davamlı güclü öskürək, halsızlıq, zəiflik kimi simptomlara rast gəldiyi zaman həkimi ilə məsləhətləşib, mütləq müalicəyə başlamalıdırlar. Həmçinin risk qrupunda olan hamilələrdə koronavirusla yanaşı hər hansı daxili organlarla bağlı xroniki xəstəlik, təzyiqlə bağlı tiroid xəstəlik, şəkərli diabet varsa onlar virusu ağır keçirə bilər və fəsadlar yarana bilər".
Həkim qeyd edib ki, hamilə qadınlar virusa yoluxarsa, təşvişə düşməməlidirlər, həkim nəzarəti altında asanlıqla bu virusa qalib gələ bilərlər.
Nərmin Məmmədli