Həmkarlar İttifaqının üzvlük haqqını ödəməyənlər cərimələnəcək

Həmkarlar İttifaqının üzvlük haqqını ödəməyənlər cərimələnəcək
Bütün Xəbərlər
13:45 28.12.2012
6713

APA-nın xəbərinə görə, sənəd haqqında parlament üzvlərinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

Əli Hüseynli deyib ki, müəssisələr həmkarlar təşkilatı üçün nəzərdə tutulan üzvlük haqqını mühasibatlıq vasitəsi ilə 4 gün ərzində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının hesabına köçürülməlidir. 

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, əgər bu vəsait 4 gün ərzində həmkarlar ittifaqı təşkilatının hesabına köçürülməzsə, mülkiyyət formasından asılı olmayaraq müəssisənin vəzifəli şəxsləri 1500 manatdan 2000 manata qədər cərimə olunacaq. 

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, son illərlə qədər transmilli şirkətlər həmkarlar ittifaqlarının yaradılmasına ciddi şəkildə mane olublar: “Məsələn, BP-nin ayrı-ayrı qurumlarında bu problemlər var. Səttar Mehbalıyevdən xahiş edirəm ki,  bu qurumlarda olan vəziyyət barədə bizə məlumat versin”.

Millət vəkili Zahid Oruc qeyd edib ki, Azərbaycanda xarici təşkilatlarda ya həmkarlar ittifaqları yoxdur, ya da həmin həmkarlar təşkilatlarının rəhbərləri elə şirkətlərin özü tərəfindən təyin olunur. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, həm özəl, həm də dövlət müəssisələrində həmkarlar ittifaqları üçün üzvlük haqqı tutulsa da, həmin vəsaitin həmkarlar ittifaqlarının hesablarına köçürülməsində problemlər müşahidə olunub: Ödəmə yoxdursa, bu, mənimsəmədir. Söhbət milyonlarla manatın mənimsənilməsindən gedir. Transmilli şirkətlərdəki vəziyyətə gəldikdə, bu problemə qarşı böyük mübarizə aparmışıq. Hazırda xarici təşkilatların 50-55 faizində həmkarlar ittifaqları yaradılıb”. 

Səttar Mehbalıyev qeyd edib ki, bəzi xarici şirkətlər öz daxillərində yenə də həmkarlar ittifaqlarının yaradılmasına maneçilik törədirlər: “Bəzi xarici şirkətlər bizim işçilərlə görüşlərimizə mane olur. Digər problem odur ki, biz istəyirik ki, transmilli şirkətlərin qazanclarının müəyyən hissəsini o müəssisələrdə çalışan Qarabağ əlillərinin, şəhid ailələrinin, işçilərin ehtiyaclarının təmin olunmasına, istirahətinə sərf etsinlər. Məsələn, ARDNŞ bu istiqamətdə addımlar atır”. 

Səttar Mehbalıyev onu da bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu il 365 müəssisədə həmkarlar ittifaqlarının yaradılmasına nail olub: “Biz qeyri-məşğulluqla da mübarizə aparırıq. İnsanlar evdə çalışırsa, tutaq ki, dayəlik edirsə, ev sahibi ilə müqavilə bağlamalıdır. Müqavilədə iş saatları və digər şərtlər əks olunmalıdır. Ölkə prezidentinin əmək müqaviləsinin imzalanması ilə bağlı tapşırığından sonra 350 min insanla əmək müqaviləsi bağlanıb”. 

Spiker Oqtay Əsədov isə Səttar Mehbalıyevin mənimsəmə ilə bağlı fikrinə etiraz edib: “Həmkarlar təşkilatına ödənilməli olan üzvlük haqlarının mənimsənildiyini deyirsiniz. Bu vəsaitləri “mənimsəyir” yox, “başqa istiqamətlərə xərcləyirlər” demək daha yaxşı olardı”. 

Müzakirələrdə sonra sənəd qəbul olunub, bununla əlaqədar Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilib.

OXŞAR XƏBƏRLƏR