'Həbsdə olarkən onun haqqında müdafiə xarakterli bir neçə yazı yazmışdım' - MÜSAHİBƏ
MEDİA
00:49 06.09.2012
1977
“Azərbaycanda uzun illərdir ki, bütün siyasi proseslər media üzərində cərəyan edir”AZXEBER.COM portalı, “Gündəlik Teleqraf” qəzeti, Publika.Az portalı və Teleqraf.com saytının rəhbəri Aynur Camalqızının "publika.az"a verdiyi müsahibəni təqdim edir.- Gəlin, lap əvvəldən başlayaq: uşaqlığınızdan... Harda böyümüsüz?- Yetmiş illik sovet dönəmində belə keçilməz yolları olan ucqar bir kənddə - Qarabağda böyümüşəm. Atam tarix müəllimidir. Valideynlərimin hər ikisi mütaliyəyə çox bağlıdırlar. Ağlım kəsəndən evdə böyükləri kitab oxuyan görmüşəm. Anam evimizin işini, biş-düşünü bitirən kimi kitab oxuyurdu. Məndə də bu alışqanlığı valideynlərim yaradıb. Həddən artıq çox oxuyurdum. Valideynlərim qorxurdu ki, gözlərim zəifləyəcək...- Dünyagörüşünüzdə dönüş nöqtəsi hesab etdiyiniz kitab hansıydı bəs?- Fərman Kərimzadənin əsərləri. “Xudafərin körpüsü”nü dönə-dönə oxumuşam. Sonra Məhəmmədhüseyn Şəhriyar, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə... Əziz Nesin, Nazim Hikmət, Orxan Kamal, Səbahəddin Əli, Rəşad Nuri Güntəkin... Hərəsinin özünəməxsus təsiri olub. Bir ara İlyas Əfəndiyevin bütün külliyyatını oxudum. Ondan sonra Elçinin əsərlərini oxuya bilmədim, daha doğrusu oxudum, amma bəyənmədim. Təbii ki, Anarın, Ramiz Rövşənin, Rüstəm Behrudinin təsirləri də var. Dostoyevski, Drayzer... Bir dəfə Seymur Baycan məsləhət gördü ki, uşaqkən oxuduğum kitabları yenidən oxuyum. Drayzeri, Dostoyevskini yenidən oxumağa başladım və anladım ki, indiki yaşda bu əsərlərin təsiri tamam fərqlidir...- Bəs jurnalistikaya necə gəldiniz?- Bu, uşaqlıq arzusuydu. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirəndən sonra rayona qayıtsaydım, ən yaxşı halda, kənddə tarix müəlliməsi işləyəcəkdim. Jurnalistika isə mənimçün sehrli bir aləm idi. İlk fəaliyyətə “Xalq qəzeti”nin “Cümə” əlavəsində - mədəniyyət müxbiri kimi başlamışam. Həmin vaxt “Xalq qəzeti”nin redaktoru işləyən mərhum jurnalist Məmməd Nazimoğluna çox minnətdaram. Ondan çox şeyi, ən başlıcası, yazmağı öyrəndim. “Cümə” əlavəsinin kollektivini, xüsusən, redaktorumuz Rauf Ağayevi həmişə xatırlayıram. Bu həftəlik nəşr “Xalq qəzeti”ndən daha maraqla oxunsa da, günün birində Mahal İsmayıloğlu “Cümə” əlavəsini bağladı və kollektivimizi ixtisara saldı. Qaldıq işsiz. Elə həmin ərəfədə Azər Hüseynbala “Şans” qəzetini təsis elədi və bizi orada işləməyə çağırdı. Maliyyə problemlərinə görə “Şans” qəzeti də bir ildən sonra fəaliyyətini dayandırdı. Sonra bir müddət Gündüz Tahirlinin “Yeni Yüzil” qəzetində, daha sonra “Ulus”, qısa bir müddətdə isə “Cumhuriyyət” qəzetində işlədim. Həmin vaxt Rauf Arifoğlu məni “Yeni Müsavat” qəzetinə dəvət etdi. Səhv etmirəmsə, 2001-ci ildə...- 2001-ci ildəki Rauf Arifoğlu ilə 2012-ci ildəki Rauf bəyin fərqi nədir?- Rauf bəy məncə, xeyli dəyişib. 2001-ci ildəki zəhmi azalıb. O vaxt onunla işləmək, onu razı salmaq o qədər də asan deyildi. İşgüzar münasibətlərdə həddən ziyadə tələbkar və güzəştsiz idi. İndi məsələlərə daha konstruktiv yanaşır. Həmkar olaraq bu, məni çox sevindirir.- Mədəniyyət yazarı sonradan necə siyasi yazılar yazmağa başladı, hətta Müsavat Partiyasının Məclis üzvlüyünədək irəliləyə bildi?- Deyirlər, insan istedadlıdırsa, bütün sahələrdə qabiliyyətini göstərə bilir. Mən çox rahatlıqla siyasi proseslərə transfer edə bildim. Az müddətdə siyasi yazar kimi imzam tanındı. Yeri gəlmişkən, mənə yazmağı Məmməd Nazimoğlu öyrədibsə, qələmimin tanınmasında, özümü jurnalist kimi təsdiqləməyimdə Rauf Arifoğlunun böyük rolu olub.- Sizdə hissiyyat güclüdür? İnsanların sizə münasibətini əvvəlcədən hiss edə bilirsiz?- Bəzən hiss edə bilirəm. Bəzən də... İnsanlara inanmaq mənimçün çox vacibdir. İnanmadan rahat yaşaya bilmirəm. İnanmaq istəyirəm. Təəssüf ki, bu xüsusiyyətimdən sui-istifadə edənlər tapılır...- Bəs uğuru necə, əvvəlcədən hiss edə bilirsiz?- Əlbəttə. 2005-ci ildə parlament seçkilərinə namizəd kimi qatılanda yəqin heç kim inanmırdı ki, “Yeni Müsavat”ın köşə yazarı belə bir yüksək nəticə əldə edəcək. Amma özüm əmin idim.- Namizədliyinizi irəli sürmək kimin təşəbbüsü idi?- Öz təşəbbüsüm idi və bunu reallaşdırmaq mənə çox çətinliklə başa gəldi. Ona görə ki, Müsavat Partiyasının Məclis üzvü idim. Müsavat Partiyası “Azadlıq” blokunda təmsil olunurdu. Üç partiya seçkilərə vahid siyahı ilə gedirdi. Məni həmin siyahıya daxil etmək istəmədilər. Həm təkbaşına seçki kampaniyası aparmalı, həm də öz partiyamla mübarizə eləməli oldum.- Seçkilərə qədər sizi təmsil elədiyiniz rayonda jurnalist kimi tanıyırdılar?- Tanıyırdılar. Seçki kampaniyası ərəfəsində Tərtərin keçmiş icra başçısı və batalyon komandiri Sərdar Həmidov azadlığa çıxmışdı. Həbsdə olarkən onun haqqında müdafiə xarakterli bir neçə yazı yazmışdım. Sonradan özü də qeyd edirdi ki, 95 saylı Tərtər seçki dairəsindən 14 kişinin içində yeganə qadın namizəd olduğuma görə qərara gəlib ki, məni dəstəkləsin. Qarabağ qaziləri də mənə ciddi dəstək verdilər. Düşünürəm ki, uğurlarımda onların böyük rolu oldu.- Bəs parlament sizi necə qarşıladı?- Həvəssiz... Görünür, mətbuat kimi, parlamentdəkilər də cavan bir jurnalisti parlamentdə görməyə alışmamışdı. Bizdə elə bir düşüncə var ki, sanki parlamentdə bığlı-saqqalı, yekəqarın kişilər oturmalıdır. Ən azı 65 yaşı haqlamalısan. Bu, yəqin sovetdən qalma düşüncədir. O zaman parlamentdə yaşlı kolxozçular təmsil olunurdu axı.- Bəs jurnalist həmkarlarınız? Seçki kampaniyası dövründə Sizə kömək etdilər?- Kampaniya vaxtı istəsələr də, mənə köməkləri dəyə bilməzdi. Çünki kampaniya ucqar bir əyalət rayonunda gedirdi. Bir neçə dəfə bəzi qəzetlərdə informasiyam dərc edildi... Amma seçkinin nəticələri açıqlanandan sonra çoxsaylı telefon zəngləri gəldi. Əksəriyyəti jurnalistlər idi. Hətta Eynulla Fətullayev zəng edib dedi ki, baxmayaraq ki, qalib gəlmisən, nəticələrini ləğv edəcəklər, seçilə bilməyəcəksən. O, ağlına gətirə bilmirdi ki, radikal müxalifət qəzetinin köşə yazarı YAP-ın namizədinə qalib gələ bilər... Nəticələr bilinəndən sonra mətbuat mənə qarşı xeyli dərəcədə aqressivləşdi. Maraqlıdır ki, nə məndən əvvəl, nə sonra mətbuatdan parlamentə düşən insanların qara piarı aparılmayıb. Onların varlığı ilə yoxluğu bu gün də heç kəsi maraqlandırmır. Amma beş il ərzində məni kifayət qədər tənqid etdilər. Hətta arxivləri töküb keçmiş yazılarımın məzmununu dəyişdirib yenidən çap ediblər. Hərdən mənə elə gəlir ki, həmin insanlar uğursuzluqlarının günahını məndə görürlər...- Həmin içərisi dəyişdirilmiş yazıları yenə də çap edirlər. Axı artıq millət vəkili deyilsiz. İndi nə istəyirlər?- Onların məkrinin, nifrətinin, hikkəsinin səbəbləri mənə də maraqlıdır.- Bəlkə məsələlərin kökündə şəxsi münasibətlər dayanır?- Mənimlə yersiz prinsip aparan, mətbuatda üstümə od püskürən, zəhər tökən varlıqların çoxunu heç tanımıram. Heç biriylə şəxsi müstəvidə problemim olmayıb. Heç vaxt hardasa maraqlarımız toqquşmayıb. Görünür, bu, qadına qarşı qısqanclıqdır. Cəmiyyətdə belə bir düşüncə var ki, qadınsansa, mətbəxdə oturmalısan...- Bəs qadın həmrəliyi? Sizinlə təkcə kişi həmkarlarınız ədavət aparmır...- Parlamentdə olduğum müddətdə də, ondan sonra da qadın həmkarlarıma hər vəchlə dəstək olmağa çalışmışam. Onlar da çətin məqamlarda mənə dəstək olublar. Hər halda, düşünürəm ki, qadınların kişilər qədər pisliyi dəyməyib mənə.- Son vaxtlar siyasi aktivliyiniz azalıb. Bunun səbəbi nədir?- Mən elə düşünmürəm. Azərbaycanda uzun illərdir ki, bütün siyasi proseslər media üzərində cərəyan edir. Bircə həftə mətbuatın yayımı dayansa, hiss olunmaz ki, Azərbaycanda siyasi proseslərin dinamikası var, yoxsa yox. Siyasi qurumlar necə fəaliyyət göstərmələrinə rəğmən, az və ya çox dərəcədə öz mətbu orqanından asılı vəziyyətdədir. Hazırda media orqanlarım fəaliyyət göstərir. Az müddətdə çox böyük uğurlar əldə etmişik.”Gündəlik Teleqraf” kimi keyfiyyətli qəzet, az müddətdə ətrafına bu qədər izləyici toplayan Publika.az xəbər portalı mənimçün bir növ siyasi fəaliyyətdir. Davamlı olaraq yazılar yazıram. Elə son yazım bilirsiz ki, necə böyük rezonans doğurub, çoxlarını qıcıqlandırıb...- İstər Publika.Az, istərsə də “Gündəlik Teleqraf” qəzeti işıq üzü gördüyü ilk gündən tənqidlərə məruz qalır...- Yəqin, uğurlarımız olmasaydı, heç kimin yadına düşməzdik. Bizimlə bağlı çaşqınlıq var. Rəqiblərimiz təlaş içindədir. Qorxurlar ki, onları az müddətdə geridə qoyacağıq...- Beş, yeddi, hətta iyirmi illik fəaliyyəti olan mətbu orqanlar hələ 1 yaşı tamam olmamış bir saytla, bir qəzetlə necə rəqabətə girə bilir?- Əslində gülməlidir. Təsəvvür edin ki, sanki 20 yaşlı gənc 6 aylıq körpə ilə mübarizə aparır. Və ya beş yaşlı uşaq bir çağanı döymək istəyir. Mesajlar, ultimatumlar gəlir, redaksiyanın işıqları söndürülür, sayt çökdürülür, internet xəttimiz kəsilir. Amma bütün bunlar bizimçün kiçik problemlərdir. Hər şeyin öhdəsindən gəlmək üçün kifayət qədər potensialımız var. Heç nəyə əhəmiyyət vermədən işimizi görürük.- Elçibəyin zəhərləndirilərək öldürülməsi versiyası ilə bağlı son yazınız sosial şəbəkələrdə hələ də müzakirə olunur. Eynulla Fətullayevə nə olub, Sizcə?- O, Əli Kərimlini müdafiə etmir, həmişəki kimi öz oyununu oynayır. Kifayət qədər çirkaba bulaşmış adamdır. Tərcümeyi-halındakı ləkələr hamıya bəllidir. İndi istəyir ki, üz-gözünə bulaşmış ləkələri təmizləsin. Alınmır.- Amma o, boşanma xəbərinin Publika.Az-da verilməsini “vurulma planı” kimi qiymətləndirir.- Eynulla Fətullayev haqqında kifayət qədər ciddi materiallar var. Özü də bunu çox yaxşı bilir. Boşanmaq xəbəri nə vaxtdan bəri vurulmaq üçün silaha çevrilib? İkincisi, o, adi jurnalistdir, siyasi fiqur deyil. Sadəcə olaraq, həbsdə olanda ətrafındakı adamlar onu məhşurlaşdırdı, siyasi fiqura çevirməyə çalışdılar. Eynulla həbsdən çıxan kimi dostlarına sübut elədi ki, məni müdafiə etməklə həmişə olduğu kimi, boş-boş işlərlə məşğul olubsuz...- Rəhbərlik etdiyiniz mətbu orqanların uzun ömürlü olmayacağı da iddia edilir. Hətta bir ara vaxt qoymuşdular ki, 5 aydan sonra bağlanacaq...- Belə “xəbərlər” çox ola bilər. Yenə deyirəm, biz öz işimizlə məşğuluq. Publika.Az və “Gündəlik Teleqraf” heç vaxt bağlanmayacaq. Biz əsl media necə olar, hamıya sübut edəcəyik. Təsisçisi olduğum mətbu orqanlar kifayət qədər sərbəst, azad ruhlu mühitdə çalışır. Mən millət vəkili olduğum dövrdə elə media rəhbərləri var idi ki, işçilərinə məndən açıqlama almağı qadağan etmişdilər. Məni sevməyənləri çox yaxşı tanıyıram. “Gündəlik Teleqraf” və Publika.Az-da belə qadağalar yoxdur. Hətta mənimlə ədavəti olan insanları da mənim mətbu orqanlarım gündəmə gətirir. Buna çox normal yanaşıram.- Əvvəllər sizin redaktorunuz olan insanların indi sizin qəzetinizdə - rəhbərliyinizdə çalışması necə hissdir?