“Heç olmasa biri sağ qalaydı...” 3 uşağı boğulan ana

“Heç olmasa biri sağ qalaydı...” 3 uşağı boğulan ana
Bütün Xəbərlər
16:33 09.08.2014
13028
Cəbhədə 15 şəhid verdiyimiz bir vaxtda daha bir dəhşətli xəbər Azərbaycan ictimaiyyətini sarsıtdı. Avqustun 6- da iki ailənin 5 azyaşlı uşağı Şüvəlan çimərliyində, “Mayak” adlanan ərazinin qeyri-çimərlik sahəsində suda boğularaq dünyasını dəyişdi. Azyaşlılardan, 10 yaşlı Kəmalə, 9 yaşlı Elgün və 6 yaşlı Fariz Əliyevlər ailəsinin, 14 yaşlı Aydan və 13 yaşlı Hüseyn isə Fərziyevlər ailəsinin övladlarıdır.
Ölən uşaqlardan üçünün cəsədi dərhal tapılsa da, qalan ikisinin axtarışı bir sutkadan artıq çəkib. Avqustun 7-də Kəmalə Əliyevanın, bir gün sonra isə Fariz Əliyevin cəsədi tapılıb, uşaqlar Mir Möhsün ağa ziyarətgahının yaxınlığındakı qəbiristanlıqda dəfn olunublar.

Dəhşətli faciə yaşayan bu ailənin dərdinə şərik olaraq musavat.com - un əməkdaşı onların evinə baş çəkib.

Eyni taleyi yaşayan iki qonşu

...Şüvəlan qəsəbəsində eyni məhəllədə iki qonşunun evində yas çadırı qurulub. Dünyasını dəyişən 5 azyaşlı körpənin 3 mərasimi keçirilir. Hadisəni eşidib-bilən hər kəs bu ailələrə dəstək olmağa gəlib. Hər iki evdən gələn ağlaşma, ah-nalə səslərini sözlə ifadə etmək mümkün deyil. Hər kəs hadisənin dəhşətindən danışır, valideynlərin halına göz yaşı tökürlər...

Zərərçəkənlərin dediyinə görə, həmin gün uşaqlar dənizə xəbərsiz gediblər. Şahidlər uşaqların bir anda dalğaların arasında yox olduğunu deyirlər. Həmin an sahildə 5-dən çox adam olsa da, güclü dalğa səbəbindən heç kim suya baş vura bilməyib.

Hər iki qonşu, uşaqlarının evdə olmadığın hiss etdikdən sonra onları axtarmağa başlayıblar. Eşitdikləri xəbər isə onların dünyasını alt-üst edib. Valideynlər xəbər tutanda artıq gec imiş...

Qohumlarının sözlərinə görə, Fərziyevlər ailəsinin xanımı hadisədən şok keçirib. Ancaq indi vəziyyəti nisbətən normaldır.

Heç olmasa, biri sağ qalaydı...

Batan üç uşağın anası İlahə Əliyeva övladlarının ilk dəfə ondan xəbərsiz dənizə getdiyini deyir: “Heç vaxt məndən xəbərsiz getməzdilər. Başım işə qarışmışdı. Bir də gördüm ki, uşaqlar yoxdur. Qonşuya getdim, qardaşıma zəng elədim, heç kimdə tapa bilmədim. Sonra eşitdim ki, dənizdə uşaq batıb. Paltarlarını görməsəydim inanmazdım ki, mənim uşaqlarımdır. Heç olmasa biri sağ qalaydı, dərdimi onunla ovudardım” .

Uşaqların atası Qafil Əliyev hadisə vaxtı işdə olduğunu və xəbəri telefonda aldığını deyir: “Yoldaşım mənə zəng elədi ki, uşaqlar dənizdə boğulub. Mən evə çatanda artıq gec idi. Uşaqlardan ikisinin cəsədini çox çətinliklə tapdılar”.

