Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı təklif gələn ilin əvvəllərində hökumətə təqdim olunacaq.
Bu ilin əvvəlində analoji təklifin hökumətdə ilkin müzakirəsi aparılsa da, bəzi məsələlərin əsaslandırılmasında yaşanmış problemlərlə əlaqədar müzakirələr dayandırılıb.
Ziddiyyətli məqamlar artıq aradan qaldırıldığı üçün təklif yenidən hökumətin müzakirəsinə çıxarılır.
Təkliflərdə optimal variant kimi çağırış yaşının 20-yə qaldırılması təklif olunur.
Məsələylə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc bu məsələylə bağlı hazırda parlamentdə müzakirələrin keçirilmədiyini deyib:
“Bu gün parlamentdə bununla bağlı hansısa bir müzakirə, diskussiya aparılmır. Əgər yeni təhsil strategiyasında orta məktəbə gediş 7 yaşdan 18 yaşa kimi olsa o zaman hərbi xidmətə çağırışda yaş həddinin artırılmasına ehtiyac yoxdur. Nəzərə alsaq ki, əgər bu qanun qəbul edilsə və qanunun icrasına 2014-cü ildən başlansa, o zaman 2025-ci ildə orta məktəbi bitirənlərə bunu tədbiq etmək olar”.
Deputat sözügedən təklifin dəyərləndirilə biləcəyini inkar etməyib:
“Türkiyədə və Avropa ölkələrində hərbi xidmətə çağırış yaşı bizdəkindən daha çoxdur. Təbii ki, bunun bir sıra müsbət tərəfləri də var. Bu məsələ əlbəttə ki, dəyərləndirilə bilər”.
Məsələylə bağlı AZXEBER.COM-a danışan ehtiyatda olan zabit, Azərbaycanın tanınmış hərbi diktoru Şəmistan Əlizamanlı isə hərbi xidmətə çağırışla bağlı yaşın artırılmasına tərəfdar olduğunu bildirib:
“Bütün hallarda mən də belə hesab edirəm ki, hərbi xidmətə çağırış yaşının 18 götürülməsi məqsədəuyğun deyil. 20 yaş yetkin yaşdır və bu yaşdan başlayaraq hərbi xidmətə çağırışın artırılmasına ehtiyac var. Bu mənada mən irəli sürülən təşəbbüsü dəstəklədiyimi bildirirəm”.
Qeyd edək ki, təkliflər hökumətdə razılaşdırma prosesi keçdikdən sonra Prezident Administrasiyasına və prosedura uyğun olaraq mövcud qanunvericiliyə dəyişiklik edilməsi üçün parlamentə təqdim olunacaq.
Əfsələddin Ağalarov