“Hətta bir çox gənclər ssenarilərdə aktyor kimi çıxış etmək üçün də müraciət edirlər”

GƏNCLİK
02:41 06.09.2011
1895

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş “Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı”nda ssenarilərin yekun vaxtı elan edilib. Festivalın icraçı direktoru Hacıbəy Heydərlinin verdiyi məlumata görə, ssenarilərin yığımı sentyabrın 10-da başa çatacaq: “Hazırda festivala maraq gənclər arasında çox yüksəkdir. Hətta bir çox gənclər bizə ssenarilərdə aktyor kimi çıxış etmək istədiklərini də bildirirlər. Biz ssenarilərin yığımını tez bir zamanda bitirmək istəyirdik, ancaq maraq çox olduğu üçün vaxtı uzatmaq məcburiyyətində qaldıq.

Layihənin bədii rəhbəri Əfsələddin Ağalarovun AZXEBER.COM-a verdiyi məlumata görə, artıq festivalın birinci mərhələsinin işləri yekunlaşıb: “Festivalın birinci mərhələsini artıq uğurla həyata keçirmişik. Həqiqətən, bölgələrdə və paytaxtda göstərilən maraq çox yüksəkdir. Hər gün elektron ünvanlarımıza bir neçə ssenari gəlir və biz layihənin idarə heyəti ilə birlikdə bu ssenariləri müzakirə edirik. Artıq ikinci mərhələ elan edildikdən sonra biz bölgələrdəki truppaların vəziyyətini öyrənmək üçün bir neçə yerə səfər edəcəyik”. Layihənin rejissoru Ruslan Amur isə ssenarilərin bədiiliyinin qənaətbəxş olduğunu söyləyib: “Bizə göndərilən ssenarilər üzərində artıq işlər gedir. Bütün ssenarilərin vəziyyəti ilə tam tanış olduqdan sonra daha ətraflı məlumat veriləcək. Ancaq hazırda onu deyə bilərəm ki, bədiilik baxımından çox gözəl ssenarilər də var. Bəzi ssenarilərin üzərində isə işləmək lazımdır. Bundan sonra da onların bədiiliyi digərlərindən heç də fərqlənməyəcək”.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş “Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı” layihəsinin ideya müəllifi millət vəkili Jalə Əliyevadır.

Aysel Fərziyeva

OXŞAR XƏBƏRLƏR