Mətni oxumadan öncə aşağıdakı terminlərlə tanış olun.
Homoseksuallıq – 3 əsas cinsi yönəlimdən (orientasiyadan) biri olub, fərdin öz həmcinsinə qarşı romantik və seksual hislər keçirtməsinə verilən addır.
Heteroseksual (qısaca hetero) – Cinsi və hissi istəyinin yalnız qarşı cinsə yönəldiyi şəxs
Cinsi orientasiya (sexual orientation) – yeniyetməlik çağında tamamilə formalaşan, fərdin qarşı cinsə (və ya öz həmcinsinə) romantik (sevgi) və ya seksual hislər keçirməsini yönləndirən qalıcı xüsusiyyətə verilən addır. Misal üçün bir hetero qadının cinsi orientasiyası qarşı cinsə, yəni kişiyə qarşıdır. Homoseksual qadının cinsi yönəlimi isə öz həmcinsinə, yəni qadına qarşıdır.
Homoseksuallar haqqında bilmədikləriniz
1. Homoseksuallıq xəstəlik deyil. Bu, 1990-cı il, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilmişdir.
2. Homoseksuallığın xəstəlik olmadığı üçün “müalicəsi” olduğunu iddia edənlər fırıldaqçıdan başqa bir şey deyillər.
3. Homoseksuallıq seçim deyildir. Bunu düşünmək, iddia etmək belə köklü surətdə yanlışdır. Heç kəs ailəsi və cəmiyyəti tərəfindən nifrətlə qarşılanmaq istəməz.
4. Homoseksuallar da eyniylə heterolar kimi aşiq ola, sevə bilirlər. Onlar da təhsil alır, işləyir, bu ölkənin vətəndaşı kimi dövlətə vergi verirlər. Yemək də yeyirlər, yıxılanda onlar da ağlayır, dizlərindən qırmızı rəngdə qan axır. Bildiyiniz insandırlar hamı kimi. Homoseksualları yeganə fərqləndirən xüsusiyyət onların cinsi orientasiyalarıdır.
5. Homoseksuallıq son 20 ildə yaranmayıb. Sadəcə günümüzə qədər gəlib çatan maddi nümunələr deməyə əsas verir ki, homoseksuallıq tarixin bütün formasiyalarında insanlıq xüsusiyyəti kimi mövcud olub.
6. “Homoseksual təbliğatı” deyilən bir şey yoxdur. Heç bir insanı olmadığı halda gey və ya lezbiyan edə bilməzsiniz. Amma əksinə, homoseksualları cəmiyyətə fərqli, yanlış göstərməyə çalışan, məqsədyönlü siyasət aparan dövlətlər, qruplar, lobbilər vardır.
7. Eyniylə də bir homoseksualı hetero edə bilməzsiniz. Əgər nə zamansa bir heteroseksual kişi cinsi orientasiyasını dəyişə bilib, qarşı cinsə deyil, öz həmcinsinə meyil edirsə, o zaman eyni hal homoseksuallar üçün də müzakirə edilə bilər. Amma hələ ki, belə şey mümkün deyil.
8. Varlı, kasıb; bəstəboy, uzun; qara dərili, qıyıq gözlü və.s kimi sifətlər bizləri ifadə edən əlamətlərdir. Insanlar fərqlidirlər. Hər kəsi özümüzə bənzətməyə çalışmaq düzgün davranış deyil.
9. Hər il 7 milyona yaxın homoseksual heç kəsə zərəri olmadığı halda nifrət, təhqir səbəbindən intihara təşəbbüs göstərir. Təxminən bunun 8 %-i ölümlə nəticələnir.
10. Özünüzü onların yerinə qoyun; bu gecə yatağınızı kiminlə bölüşdüyünüzün hesabatını verirsiniz. Özəlinizi qarışmaqları bir tərəfə, buna görə təhqir olunursunuz.
Həyatınızda heç hansısa homoseksualı tanımağa cəhd etmisinizmi? Və ya qınamadan, təhqir etmədən öncə “homoseksuallıq nədir” deyə araşdırma aparmağa, öyrənməyə çalışmısınızmı? Sizə də elə gəlmirmi ki, əslində oğurluq, rüşvət, yalançılıq, xəsislik, xəyanət, fırıldaqçılıq kimi mənfi xüsusiyyətlər qınanılmalıdır. Bu da ki, həm hetero, həm də homoseksual insanlarda ola bilər. Mahiyyəti bilmədən kənardan mühakimə etmək çox asandır. Cinsəllik hər kəsin özəlidir və bu özələ qarışmaq, müdaxilə etmək ən azından ədəbsizlikdir. Ağıllı insanlar adətən qarşısındakı insanın biliyinə, savadına, dünya görüşünə və insani xüsusiyyətlərinə görə qiymət verir. Daha “sən qadınla deyil, kişiylə yatırsan, ona görə də pis insansan” kimi gülünc, məntiqsiz düşüncə tərzinə malik olmur. Əgər gələcəkdə övladınızın homoseksual olmayacağına qətiyyətlə inanırsınızsa, yanıldığınızı bilmənizi istərəm. Bundan heç bir şəxs sığortalanmayıb.Amerikada uzun müddət dərisinin rəngi qara olduğuna və fərqli doğulduqlarına görə qara dərili insanları təhqir edir, diskriminativ yanaşırdılar. Bugünki gün Amerika xalqı hələ də tarixinin bu mərhələsinə görə utanır. İnkişaf etmiş, azad cəmiyyətə malik, sivil ölkələrdə homoseksuallar istedadlarına görə müxtəlif vəzifələrdə çalışır, ölkəyə, millətə fayda verirlər. Yəqin ona görədir ki, Avropanın Leonardo da Vinçisi, Platonu, Oskar Uayldı var. Amerika və Avropadan fərqli olaraq, Əfqanıstan, Yəmən, Nigeriya, İraq, İndoneziya kimi ölkələr isə homoseksualları edam edir, qamçılayır. Sözü gedən ölkələr arasında iqtisadi və siyasi fərqləri müqayisə etməyi isə sizə həvalə edirəm.
İçinizdəki kin, nifrət sizi sadəcə vaxtından əvvəl qocaldacaq. İnsanları sevməyə, onların müsbət, pozetiv xüsusiyyətlərini kəşf etməyə çalışın.Tural