Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı

Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı
MARAQLI
02:06 23.10.2026
157
"Orqanizmdə yod çatışmazlığının qarşısını almaq üçün gündəlik qidalanmada yodlaşdırılmış duzdan istifadə etmək və rasiona dəniz məhsulları daxil etmək lazımdır".

Bunu rusiyalı həkim-endokrinoloq, professor Mariya Matveyeva "İzvestiya" nəşrinə açıqlamasında deyib.

"Müxtəlif hesablamalara görə, əhalinin təxminən 40%-i qalxanabənzər vəzinin xəstəliklərindən əziyyət çəkir və bu halların 80%-i qidalanmada yodun azlığı ilə əlaqədardır. Profilaktikanın ən asan və səmərəli yolu gündəlik olaraq yodlaşdırılmış duzdan istifadə etmək və dəniz məhsullarını rasiona daxil etməkdir", - deyə mütəxəssis izah edib.

Həkimin sözlərinə görə, yetkin insanların gündəlik yod ehtiyacı təxminən 150 mkq, uşaqlarda 70-150 mkq, hamilə qadınlarda isə 220 mkq təşkil edir. Bu vacib mikroelement maddələr mübadiləsində iştirak edən, bədən hərarətini və ürək döyüntüsünü tənzimləyən, həmçinin əzələ tonusunu və reproduktiv funksiyanı qoruyan qalxanabənzər vəzi hormonlarının sintezi üçün zəruridir.

Endokrinoloq vurğulayıb ki, yodun ən əlçatan mənbələrindən biri yodlaşdırılmış duzdur. Bu məhsulun qaranlıq yerdə, ağzı kip bağlanan qabda saxlanılması tövsiyə olunur. Duzun yeməklərə bişdikdən sonra, onlar soyuduqda əlavə edilməsi məsləhətdir. Çünki uzunmüddətli istilik təsiri yodun bir hissəsinin itkisinə səbəb ola bilər.

Mütəxəssis əlavə edib ki, həftədə iki-üç dəfə istehlak edilməsi tövsiyə olunan dəniz məhsulları da yodla zəngindir. Bundan başqa, yumurta, kəsmik və südün tərkibində də az miqdarda yod var.

Bununla yanaşı, ekspert yod tərkibli preparatların və bioloji fəal əlavələrin həkim məsləhəti olmadan qəbul edilməməsini tövsiyə edib. Belə ki, yodun həm çatışmazlığı, həm də həddindən artıq qəbulu qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərə bilər.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR