Aynur Camalqızı Sözün bitdiyi yerdə... Söz başlayarmış... Azərbaycan xalqı növbəti dəfə humanizm örnəyi göstərdi. İki yaşlı İmran Cəfərzadə Nabrandakı istirahət mərkəzində faciəvi şəkildə qəzaya uğrayandan sonra varlı-kasıb, imkanlı-imkansız hər bir həmvətənimiz bu ailənin dadına çatmağa çalışdı. Mərkəzi Klinik Xəstəxanada özümüz şahidi olduq: bu dəhşətli xəbəri eşidən hər kəs burdaydı. Hətta sonuncu manatını İmranın valideynlərinə gətirən insanları gördük. Maddi imkanı olmayanlar dualarıyla bu ailənin yanındaydı. Media, sosial şəbəkələr də öz gücünü nümayiş etdirmiş oldu. Bu bəd xəbəri bir anın içində bütün ölkəyə yaydılar. Və bu ürəkdağlayan olayda ürəkaçan o oldu ki, Prezident İlham Əliyev növbəti dəfə ölkəsinin vətəndaşına yüksək alicənablıqla yanaşdı. Dövlət başçısı və xanımı bu körpənin bütün müalicə xərclərini öz üzərlərinə götürdülər. İndi, Allaha çox şükür, balaca İmran nəinki Almaniyada, bütün Avropada ən yaxşı xəstəxana kimi tanınan, 300 illik tarixi olan “Charite”de müalicə və əməliyyat ediləcək. Bunu İlham Əliyevin fəaliyyətini diqqətlə izləyən bir jurnalist kimi yazıram: dövlət başçısı bir daha sübut elədi ki, o, yalnız bu ölkənin ən ali kürsüsündə dayanan birinci şəxs deyil. O, həm də ən sadə vətəndaşdır. Çünki əslində İmranın başına gələn faciə və buna bənzər xəbərlərin yetişəcəyi ən son ünvan dövlət başçısı olmalıdır. Amma ən ağır iş qrafikinə rəğmən, bu xəbəri alan kimi ona yüksək həssaslıqla reaksiya verən də məhz İlham Əliyev oldu. Fotolarda üz-gözündən ağrı-əzab, çarəsizlik, hüzn yağan o körpəyə sahib çıxdı. Bu, əlbəttə, İmran üçün göz yaşı tökən, acı çəkən hər bir azərbaycanlını sevindirir. Demək, biz yanılmamışıq. Nə “mən hər bir azərbaycanlının prezidentiyəm” deyən İlham Əliyevə özümüzün və Azərbaycanımızın taleyini etibar edəndə, nə də ölkənin birinci xanımını - Mehriban Əliyevanı “Mərhəmətin Simvolu” hesab edəndə... İmranın başına gələn dəhşətli faciədən cox ciddi nəticələr də çıxarmaq lazım gələcək. Əvvəla, daxili turizmə olan inam azaldı. Bu inamı, etimadı bərpa etmək üçün turizm şirkətləri var-gücü ilə çalışmalı olacaq. Bir obyektin tikintisinə milyonlarla vəsait xərcləmək azdır. Həmin obyekti idarə edə bilən mütəxəssislər də lazımdı. İmran Cəfərzadə məhz “turizm” və “xidmət” barədə təsəvvürləri olmayan biveclərin məsuliyyətsizliyinin, diqqətsizliyinin, naşılığının qurbanına çevrilib. Nəhayət, Azərbaycanda da anlamalıdırlar ki, turizm bir elmdir. Onun universitetləri var. Turizm obyektlərinə də məhz elmli, bilikli insanlar rəhbərlik etməlidir. Bu obyektlərin çilingəri də, ofisiantı da, canqurtaranı da təhsilli olmalıdır. Bu, artıq sosial sifarişdir. Bu faciədə adamı İmranın yaraları qədər ağrıdan bir nüans da var: “Nabran Holiday Village”nin sahiblərinin bu olaya laqeydliyi. Adam düşündükcə dəhşətə gəlir. Bu adamların məsuliyyətsizliyi ucbatından iki yaşlı körpə ayağını itirib. Bütün ölkə əhalisi bu uşağın şəfa tapması üçün Allaha dua edir. Ancaq onlardan soraq yoxdu. Media günlərlə araşdırıb üzə çıxarmalıydımı ki, bu obyektin sahibi sabiq deputat Nizami İsgəndərovdur? Tanıyan-bilən hər kəsə bəllidir ki, o, Azərbaycanda ən imkanlı adamlardandır. Olmazdımı ki, hamıdan və hər kəsdən öncə Nizami İsgəndərov özü irəli duraraq balaca İmranın müalicə xərclərini üzərinə götürəydi?! Mən İmranın valideynlərinin Mərkəzi Klinik Xəstəxanadakı durumunu xatırlayıram. Prezident məsələyə müdaxilə etməsəydi, onların halı necə olacaqdı? Əməliyyat xərclərindən əlavə, İmranın bu klinikada qaldığı hər gün üçün bu ailədən 800 manat tələb edilirdi. Aydın hiss edilirdi ki, İmranın ata-anasının aylıq maaşı heç 800 manat deyil . Dövlət başçısının diqqəti olmasaydı, digər insanlar yardım etməsəydilər, onlar bu qədər xərci necə ödəyəcəkdilər? Axı “mənim heç bir günahım yoxdu”, “mən o obyekti icarəyə vermişəm” deməklə iş bitmir. Bəs insanlıq? Sizin günahınız yoxdu, bəs o körpənin nə günahı var?.. Mən bilmirəm qanunlar kimin tərəfindədir. Sahibkarın məsuliyyəti nədən ibarətdir. Amma həmin obyektdə təhlükəsizliyi təmin etməyin vacibliyini heç kəs inkar edə bilməz. Müştəri, turist hovuzda istirahət edərkən sən necə “akvapark” qurğusunu işə sala bilərsən? Bütün normal ölkələrdə, normal istirahət mərkəzlərində hovuzlarda hər hansı iş aparılarkən turistlərə ya xəbərdarlıq edilir, ya da onların istirahət etmədiyi vaxt seçilir. Bu sadə məntiqi anlamaq, suçunuzu boynunuza almaq əvəzinə, “uşağın atası niyə səhlənkarlıq edib” deyə məsuliyyəti boynunuzdan atmaq istəyirsiz? İş məsuliyyətindən savayı mənəvi məsuliyyət deyilən bir məfhum da var. Əl tutmağın, yardım etməyin savab sayıldığı bir ayda - Ramazan ayında baş verib bu faciə. Bu da sizi tərpətməyibsə, sizə necə hörmət edək?..