Azərbaycanın 2012-ci il dövlət büdcəsinin müdafiə və təhlükəsizlik bölməsində Silahlı Qüvvələrə və təhlükəsizlik tədbirlərinə 1 mlrd. 381 mln. 347 min manat (1 milyard 770 milyon dollar) vəsait nəzərdə tutulub. APA-nın məlumatına görə, müdafiə və təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi 2011-ci ilin göstəricisindən 1,2% çoxdur. 2012-ci il dövlət büdcəsinin təqdimatında bildirilir ki, müdafiə və təhlükəsizlik bölməsi üzrə xərclər dövlət büdcəsinin cəmi xərclərinin 14,8 faizini təşkil edəcək. Bu isə öz növbəsində 2011-ci ildə müdafiə xərclərinin dövlət büdcəsinin cəmi xərclərində tutduğu çəkiyə nisbətən 1,9 faiz bəndi çoxdur. Bununla yanaşı, dövlət əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, həmçinin məhkəmə və hüquq-mühafizə orqanları üçün investisiya xərcləri nəzərdə tutulur. Qeyd edək ki, büdcədə məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanları üçün 994 milyon 629,6 min manat və ya ötən ilkindən 20% çox vəsait nəzərdə tutulur.