Bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.AZ-a açıqlamasında səsləndirib:
"İyul və avqust aylarında müşahidə edilən termik maksimum fazasında isə cənub mənşəli hava kütlələrinin intensiv daxil olması ilə mütləq maksimum temperatur kəskin yüksəlir; Bakıda bəzi günlərdə 35-38°C, Mərkəzi Aran və Naxçıvanda isə 38-41°C, bəzən daha yüksək isti qeydə alınır”.
Ekspert qeyd vurğulayır ki, proqnoz modelləri yay ayları ərzində yağıntıların paylanmasında kəskin qeyri-bərabərlik göstərir.
"Ölkə üzrə mövsümlük yağıntının miqdarının iqlim normasından az və ya normaya yaxın olacağı gözlənilsə də, dağlıq və dağətəyi rayonlarda, xüsusilə Balakən-Şəki, Quba-Xaçmaz, Qarabağ və Şərqi Zəngəzur zonalarında konvektiv buludluluğun inkişafı, lokal xarakterli intensiv leysan, şimşək və dolu düşmə ehtimalı yüksəkdir. Bununla əlaqədar olaraq dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
Yay aylarında temperaturun bəzən çoxillik iqlim normasından yüksək olması birbaşa irimiqyaslı atmosfer sirkulyasiyası ilə bağlıdır. Cənub-şərqdən və cənub-qərbdən ölkə ərazisinə daxil olan quru tropik hava kütlələri temperaturun sıçrayışlı artmasına səbəb olur. Subregional səviyyədə antisiklon sahələrinin formalaşması buludluluğu minimuma endirir, insolyasiyanı intensivləşdirir və havanın enən hərəkətlərlə dinamik qızmasına gətirib çıxarır”.
C.Hüseynovun sözlərinə görə, ölkənin mürəkkəb relyefi yay istilərinin coğrafi paylanmasında kəskin fərqlər yaradır.











































