“Hər il əsgərlərə 20-30 ədəd bağlama hazırlayırdıq” – MÜSAHİBƏ

GƏNCLİK
13:10 29.09.2011
1934

Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

AZXEBER.COM portalı İsmayıllı rayonunun Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasovun müsahibəsini təqdim edir.

- Bildiyiniz kimi Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı çərçivəsində İsmayıllı rayonuda iştirak edəcək. Sizcə, İsmayıllı rayonu festivalda layiqincə təmsil olunacaqmı?

Bu gün Azərbaycan gəncliyinə verilən önəm hamımızın sevincinə səbəb olur. Çünki bu günün gənci hər şeyi bilən gəncdir. Gənclərlə bağlı festival keçirilməsi, tamaşalar hazırlanması önəm daşıyan işdir. Biz - ismayıllılar da çalışacağıq ki, İsmayıllı gəncləri bu festivalda fəal iştirak etsinlər və rayonumuzu yüksək səviyyədə təmsil etsinlər. İstərdim ki, gələcəkdə də bu iş davam etdirilsin. Rayonlarla da davamlı əlaqələr saxlanılsın ki, rayonlarda olan yaradıcı gənclər üzə çıxarılsın. Biz özümüz də bu işlə məşğuluq. Bizim öz incəsənət məktəbimiz var və rayonda olan 108 kəndə müraciət etmişik ki, istedadlı gənclərin üzə çıxarılmasına kömək olsunlar.

- Sizcə, Azərbaycan gənclərinin vətənpərvərlik haqqında düşüncələri necədir?

- Ümumiyyətlə, respublikamızda gənclər arasında vətənpərvərlik mövzusu diqqət mərkəzindədir. İsmayıllı gəncləri də vətənpərvər ruhda tərbiyə alırlar. Respublikada keçirilən “Şahin” və “Cəsurlar” idman oyunlarında bizim rayonumuz həmişə birinci yerə çıxır. Bu elə vətənpərvərliyə, hərb sahəsinə olan meylin göstəricisidir. Biz tez-tez bu mövzuda gənclərlə dəyirmi masalar, görüşlər keçiririk. Və buradan aydın olur ki, indiki gənclər müharibə görsə də, görməsə də, daim Qarabağ hadisələri ilə maraqlanırlar. Hər qarış torpağımızın öz əlimizdə olmasına çalışırlar. Ümumiyyətlə, bu məsələ gənclər arasında gündəmdədir. Bütün təşkilatlarda da gənclər irəli çəkilir. İsmayıllıda təhsil çox güclüdür. İsmayıllıdan ali məktəblərə bu il 270 nəfər qəbul olunub. Bu da İsmayıllı gənclərinin bacarıqlı olmasını göstərir. - İsmayıllıda Milli Qəhrəman varmı?

İsmayıllıda iki Milli Qəhrəman var. Onların adına müxtəlif yerlər mövcuddur. Bizim rayonda 1941-1945-ci illərə həsr olunmuş, Şəhidlər Xiyabanının yanında yerləşən ana abidəsi də var. Bu il həmin abidə Rayon İcra Hakimiyyəti tərəfindən yenidən təmir edildi. Bu Şəhidlər Xiyabanında həm rayonun özündən olan şəhidlər, həm kəndindən olan şəhidlər dəfn olunub ki, bayramlarda, tarixi günlərdə biz onları tez-tez yad edirik. Bunlar da vətənəpərvərliyi gənclərə aşılamaq üçün bir vasitədir. - Siz məktəb direktoru olarkən şagirdlərə vətənpərvərlik ruhu aşılamaq üçün nə edirdiniz? Mən yeddi il məktəb direktoru işləmişəm. Yeddi il də təhsil şöbəsində işləmişəm. Məktəb direktoru vəzifəsində işləyərkən hər il 20 Yanvarda və başqa tarixi günlərdə əklillər hazırlayırdıq. Mən Kürdbaşı kəndində yaşayıram, orada bizim dörd şəhidimiz var. Hər il dörd əklil düzəldib şəhidlərin məzarına qoyurduq. Əklilləri uşaqlar öz əlləri ilə hazırlayırdı, məktəbdə yığıncaq keçirirdik və məktəbin müəllim kollektivi və şagirdləri ilə birlikdə şəhidlərin məzarı üstünə gedirdik. Bununla bağlı məktəbdə guşə də yaratmışdıq. Bundan başqa, hər il əsgərlərə 20-30 ədəd bağlama hazırlayırdıq. Hər sinif bir əsgər üçün hazırlayırdı. Məktub yazırdılar, bayram payları göndərirdik. Belə bir adət-ənənə yaratmışıdım. Bunu da qeyd edim ki, bunlar hazırlananda pul yığmaq məsələsi yox idi. Hərə öz evində olandan gətirirdi. Belə şeyin bütün respublikada olmasını istəyərdim. Belə olduqda əsgər düşünür ki, məni sevirlər, düşünürlər, yad edirlər. Bu ona böyük mənəvi dayaq olur.

- Sizin də Milli Qəhrəmanlarınız var. Onların adına hər hansı festival keçirməyi düşünmürsünüz?

Mən gənclərin yaradıcılığını çox dəstəkləyirəm. Və sizinlə bu festival haqqında danışandan sonra düşünürəm ki, biz də rayon səviyyəsində, festival olmasa da, ən azından, tədbir keçirə bilərik. Yaxud tamaşa qura bilərik. Mənim ən böyük arzum bu rayonda teatr yaratmaqdır.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR