Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda orta ümümtəhsil məktəblərinin şagirdləri üçün seminar keçirildi.Giriş sözü ilə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin Binəqədi rayonu üzrə komissiyanın sədri Vəzifə Məmmədova bildirdi ki, bu seminar ulu öndər Heydər Əliyev irsinin qorunması və azərbaycançılıq ideologiyasının təbliğatının daha güclü olması məqsədi daşıyır. O cümlədən, bu seminar gənc nəsilə Heydər Əliyevin zəngin ideyalarının yeni üsul və metodlarla tərbiyə edilməsi, dahi şəxsiyyətin irsinin dövlətçilik, azərbaycançılıq konsepsiyasını, idarəçiliyini öyrənmək, öyrətmək, təbliğ etmək məqsədilə keçirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək bildirdi ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin xidmətləri zamana, məkana, bir əsrə sığmır: “Heydər Əliyev bəşəri ideyalara, insanlığa xidmət etdiyi üçün əbədiyaşardır, əsrlərə yol yoldaşı olacaq, dünyanı zaman-zaman dolaşacaqdır. Heydər Əliyevin irsi böyük bir elmi məktəbdir, möhkəm təməldir, inkişafımız və gələcəyimiz üçün əsasdır. Bu gün bütün sahələrdə, Azərbaycan reallıqlarında Heydər Əliyevin irsini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşıb”. Ramiz Göyüşov vurğuladı ki, azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyevdir. YAP Binəqədi Rayon Təşkilatının sədri qeyd etdi ki, Heydər Əliyevin bütün həyatı və səmərəli fəaliyyəti xalqımızın xoşbəxtliyinə və respublikamızın inkişafına həsr edildiyi üçün XX əsr Azəbaycan tarixini onsuz təsəvvür etmək mümkün deyil və bu əsri Heydər Əliyev əsri adlandıranlar öz qənaətlərində haqlıdırlar: “Heydər Əliyevin müdrikliyi, iradəli və inamlı olması, onu başqa dövlət xadimlərindən fərqləndirən ən mühüm keyfiyyətlərindən biri onun daim xalq arasında olması, onların ehtiyaclarını və istəklərini özlərindən öyrənməsi, fikirlərini səmimi bölüşdürməsi idi”.
Ramiz Göyüşov Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun gənclərə diqqət və qayğısından, rayonda gənclərə yaradılan yaradıcı şəraitdən danışaraq vurğuladı ki, gənc nəsil ulu öndər Heydər Əliyev irsi ilə silahlanaraq zamanın nəbzini tutub inkişafa doğru irəliləməlidir.
Məruzə ilə çıxış edən 283 saylı orta məktəbin tarix müəlliməsi Rəhilə Heydərli bildirdi ki, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynayıb. “Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi siyasəti” mövzusunda danışan məruzəçi slaydın müşaiyəti ilə bu böyük şəxsiyyətin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin müstəsna əhəmiyyətə malik olduğunu dedi.
Rəhilə Heydərli bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, əmək fəaliyyətinə başlayandan həyatının son anına kimi öz respublikamızın inkişafı, insanların maddi-rifah halının yaxşılaşması, dövlətimizin şöhrətlənməsi və bütün dünyada tanınması, elmimizin, təhsilimizin, mədəniyyətimizin tərəqqisi, müstəqilliyimizin qorunub möhkəmləndirilməsi, ölkə vətəndaşlarının hüquqlarının müdafiə edilməsi, vətəndaş qarşıdurmasının qarşısının alınması, anarxiyanin aradan qaldırılması, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, hüquqi, dünyəvi dövlət yaradılması işinə həsr edib.
Qeyd edək ki, seminarda Binəqədi rayonunun 267 və 283 saylı orta məktəbin XI sinif şagirdləri, ümumilikdə 125 nəfər iştirak etdi.



