Heydər Əliyev Fondu Budapeştdə gözdən əlillər üçün mərkəzin yeni korpusunu inşa edəcək

SİYASƏT
17:13 15.01.2014
1121

Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini uğurla davam etdirir.

Humanitar layihələrdən biri dost Macarıstanda gerçəkləşəcək.AZXEBER.COM xəbər verir ki, Fond Budapeşt şəhərində gözdən əlillər üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusunu inşa edəcək.

Laszlo Batthyany Roma Katolik Evinin mövcud binası üçün əlavə yataqxana korpusu mövcud binalar kompleksinə birləşdiriləcək və uşaqların qidalanması, müalicə təminatının daha yaxşı şəraitdə aparılmasına imkan yaradacaq.

Mərkəz 1982-ci ildə Macarıstan Katolik Kilsəsi tərəfindən əlil insanlara qaygı göstərmək məqsədilə yaradılmışdır.

Uşaq tərbiyə müəssisəsinə görmə, hərəkət və ünsiyyət qüsurlu, fiziki imkanları məhdud uşaqlar qəbul edilirlər. Onlar burada təhsillə yanaşı müalicə alır, müxtəlif təlimlər vasitəsilə hərəkət qabiliyyətini, fərdi bacarıqlarını artırır, peşə vərdişlərinə yiyələnirlər.

2800 kv.metr sahəsi olan müəssisə 1994-cü ildə əsaslı təmir edilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə yanvarın 16-da mərkəzdə 18 yaşdan yuxarı reabilitasiya keçmiş uşaqlar üçün ehtiyac duyulan əlavə korpusun təməli qoyulacaq. Beşmərtəbəli, 30 çarpayılıq yataqxana tipli korpusun ümumi sahəsi 1385,26 kv.metrdir. Layihəyə görə binada məşğələ, istirahət və yataq otaqları, mətbəx və bir ədəd lift nəzərdə tutulmuşdur.

Təməlqoyma mərasimində Macarıstan Baş naziri aparatının xarici siyasət məsələləri və xarici iqtisadi əlaqələri üzrə Dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto, Heydər Əliyev Fondunun nümayəndəsi və səfirliyin əməkdaşları iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR