Avqustun 28-dən 30-dək Abşeron yarımadasında gündüz isti diskomfort hava şəraiti fonunda bəzi saatlarda rütubətliliyin nisbətən çox olması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 28-nə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 28-33 dərəcə isti olacaq.