Hamının bacarmadığı 5 peşə: Ayda 5 min manata qədər qazandırır

Hamının bacarmadığı 5 peşə: Ayda 5 min manata qədər qazandırır
MARAQLI
14:01 23.07.2026
268
Azərbaycanda əmək bazarında ən çox rast gəlinən peşələr müəllim, həkim, hüquqşünas və mühəndislik sahələri olsa da, xüsusi bacarıq və peşəkar hazırlıq tələb edən, çoxlarının tanımadığı ixtisaslar da mövcuddur. Bu peşələrdən bəziləri həm qeyri-adi iş şəraiti, həm də yüksək qazanc imkanları ilə diqqət çəkir.

AZXEBER.COM həmin peşələri təqdim edir:

Belə peşələrdən biri hava hərəkətini idarə edən dispetçerdir. Bu mütəxəssislər təyyarələrin təhlükəsiz eniş-qalxışını və hava məkanında hərəkətini koordinasiya edirlər. Yüksək məsuliyyət tələb edən bu sahədə əməkhaqqı təcrübə və iş yerindən asılı olaraq təxminən 2 500-5 000 manat və daha yüksək ola bilir.

Son illər tələbatı artan peşələrdən biri də dron operatorudur. Onlar tikinti, kənd təsərrüfatı, media, xəritələşdirmə və monitorinq layihələrində pilotsuz uçuş aparatlarını idarə edirlər. Bu sahədə çalışanların aylıq gəliri orta hesabla 1 000-2 500 manat arasında dəyişir.

Riskli peşələr sırasında yer alan sənaye alpinistləri isə hündürmərtəbəli binalarda fasadların təmiri, şüşələrin yuyulması və müxtəlif montaj işlərini xüsusi təhlükəsizlik avadanlıqları ilə həyata keçirirlər. Onların aylıq əməkhaqqısı təxminən 900-2 000 manat təşkil edir.

Cinayət işlərinin araşdırılmasında mühüm rol oynayan məhkəmə ekspertləri (kriminalistlər) DNT nümunələri, barmaq izləri, sənədlər və digər maddi sübutları analiz edirlər. Bu sahədə əməkhaqqı təcrübədən və vəzifədən asılı olaraq 1 200-2 500 manat arasında dəyişə bilir.

Ev heyvanlarına göstərilən xidmətlərə marağın artması pet-groomer (heyvan bərbəri) peşəsinə də tələbat yaradıb. Bu mütəxəssislər it və pişiklərin gigiyenik baxımı, tüklərinin kəsilməsi və ümumi qulluğu ilə məşğul olurlar. Bu sahədə aylıq qazanc təxminən 800-1 800 manat arasında dəyişir.

Mütəxəssislərin fikrincə, texnologiyanın inkişafı, yeni xidmət sahələrinin yaranması və ixtisaslı kadrlara ehtiyacın artması bu kimi peşələrə marağı ildən-ilə artırır. Əmək bazarında ənənəvi peşələrlə yanaşı, xüsusi bacarıq tələb edən ixtisasların da gələcəkdə daha çox ön plana çıxacağı proqnozlaşdırılır.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR