Festivalın quruluşçu rejissoru Ruslan Amur isə göndərilən ssenarilərin səviyyəsinin qənaətbəxş olduğunu söyləyib: “Düşünəndə ki, bu festival gənclər arasındadır və biz burada gənc vətənpərvərlərin axtarışındayıq, o zaman biz öz işimizi uğurlu hesab edə bilərik. Mən özüm teatrda uzun illər fəaliyyət göstərən bir insan kimi onu deyə bilərəm ki, ssenariləri oxuduqca Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun yüksək səviyyədə inkişaf etdiyini görmək mümkündür. Hətta bəzi ssenarilər var ki, məhəbbətlə vətənpərvərlik vəhdət şəklində verilib və sonda ən gözəl sevginin vətənə olan sevgi olduğu göstərilir. Bununla yanaşı, müasir ruhda yazılmış ssenarilər də var. Düzünü desək, hətta seçim etmək bizim üçün çox çətin olacaq. Ümidvaram ki, bu festival hər bir gəncin yaddaşında çox böyük izlər buraxacaq”.
Layihənin bədii rəhbəri Əfsələddin Ağalarovun AZXEBER.COM-a verdiyi məlumata görə, artıq festivalın birinci mərhələsinin işləri yekunlaşıb. : “Festivalın birinci mərhələsini artıq uğurla həyata keçirmişik. Növbəti mərhələdə ssenarilərin müəllifləri ilə görüşlər keçirəcəyik. Daha sonra isə bölgələrdə və paytaxtda olan teatr truppalarıyla görüşlər keçirəcəyik. İlkin mərhələ uğurla başa çatdı. Düzünü desək, biz festivala başlayarkən bunun gənclər tərəfindən bu qədər rəğbətlə qarşılanacağını gözləmirdik. Həqiqətən, çox böyük maraq müşahidə etdik”.
Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş “Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı” layihəsinin ideya müəllifi millət vəkili Jalə Əliyevadır.