Ehtiyatda olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyasının verilməsi, hakimlərin və hüquq-mühafizə orqanları əməkdaşlarının maaşlarının artırılması təklif olunub.
AZXEBER.COM xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat bildirib ki, pul kompensasiyası hərbçilərə yaşayış yerini sərbəst seçmək imkanı yarada bilər. Bu halda onlar istədikləri ərazidə mənzil ala və ya torpaq sahəsi əldə edərək ev tikə bilərlər.
Q.Həsənquliyev ehtiyatda olan hərbçilərin mənzil təminatı üçün ayrılan vəsaiti yetərli saymadığını deyib. O, hazırda neçə hərbçinin mənzil növbəsində olduğunun, hər il neçə nəfərin mənzillə təmin edildiyinin və növbənin nə vaxt aradan qaldırılacağının açıqlanmasını istəyib.
Deputat şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı barədə də büdcə zərfində daha ətraflı məlumat verilməsini vacib hesab edib. Onun sözlərinə görə, növbədə olanların, son altı ildə mənzillə təmin edilənlərin və gələn il mənzil alacaq şəxslərin sayı göstərilməlidir.
O, hələ də mənzillə təmin olunmayan 20 Yanvar əlillərinin probleminin həlli üçün konkret müddətin açıqlanmasını da istəyib.
"700–800 manat maaş xidmət yükünə uyğun deyil”
Q.Həsənquliyev korrupsiyaya qarşı mübarizə baxımından məhkəmə və hüquq-mühafizə sistemində çalışanların əməkhaqlarının artırılmasının vacibliyini vurğulayıb.
Deputatın sözlərinə görə, ali təhsilli polis zabitlərinin 700–800 manat maaş alması yaşayış xərcləri və xidmət yükü nəzərə alınanda aşağıdır. O, hakimlərin, polis və ədliyyə əməkdaşlarının, həmçinin Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan əməkdaşlarının maaşlarının artırılmasını təklif edib.










