- Azər Hüseynbala deməli, çox yaxşı jurnalist olub ki, onun yetirməsi yaxşı media orqanı yaradıb və onu da işləməyə dəvət eləyib. Bu durumdan çox məmnunam. Vaxtı ilə jurnalistikanı öyrəndiyim insanlar - Qurban Yaquboğlu, Zöhrab Əmirxanlı, Azər Hüseynbala ilə birgə çalışırıq. Bizim aramızda rəhbər-işçi münasibəti yoxdur, dostluq var.- Deyirlər, sizin böyük biznesiniz var. Mağazalar şəbəkəsi, kafe biznesi...- Düz deyirlər, mənim çox böyük biznesim var. Publika.Az, Teleqraf.com və “Gündəlik Teleqraf” mənim ən böyük biznesimdir. Saytımın izləyiciləri, həmçinin reklamvericilərin sayı sürətlə artır. Hər gün yeni oxucular qəzetə abunə olmaq üçün müraciət edir, bu, böyük biznes deyilmi? Kafe və mağazalara gəlincə, təəssüf hissi ilə bildirirəm ki, doğru məlumat deyil. Doğru olsaydı, çox sevinərdim...- Mediada kimlərlə dostluq edirsiz? Mətbuatda etibarlı dostunuz var?- Sayca az olsa da, var. Hətta fikir müxtəliflikliyinə baxmayaraq, müxalifət qəzetlərində dostlarım var. 10-15 il əvvəl münasibətlərimiz necə idisə, elə də davam edir. Bəziləri də müxtəlif təmənna ilə yaxın gəlirlər, istədikləri qarşılanmayanda yollar ayrılır. Məsələn, indi fəaliyyətini dayandırmış bir qəzet var ki, vaxtilə yorulmadan haqqımda yazırdılar. Xəbər göndərirdilər ki, onları hakimiyyətin yuxarı dairələri ilə əlaqələndirim. Məndən müsbət cavab almayanda daha da aqressivləşdilər... Səhvim ondadır ki, ədəbiyyata yaxın insanlar haqqında həmişə yüksək fikirdə olmuşam. Amma onlar özləri sübut etdilər ki, yaxşı şeir, yaxşı hekayə yazmaq hələ yaxşı insan olmaq demək deyil. Həmid Herisçinin bir sözü var. Deyir ki, imanlı dostları istedadlı dostlardan üstün tuturam. İndi mənimçün əxlaq və mənəviyyat istedaddan öndədir.- Sizin üçün əxlaq nə deməkdir?- Aldatmamaq, verdiyin sözə əməl etmək, dostları arxadan vurmamaq...- Qarabağlı olmaq nə deməkdir, Sizcə? Bu, adama hansısa divident gətirir? Ola bilərmi ki, məhz onlar başqaları ilə müqayisədə daha istedadlıdır?- Qarabağlı olmaq elə azərbaycanlı, türk olmaq deməkdir. Qarabağı görməyən, başqa regionlarda doğulub böyümüş insanlar var ki, Qarabağı qarabağlılardan daha çox sevir. Bu cür söhbətlərin aparılmasının əleyhinəyəm. Bölücük yaratmaq lazım deyil. Qarabağlılıq adama hansısa divident vermir. Bu, yaramazların ortaya atdığı mənasız söhbətlərdir.- Siyasət, ictimai həyat sizi qadın qeybətindən uzaqlaşdırmayıb ki?- Əksinə, mövzu rəngarəngliyi yaradıb. Qeybət deməzdim, ancaq günümüz elə keçir ki, kimsə kiminsə arxasınca gileylənməlidir. Narazılığını bildirməlidir. Bəzən adamı elə incidirlər ki, məcbur olub sən də ürəyini boşaltmalı olursan...- Ailə qurmağa necə qərar verdiniz? İlqar bəylə əvvəldən tanış idiniz?- Biz İlqarla mən deputat olmamışdan öncə tanış idik. Dostluq münasibətləri tədricən sevgiyə çevrilib. Ailə qurmuşuq. Evliliyimizin müzakirə olunmasını normal qarşılayırıq. İki insan əgər az-çox tanınırsa, onların həyatı başqaları üçün maraqlı olur. Əgər sadə evdar xanım olsaydım, mətbəxdə bozbaş bişirsəydim, yəqin ki, heç kimin yadına düşməyəcəkdim. Amma mənim hədəflərim var. Mətbəx məndən xeyli uzaqdadır.- Siyasi kariyeranızda hədəfiniz nədir?- Nə qədər mümkündürsə, irəliləmək. Hər halda, 29 yaşında millət vəkili ola bilmişəmsə, indi iddiam daha yüksəkdir.- Sizin üçün ən çox narahat olan insan kimdir?- Həyat yoldaşım. O, məni sevən insanların dostudur, sevməyənlərin düşməni. Bu cür münasibət onun ürəyindən gəlir. Biz sadəcə, həyat yoldaşı deyilik, həm də yaxın dostlarıq. Heç bir qərarı onsuz vermirəm. Həyat yoldaşım ən yaxşı məsləhətçimdir.- Heç qadınlardan ibarət siyasi partiya yaratmağı düşünmüsüz?- Heç bir siyasi təşkilatın üzvü deyiləm. Hazırda yeni siyasi təşkilata hansısa sosial sifarişin olduğunu düşünmürəm. Təbii ki, müxalifət partiyalarında ciddi islahatlara ehtiyac var. Fikir vermisinizsə, hakim partiyanı çıxmaq şərti ilə digər partiyalarda intellektual, yüksək səviyyəli, mövqeli qadın siyasətçilər yoxdur. Çox istərdim ki, qadınlar siyasi liderliyə can atsınlar, siyasi həyatda aktiv olsunlar. Amma hazırkı partiya liderləri ilə bu, mümkün deyil. Müsavat Partiyası 20 illik fəaliyyəti ərzində bir nəfər də olsa, qadın siyasi lider formalaşdırıb ortaya çıxarmayıb.- Elçin Əlibəyli ilə işləmək asandır?- Elçin Əlibəyli ilə işləmək həm çox rahat, həm də maraqlıdır. Mən artıq Publika.Az-dan arxayınam. Publika.Az xəbər portalı adını doğrultdu. Burda oxucuya gərək olan hər şey var. Saytımızın intellektual yükü hazırkı elektron media müstəvisində xüsusi seçilir. Bu, böyük nailiyyətdir.- Publika.Az-a açıq-saçıq şəkillərin, yazıların yayınlanmasından xoşlanmayanlar da var...- Xəbərə, informasiyaya hərə öz əxlaqından yanaşır. Biz hansısa zorlama faktını dəhşətlə təqdim edirik. İnsanlar bunu oxuyub nəticə çıxarmaq əvəzinə, don geyindirirsə, bu, onların əxlaqının problemidir. İstənilən media orqanı fəaliyyətə başlayanda hər tipli xəbər verməyə çalışır ki, özünə oxucu toplasın. Bu gün kifayət qədər tirajı olan media orqanlarının adını çəkə bilərəm ki, hamısı oxucu cəlb edən xəbərlərlə başlayıb. Xatırlayırsızsa, “Yeni Müsavat” qəzeti vaxtilə Nüsrət Kəsəmənli haqqında yazdığı bir xəbərə görə necə insident yaşamışdı. Qəzetin redaksiyasına gələn mərhum şairin hay-küyünün ardınca mətbuat konfransları keçirildi, hətta yanılmıramsa, məhkəməyə müraciət olundu. Bu, “Yeni Müsavat”ın tirajlanmasına ciddi təsir göstərdi. Və ya bir sayt uzun müddət müğənni Rəqsanənin uşağının atasının kimliyini araşdırdı... Türkiyə mətbuatına baxın, kifayət qədər konservativ cəmiyyət olan Türkiyədə bu məntiqlə gərək, “Milliyet”, “Hürriyet” və.s qəzetləri daşqalaq eləsinlər. Məncə, Publika.Az-a açıq-saçıq deyənlərin mediadan xəbəri yoxdur.