Bəzən insan heç fərqinə varmadan dərindən nəfəs alıb ah çəkir. Bu hal xüsusilə yorğunluq, gərginlik, əsəb, kədər və ya rahatlama anlarında daha çox müşahidə olunur. Bir çox insan bunu sadəcə psixoloji vəziyyətlə əlaqələndirsə də, ah çəkməyin orqanizmdə mühüm fizioloji funksiyası da var.
AZXEBER.COM xəbər verir ki, elmi araşdırmalara görə, ah çəkmək normal tənəffüs prosesinin bir hissəsidir və ağciyərlərin fəaliyyətinin qorunmasına kömək edir. İnsan normal nəfəs alarkən ağciyərlərdəki bəzi kiçik hava kisəcikləri, yəni alveollar kifayət qədər açılmaya bilər. Dərin nəfəsalma isə onların yenidən açılmasına və ağciyərlərin elastikliyinin qorunmasına kömək edir.
Ah çəkmək ağciyərlər üçün nə edir?
Ah adi nəfəsdən daha dərin nəfəsalma ilə müşayiət olunur. Araşdırmalarda onun ağciyərlərdə alveolların çökməsinin qarşısını almağa və normal ağciyər mexanikasının saxlanmasına kömək etdiyi göstərilir. Buna görə də insanın müəyyən aralıqlarla özündən asılı olmadan dərindən nəfəs alması normal fizioloji proses hesab olunur.
Yəni insanın hər ah çəkməsi mütləq kədər, əsəb və ya yorğunluq demək deyil. Bəzən orqanizm sadəcə tənəffüs sisteminin normal fəaliyyətini davam etdirmək üçün daha dərin nəfəsə ehtiyac duyur.
Bəs niyə əsəbiləşəndə və stress zamanı daha çox ah çəkirik?
Ah çəkmə yalnız ağciyərlərlə bağlı proses deyil. Onun emosional vəziyyətlə də əlaqəsi var. Elmi icmallarda ah çəkmənin insanın psixofizioloji vəziyyətinin dəyişməsində və nəfəsalma ritminin yenilənməsində rol oynaya biləcəyi qeyd edilir.
Məsələn, insan gərgin vəziyyətdə olarkən nəfəsalma ritmi dəyişə bilər. Dərin nəfəs isə həmin ritmin yenidən tənzimlənməsinə kömək edə bilər. Buna görə insanın çətin və ya gərgin vəziyyətdən sonra dərindən ah çəkərək rahatlaması təsadüfi deyil.
Maraqlıdır ki, bir araşdırmada insanların stress vəziyyətindən çıxaraq rahatlama mərhələsinə keçdikləri zaman daha çox ah çəkdikləri müəyyən edilib. Başqa bir tədqiqatda da ah çəkmənin rahatlama və nəfəs darlığının azalması ilə əlaqəli olduğu göstərilib.
"Ah çəkdim, rahatladım” hissinin elmi izahı var
İnsanların "ürəyimdən daş götürüldü” kimi təsvir etdiyi rahatlama hissinin arxasında nəfəsalma mexanizmi də dayana bilər. Araşdırmalarda ah çəkmənin həm nəfəsalma sisteminin, həm də emosional vəziyyətin "yenilənməsinə” kömək edən mexanizm kimi çıxış edə biləcəyi irəli sürülür.
Bu səbəbdən insan imtahandan, gərgin söhbətdən və ya stresli hadisədən sonra qeyri-ixtiyari şəkildə dərindən nəfəs ala bilər. Orqanizm, necə deyərlər, öz daxili "restart” düyməsinə malikdir. İnsan bədəni texnologiyanı təqlid etməkdə də kifayət qədər inadkardır.
Tez-tez ah çəkmək nə vaxt diqqət tələb edir?
Arabir ah çəkmək normal fizioloji davranışdır. Lakin insan gün ərzində davamlı olaraq dərindən nəfəs almağa ehtiyac hiss edirsə, nəfəsalma ritmi pozulursa və bununla yanaşı nəfəs darlığı, sinədə sıxılma, başgicəllənmə və ya digər narahatlıq əlamətləri yaranırsa, bunu yalnız stresslə əlaqələndirmək düzgün deyil.
Elmi ədəbiyyatda "periodik dərin ah çəkmə” bəzi tənəffüs pozuntularının əlaməti kimi də təsvir olunur. Xüsusilə tez-tez və nizamsız ah çəkmə nəfəsalma mexanizmindəki problemlərlə əlaqəli ola bilər.
Bu baxımdan insanın tez-tez ah çəkməsini avtomatik olaraq "əsəbidir”, "kədərlidir” və ya "yorğundur” kimi qiymətləndirmək doğru deyil. Bunun arxasında həm normal fizioloji proses, həm emosional vəziyyət, həm də müəyyən hallarda tənəffüs problemi dayana bilər.
Fəridə Əsədzadə







































