‘Heç bir bəhanə azərbaycanlı jurnalistin erməni mətbuatında işləməsinə haqq qazandıra bilməz’ – Əfsələddin Ağalarov

‘Heç bir bəhanə azərbaycanlı jurnalistin erməni mətbuatında işləməsinə haqq qazandıra bilməz’ – Əfsələddin Ağalarov
MEDİA
18:46 12.09.2014
2498

Ötən gün “Azadinform” saytına istinadən Azərbaycan vətəndaşı, mərhum professor Qeybulla Qeybullayevin qızı Arzu Qeybullayevanın Türkiyə ermənilərinin media orqanı olan “Aqos” qəzetində işləməsi ilə bağlı məlumat vermişdik.

Məlumat üçün qeyd edək ki, Türkiyə ermənilərinin türk və erməni dillərində çıxan qəzeti “Aqos” 1996-cı il aprelin 5-dən çap edilir. “Aqos” bitki əkmək üçün qazılan çuxur, çala mənasına gəlir.

Xatırladaq ki, “Aqos” bu gün erməni yalanlarının ən uğurlu təbliğat maşınlarından sayılır. Dünyanın “qədim”, “mədəni”, “haqsız basqılara məruz qalan” xalqı olan ermənilər Türkiyədə milli ideyalarını bu media orqanı ilə yayır.

Arzu Qeybullayeva modern.az-a müsahibəsində bildirib ki, onu bu addımına görə bəzən qınayanlar olur: “Amma bu, o demək deyil ki, mənim işim sırf kiminsə xoşuna gəlmirsə, işimi atmalıyam... Nə olursa-olsun, işimizə davam etməliyik".

Bəs görəsən, Azərbaycanda Arzu Qeybullayeva ilə həmfikir olan başqa bir həmkarımız varmı? Tanınmış qələm sahibləri erməni mətbu orqanlarında çalışmağa razı olarlarmı?

Musavat.com bu sualı jurnalistlərə ünvanlayıb.

Azxeber.com-un baş direktoru Əfsələddin Ağalarov sualımıza “yox” cavabı verir:“Bəzən Qərb və ABŞ jurnalistikasının kosmopolit düşüncəli ziyalıları “jurnalistin və informasiyanın vətəni yoxdur” kimi fikirlər səsləndirir və bunu jurnalistika prinsiplərindən biri olduğunu aşılamağa çalışırlar. Ancaq bu cür fikirlər zamanla özünün əksini göstərir. Gəlin yaxın keçmişə nəzər salaq. ABŞ ordusunun İraqa girməsi xəbərini ABŞ mediası bir müddət sonra verdi. Burada maraqlı sual ortaya çıxır. Niyə ABŞ-ın özünü müstəqil adlandıran mediası həmin vaxt “jurnalistin və informasiyanın vətəni yoxdur” prinsipi ilə hərəkət etmədi? Axı özləri bu “prinsip”ləri dünyaya təbliğ edir və buna əməl etməyənləri antidemokrat adlandırırlar. Düşünürəm ki, hər bir şəxsin peşəsindən öncə, onun tutduğu vətəndaşlıq mövqeyi daha önəmlidir. Əgər öz məmləkətinin 20 faiz torpağının işğal altında olduğunu, bir milyondan çox həmvətəninin məcburi köçkün həyatı yaşadığını, xalqının başına ermənilər tərəfindən “Xocalı” soyqırımının həyata keçirildiyini bilə-bilə düşmən mətbuatında işləməyi qəbul edirsənsə, o zaman sən nə azərbaycanlısan, nə vətəndaşsan, nə də jurnalist... Əgər hansısa üçüncü bir ölkədə fəaliyyət göstərən bir qəzet özünü “erməni qəzeti” kimi tanıdırsa və azərbaycanlı kimliyini unudan bir jurnalist gedib, həmin qəzetdə çalışırsa, bizə ancaq həmin şəxsə tutduğu bu “şərəfli” yolda uğurlar arzu etmək qalır. Hər halda heç bir bəhanə jurnalistə erməni mətbuatında işləməyə haqq qazandıra bilməz”.

Apa.tv-nin əməkdaşı, jurnalist Elnur Hidayətoğlu deyir ki, erməni mediasında çalışmaq, elə ermənilərə işləmək, onlardan biri olmaq deməkdir:“Erməni mediasında çalışmaq fikrimcə, satqınlıq və alçaqlıqdan başqa bir şey deyil. Bir jurnalist olmaqdan öncə, sən bu ölkənin vətəndaşısan, erməni işğalı nəticəsində 20 faiz torpağından hələ də məhrum olan, 1 milyon insanı didərgin yaşayan, yaşlısı, qadını, uşağı işğal zamanı vəhşilik görmüş, süngüdən keçmiş bir xalqın övladısan. Özümə söz vermişəm. Nəinki, erməni mətbuatında işləmək, hətta torpaqlarımız sülh yolu ilə qaytarılsa belə, ömrümün sonuna qədər hər hansı erməni ilə yoldaşlıq etsəm, onlarla yaxınlıq etsəm, bu vətənin övladı deyiləm, ən şərəfsiz insan, satqın bir bəndə olaram. Mən müharibənin ağrı acısını görmüş, uşaqlığı tankın, topun böyründə keçən, yaralı əsgəri qucaqlayıb, onlarla gecələyən, onların bitini-birəsini, üstünün qanını evinə gətirən o uşaq, bu günün jurnalistiyəm. Ona görə də, belə addımlara bu qədər aqressiv yanaşmam var və bu yanaşma heç vaxt dəyişməyəcək”.

