Hakim partiya rəsmisi hesab edir ki, Azərbaycan sovet sistemdən çıxıb müstəqillik qazandığı dövrdə müxtəlif dövlətlərin kəşfiyyat orqanları yaranmış boşluqdan istifadə edib və indi üzə çıxarılan şəbəkə ölkə müstəqillik qazandığı ilk illərdən fəaliyyət göstərir. O qeyd edib ki, xarici kəşfiyyat əvvəllər onlara işləyən qüvvələrdən istifadə edir: “Milli azadlıq hərəkatı zamanı və sonrakı dövrlərdə xarici ölkələrin kəşfiyyatları öz nümayəndələrini müxtəlif təşkilatlara yerləşdiriblər. Bəzi hallarda təşkilatın rəhbərləri də xarici kəşfiyyata işləyirdi. Bu proses hazırda da davam edir. Bəzi partiyaların rəhbərləri, xüsusən də QHT sektorunda çalışan bəzi şəxslər xarici ölkə kəşfiyyatına xidmət edirlər.
İndi xarici kəşfiyyatın öz maraqlarını siyasi partiyalar vasitəsilə həyata keçirməsi bir o qədər də asan deyil. Ona görə də QHT sektoruna üstünlük verirlər. Əvvəla, QHT-ləri maliyyələşdirmək daha asandır, bununla bağlı qadağalar yoxdur, müxtəlif layihələr vasitəsilə onlara pul vermək mümkündür. Amma qanun siyasi partiyaların xaricdən maliyyələşdirilməsini qadağan edir. İkincisi, QHT-ləri müxtəlif yerlərə göndərmək, hansısa adlar altında gizlətmək daha rahatdır. Həmin qüvvələr QHT-lər vasitəsilə Azərbaycan əleyhinə iş aparmağa başlayıblar. İndi də hüquq mühafizə orqanları onları ifşa edib”.