Bəzi yerlərdə sulu qar və qar yağacaq
Yaxın iki gündə ölkə ərazisində hava şəraiti yağıntılı olacaq, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, martın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz kəsiləcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq. Martın 29-da hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə duman olacağı, mülayim cənub küləyi əsəcəyi gözlənilir. Havanın temperaturunun gecə 2-4 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sulu qar və qar yağacağı gözlənilir. Martın 28-də hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olması gözlənilir. Martın 29-da hava əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub-qərb küləyi əsəcəyi, bəzi dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta olacaq.