- Sizə pul niyə lazımdır?- Arzularımı həyata keçirmək, insanlara kömək etmək, səyahət etmək, övladlarıma keyfiyyətli təhsil vermək üçün. Pul – mənimçün məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir.- Özünüzlə ünsiyyətə girməyə vaxtınız olur?- Əvvəllər daha çox olurdu.- İnanclı insansız?- Dindar olmasam da, Allaha çox böyük inancım var. Onu hər zaman yaxınımda hiss edirəm.- Heç Allaha üsyan elədiyiniz vaxtlar olub?- Olub. Doğmalarımı itirəndə çox sarsılmışam. Həmin vaxt insan hamıya, hər şeyə asi çıxa bilir.- Sizi nə ağlada bilər?- Acı söz, sərt baxış, bəzən bir musiqi. Məni ağlatmaq asandır.- Sizcə, bizim siyasətçilər sərbəst insanlardır?- Biz ümumiyyətlə, kompleksli cəmiyyətik. Bu, təkcə siyasilərə aid deyil. Yazılarında sərbəstlikdən dəm vuran yazarların özləri də şəxsi həyatlarında komplekslərin içində itib-batır. Konfranslarda qadın haqlarından, gender bərabərliyindən danışan QHT rəhbəri evində gündə 3 dəfə arvadını döyürsə, görün nə vəziyyətdəyik?- Rəşad Məcid deyir ki, gənc yazarların çoxu müftəxordur...- Müəyyən mənada haqlıdır. Əgər istedadlı bir cümlə yazmısansa, xalq sənə borclu deyil. İndiki yazarlar yazmaqdan çox özlərindən əvvəlkiləri tənqid etməklə məşğuldur. Həyatını Anarı, Elçin Əfəndiyevi tənqid eləməyə sərf edən gənclərin heç biri onlardan daha üstün bircə cümlə belə yazmayıb. Təəssüf ki, nə Anarın, nə Elçinin yazdıqlarına çatacaq roman və ya povest yoxdur ortada. Cavanların kitablarının yaxşıca redaktəyə ehtiyacı var. Şamaxılı Şamaxı, qarabağlı Qarabağ ləhcəsində yazır. İndiki gənclərin əsərləri sovet dövründə orta məktəb şagirdlərinin “xatirə dəftərləri”nə bənzəyir.- Sosial şəbəkələrdə niyə yoxsunuz?- Sosial şəbəkədə profilim vardı. Bağladım. Gizli profillərlə təhqir edən, söyüş söyən qaragüruhun toplaşdığı yerdə ola bilmərəm.- Qadın kimi hansı komleksləriniz var?- Bütün qadınlar hansı komplekslərdən əziyyət çəkirsə, mənim də eyni problemlərim var. Artıq çəki, çox yemək istəyi və s.- Bəs alış-veriş?- Alış-veriş təbii ki, ən gözəl məşğuliyyətdir. Depressiyadan çıxmaq üçün ən yaxşı vasitədir. Qadın üçün alış-veriş qədər sakitləşdirici heç nə yoxdur. İmkan düşdükcə mən də bu vasitədən istifadə edirəm.- Sizcə, çox dəyişmisiz?- Səbrsizlik baxımından bəli, çox dəyişmişəm. İş həyatı, gərginlik məni hövsələsiz və dözümsüz edib.- Allahla ünsiyyətdə olduğunuz vaxt ən çox nə istəyirsiz?