Paytaxt bulvarında ölümün üzünü görən gənc danışıb
Oxuyan hər kəsin ürəyini sızladacaq həyat dramı Bakı şəhərində yaşanıb. Xəstə anasını sağaltmaq üçün pul dalınca Xaçmazdan paytaxta gələn 21 yaşlı Sahil Gülməmmədov dünən özünü öldürmək qərarına gəlib.“Gəncin bu addımı iradəsizlikdir. Başa saldıq ki, həyat mübarizədir, çətinlik də olar. Cavan oğlansan, çətinliklərə sinə gərmək lazımdır, həyatın hələ qarşıdadır”, - dünən ölümdən son anda qurtulan S.Gülməmədovla ilk söhbət edən şəxs, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin təhqiqatçı İbrahim Novruzov milli.az-ın əməkdaşı ilə söhbətə belə başlayıb.Təhqiqatçıdan öyrəndik ki, S.Gülməmmədovun atası 6 aya yaxındır Rusiyaya işləməyə gedib, hələ də ondan səs-soraq yoxdur. Ailənin bütün yükü Sahilin üzərinə düşüb. Tələbə qardaşını, yeni əməliyyat olunan anasını dolandırmaq üçün Xaçmazdan Bakıya işləməyə gəlib. Müxtəlif vaxtlarda tikintilərdə fəhlə işləyib, lakin sonradan işini itirib. Həyata olan marağı da elə bununla yox olub.“Anamı və qardaşımı dolandıra bilmədiyimə görə özümü günahkar hesab edirdim. Ona görə də özümü öldürmək istədim. Bulvara gələrək özümü dənizə atdım”, - deyə Sahil həyatdan bezməsini belə nəql edib.S.Gülməmmədov ölüm anında keçirdiyi hissləri də təhqiqatçıya danışıb: “Azneft”ə yaxın yerdə özümü dənizə atdım. Nə qədər etsəm də, boğulmurdum. Üzgüçü olmağım ölməyimə mane olurdu. Boğulan anda sudan özümü çıxarırdım. Boğulmaq üçün xeyli dənizin içərisinə doğru üzdüm. Lakin öləcəyim anı hiss edib qorxdum. Fikrimdən daşınaraq geriyə üzdüm, yorulduğumdan sahilə çata bilmədim, batdım”.Qeyd edək ki, S.Gülməmmədovu Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları xilas ediblər. Onun batdığını görən mühafizəçilər onu sudan çıxarıblar.