Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı - RƏSMİ AÇIQLAMA

Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı - RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
14:52 20.07.2012
3788
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətləri Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. AZXEBER.COM Baş Prokurorluğun saytına istinadən xəbər verir ki, bu gün saat 11:30 radələrində Bakı şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olub. Məlumatda bildirilir ki, faktla bağlı dərhal hələlik səbəbi bəlli olmayan yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə FHN-nin şəxsi heyəti və maşın, mexanizm, helikopterləri cəlb edilməklə qarşısı alınıb, yanğının genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməyib. “Heydər Əliyev Mərkəzinin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib. Eyni zamanda, yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən xəsarət alan olmayıb” – deyə, rəsmi məlumatda qeyd olunur. Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil edilib.
OXŞAR XƏBƏRLƏR