“Qafqazinfo” saytının redaktoru Günel Əbilova da suala yox cavabı verdi:“Birincisi mən düşünmürəm ki, Ermənistanla bağlılığı olan mediada bir azərbaycanlının işləməsinə razı olsunlar. Əgər media sırf xəbərə xidmət etsəydi, mənim üçün Ermənistan da daxil olmaqla, hər hansı bir ölkədə işləmək problem olmazdı. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Ermənistan bizim üçün sıradan bir dövlət deyil. Bu baxımdan, erməni mediasında işləyəcəyimə inanmıram. Bu, elə bir mövzudur ki, çox danışmaq olar. Amma nəticə olaraq, bir fikrə gəlib, çıxacaqsan. Ona görə də, fikrimi qısa ifadə edirəm və “yox” deyirəm”.

“Yeni Müsavat” qəzetinin yazarı Aygün Muradxanlı da ermənilərlə hər hansı işbirliyinin əleyhinədir:“Təbii ki, onlarla işləmərəm. Çünki faktiki olaraq, bu dövlət mənim ölkəmlə müharibə şəraitindədir. Bu heç bir çərçivəyə sığmayan bir hərəkətdir. Əgər hətta söhbət “xalq diplomatiyası” ilə bağlı bir məqamdan gedərsə, mən yenə də düşünərəm. Çünki ermənilər dəfələrlə sübut ediblər ki, nə “xalq diplomatiyası”, nə də məsələlərə hər hansı sivil yöndən yanaşma onlar üçün qəbuledilməzdir və heç bir halda buna əməl etmirlər. Buna görə də, mən onlarla hər hansı işbirliyinə etiraz edərdim”.

"AzerFax" Agentliyini baş redaktoru Nicat Dağlar isə deyir ki, hər bir jurnalist çalışdığı media orqanının ictimai-siyasi, sosial-iqtisadi, dini və digər ideoloji məsələlərdə əsas tutduğu təbliğat kursunun müəyyən mənada, təəssübkeşidir:“Bu baxımdan, azərbaycanlı jurnalistin erməni qəzetində çalışmasını adi hal kimi qarşılaya bilmərəm. Qeybullayeva soyadlı xanım barədə oxuduğum xəbərlər onun kifayət qədər mükəmməl təhsil aldığını göstərir və məncə o, nəinki Türkiyədə, istənilən Avropa ölkəsində özünə daha gəlirli iş yerləri də tapa bilərdi. Onun Avropada təhsil alaraq, gəlib, erməni qəzetinə sığınmasında şübhəli məqamlar axtaranları qınamaq olmaz. Mətbuatın yazdıqlarından belə məlum olur ki, həmin qəzet Azərbaycana qarşı təxribat xarakterli materiallar yayır, dövlətimizə qarşı qərəzli mövqe nümayiş etdirir. Zatən başqa münasibət də gözləməyə dəyməz. Məncə ermənilərin qəzetində işləmək, ermənilərə işləmək anlayışı ilə ekvivalentlik təşkil edir”.

Telejurnalist Mahir Məmmədli ermənilərə məxsus mətbuat orqanında çalışmağın əleyhinədir:“Çalışmazdım, tәbii ki... Әvvәla, ermәni KİV sahibi ilә maraqlarımız üst-üstә düşmәzdi, proseslәrә vә hadisәlәrә baxışlarımız fәrqlәnәrdi. İkincisi, mәnim üçün maaşı kimdәn almağın önәmi böyükdür. Ermәni KİV sahibindәn maaş alıb, onu evimә gәtirmәk istәmәrәm. Nәinki, ermәni qәzetindә işlәmәk, heç ermәnilәrlә birgә layihәlәrdә dә iştirak elәmәrәm. Amma bu, heç dә o anlama gәlmir ki, nә vaxtsa ermәnilәrlә eyni layihәlәrdә iştirak etmiş hәmkarlarımı qınayıram. Bu, mәnim şәxsi seçimimdir, Vәtәni, millәti daha çox sevmәk göstәricisi deyil”.

Adının çəkilməsini istəməyən jurnalistlərdən biri isə A. Qeybullayeva ətrafında gedən söz-söhbətlərin əsassız olduğunu bildirir:“Aqos” hazırda münaqişələrin sülh yolu ilə tənzimlənməsi istiqamətində yazılar verir. Ötən il Xocalı ilə bağlı azərbaycanlıların da fikirləri dərc edilmişdi və hər kəs burada erməni vəhşiliyindən yazırdı. Arzunun əslən türk olmadığını qabartmaq isə etnik ayrıseçkilik salmaqdır və bu, doğru deyil”.

Nərgiz Liftiyeva

OXŞAR XƏBƏRLƏR