"Konstitusiya Günü müstəqil dövlətçiliyimizin hüquqi təməlidir"

"Konstitusiya Günü müstəqil dövlətçiliyimizin hüquqi təməlidir"
SİYASƏT
12:28 11.11.2026
33
1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə kimi yadda qaldı. Referendumda seçicilərin 91,9 faizinin dəstəyi ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu tarixi hadisənin əhəmiyyəti nəzərə alınaraq, Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü elan olundu. 1996-cı il 1 noyabr tarixli Fərmanla isə bu əlamətdar günün təntənəli şəkildə qeyd edilməsi tapşırıldı.

Konstitusiya müstəqil dövlətimizin hüquqi əsaslarını, xalqımızın iradəsini, milli dövlətçilik ənənələrini və cəmiyyətin inkişaf prinsiplərini özündə əks etdirən ali hüquqi sənəddir. O, dövlətin idarəçilik sistemini, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də dövlətlə cəmiyyət arasındakı münasibətlərin əsaslarını müəyyən edir.

Konstitusiya Günü yalnız tarixi bir hadisənin ildönümü deyil, həm də müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlət quruculuğunun əhəmiyyətini bir daha dərk etmək üçün mühüm fürsətdir. Bu gün hər bir vətəndaşa dövlətçilik dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi məsuliyyətini xatırladır.

Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlər də Konstitusiyamızın ölkənin bütün ərazisində ali hüquqi qüvvəsinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş ərazilərimizdə də təmin olundu.

Bu gün Azərbaycan dövləti öz suverenliyini bütün ərazisində təmin edən, milli maraqlarını qoruyan və gələcəyə inamla addımlayan ölkə kimi inkişaf edir. Konstitusiya isə bu inkişafın hüquqi dayağı, dövlətçiliyimizin möhkəm təməli olaraq qalır.

12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh, sabitlik və davamlı inkişaf arzulayıram.
 
Müəllif: Maarif Əliyev
Göygöl RİHB-nın Sarısu kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi

OXŞAR XƏBƏRLƏR