Qeyd edək ki, avqustun 8-də səhər saatlarında sahildən 6 km məsafədə cəsədi tapılan ailənin sonbeşiyi Fariz bu il birinci sinfə gedəcəkdi. Onun iki ay öncədən aldığı məktəbli forması indi ondan anasına qalan son yadigardır.

Övlad acısı yaşayan Qafil və İlahə Əliyevaların durumu yaxınlarını narahat edir. Qohumların sözlərinə görə, ötən gün bir neçə dəfə Qafil Əliyevin vəziyyəti pisləşib, bayılıb, onu çətinliklə ayıldıblar. Ailənin yenidən özünü bərpa etməsi üçün psixoloji dəstəyə ehtiyac var.

Əliyevlər ailəsinin yarımçıq qalan arzuları

Qafil Əliyev Şüvəlan qəsəbəsində yerləşən bu evə bir il əvvəl köçüb. Gündüzlər fəhlə, gecələr nəzarətçi işləyən bu gənc qazandığı pulla həm ev tikib, həm də 3 övladını böyüdüb. Əzab - əziyyətlə tikdiyi 2 otaqlı, təmirsiz ev isə artıq onun xoşbəxtliyinin məzarı olub. İndi nə verilən təsəllilər, nə deyilən sözlər onun dərdini ovutmur. Son beşiyini bu gün səhər saatlarında dəfn edən ata bunu Allahın yazdığı tale hesab edir: “Allaha qurban olum, nə etmək olar. Övlad da onun verdiyi nemətdir. Verəndə sevinirik, alanda kədərlənirik.”

Qafil Əliyev bu il məktəbə gedəcək oğlunun çox böyük həvəslə hazırlaşdığını, arzularının yarımçıq qaldığını deyir.

İki gündə 6 nəfərin məzarı olan çimərlik

Hər iki ailəyə baş sağlığı verib hadisənin baş verdiyi əraziyə yollanırıq. Şüvəlanda “Mayak” adlanan bu ərazi qeyri –çimərlik sahəsidir. Ancaq ətrafdakı çimərliklərə giriş pullu olduğundan bu qəsəbənin sakinləri qadağan olunmuş ərazidə sərinlməyə üstünlük verirlər. Sakinlərin sözlərinə görə, bu ərazidə külək və dalğalar güclü olduğundan suya baş vurmaq ölümə bərabərdir. Sakinlər deyir ki, bütün bu hadisələrin baş verməsinə rəğmən, yenə də burada çimməyə cəhd edənlər var. Ötən gün 15 nəfər polis əməkdaşları çimərliyə gələrək insanları qadağan olunmuş ərazidən uzaqlaşdırıblar.

Biz hadisə yerində olduğumuz zaman Fövqəladə Hallar Nazirliyin Dövlət Sulardan Xilasetmə xidmətinin əməkdaşları təhlükəsizlik tədbirlərini davam etdirirdilər. Xilasetmə və Dalğıc işləri üzrə şöbə müdiri Elsevər Həsənov uşaqların axtarışını davam etdirən zaman daha 4 nəfərin boğulma təhlükəsi ilə üzləşdiyini bildirdi. Onlardan üçü xilas edilsə də, bir nəfəri - 24 yaşlı gənci xilas etmək mümkün olmayıb. Onun cəsədi də dünən səhər saatlarında çox böyük çətinliklə tapılıb. Şöbə müdirinin sözlərinə görə, son iki gündə 8 nəfər boğulmaqdan xilas olunub: “Bu barədə dəfələrlə xəbərdarlıq olunub. Ancaq yenə də insanlar qeyri- çimərlik ərazilərində, su hövzələrin çimməkdə davam edirlər. Nəticədə bu cür faciələr baş verir. ”

Elsevər Həsənov xüsusən valideynlərdən, azyaşlı uşaqları çimərliyə gətirərkən diqqətli olmağı xahiş edib.

musavat.com

OXŞAR XƏBƏRLƏR