Heç ölünün də qıdığı gələr?

Heç ölünün də qıdığı gələr?
Bütün Xəbərlər
15:35 24.09.2013
2040

Əfsələddin Ağalarov

Bəşir Səfəroğlunun məşhur “Ölünün də qıdığı gələr?” səhnəsi indi çox az adam üçün gülməlidir. Amma vaxt var idi, tamaşaçılar həmin səhnəyə baxandan sonra ayağa durub əllərinin içi qan çanağına dönənə qədər çapan çalırdılar. İndi isə nəinki bu səhnəyə gülən, heç rəhmətliyi yada salan da yoxdur.

Çərxi-fələk elə gətirdi ki, bu şou-biznes deyilən bəlanı başımıza qaxınc eylədilər. Səhnəmizi şirlər, pələnglər, əjdahalar, timsahlar işğal etdi. İndi vəziyyət o yerdədir ki, qıdığı gələn ölülərdən çox, qıdığı gəlməyən ölülər səhnədə at belindən düşmür. Millətin adından danışan kim, orasını-burasını açıb Azərbaycan qadınının şərəf-ləyaqətini dilinə gətirən kim, bir kişidə farağat dura bilməyib özündən ləyaqətli qadın obrazı yaradan kim.

Elə götürək ötən gün son dəfə hansısa kişinin yatağında keçinməsi ilə bağlı xəbərləri yayılan, adı dillər əzbəri olan, neçə-neçə gəncin kişiliyə keçid dönəmində xəyallarını süsləyən, səhnə performansı ilə deyil, yataq performansı ilə böyük alqış alan Bagira adlı müğənninin ölümünü. Bilməyənlər üçün deyim ki, bu xanımın bir neçə gün bundan öncə ölüm xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Bagira QİÇS xəstəliyindən dünyasını dəyişib. Xülasə, bu gün bu iddiaların yalan olduğu ortaya çıxdı. Belə ki, artıq Bagira Elgizin verilişinə zəng edərək sağ-salamat olduğunu deyib. Hələ bu son deyil. Bunun əlavələri də var. Deməli, Bagira artıq 4 ildir ki, İstanbulda yaşadığını və ərdə olduğunu, ərinin onu çirkab içindən çıxararaq evinin qadını etdiyini deyib. Bir sözlə, ölməyib Bagira. Sağ-salamatdır və ailəsi ilə xoşbəxt yaşayır.

Deyəcəm, deyəcəklər ki, yenə yekə-yekə kağız qələmi götürüb əlinə, ağzına gələni püləyir göyə. Amma gərək düzə düz, əyriyə əyri olasan. Bu bir gerçəklikdir ki, bu gün Azərbaycan cəmiyyətində xəstə təfəkkürlü insanların yaranmasında birbaşa vasitəçi rolunu oynayan kəslər məhz bu cür insanlardır. Bu insanların səhnəyə çıxmasına şərait yaradanlar isə ikiqat günahkardır. Gənclərə aşılanan bu cür olayların altında bu sözlər yatır: “Bütün qələtləri etdim, sonra evləndim. İndi tövbə etmişəm və bütün qələtlərim bağışlanacaq”.

Məhz Bagira kimi şəxsləri ictimai qınağa tutmamaqla, onları ictimai sillədən kənarda saxlamaqla yeni yetişməkdə olan nəslə Bagira və ona bənzər nümunələri sırıyırıq. Onları sanki gələcəkdə bu cür olmağa təhrik edirik. Belə-belə özümüzə iynə ilə gor qazırıq. Əslində, bu təfəkkür artıq öz meyvələrini yavaş-yavaş verməkdədir.

Samiraldolar, Zoriklər, Bagiralar, Toliklər və daha bir çoxları populyarlıq qazandıqca bizim cəmiyyətin xəstəliyi bir az daha ağırlaşır. Özümüzə canlı ölülər yetişdiririk. Axırda nə dəyərlər qalır, nə də onları qoruyacaq kəslər. Bizlərsə Kefli İsgəndər kimi sonda monoloqumuzu deyib çəkilək bir küncə. Onsuz da onun kimi özümüz deyirik, özümüz yazırıq, özümüz də nəticə çıxarırıq. Bunun qarşılığında isə Şeyx Nəsrullahlar səhnələrdən sağ qalanların beynini öldürməyə və yeni yetişən nəsli məhv etməyə davam edir.

OXŞAR XƏBƏRLƏR