“Biz bir qrup şəxsin martın 11-də guya geniş aksiya keçirəcəkləri ilə bağlı xəbərləri izləyirik. Güman edirəm ki, Azərbaycan cəmiyyəti təxminən bir il əvvəl – aprel-mart aylarında da bir sıra maraqlı qüvvələr tərəfindən istiqamətləndirilən gənclərin ölkədə ictimai-siyasi sabitliyi pozmaq istiqamətindəki səylərini və pozuculuq hərəkətlərini xatırlayır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov bir qrup gəncin 11 mart günündə aksiya keçirəcəkləri barədə xəbərlərə münasibət bildirərkən deyib.
Ə. Əhmədov bildirib ki, 2011-ci ildə Azərbaycan cəmiyyəti bu cür təhrikçi hərəkətləri dəstəkləməyib: “Bu səylərə çox ciddi şəkildə təpkilər göstərildi. Bu cür təhrikçi qüvvələr əsasən gəncləri öz tərəflərinə cəlb etmək istəyirlər. Azərbaycan gəncləri bu cür təhrikçi qüvvələrə qoşulmaq niyyətində deyil. Bunun da ciddi əsasları var. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik, əmin-amanlıq mövcuddur. Bugünkü gənclik təhsil almaq, ölkənin ictimai-siyasi həyatında iştirak etmək, sadəcə olaraq, sakit yaşamaq imkanlarına malikdir. Biz artıq maraqlı qüvvələrin dəstəklənmədiyini bir il bundan qabaq görmüşük. Qəti əminliyimi bildirirəm ki, əgər yenə də belə cəhdlər olacaqsa, Azərbaycan cəmiyyəti bütövlükdə, Azərbaycan gəncliyi isə ayrılıqda bu təhrikçi qüvvələrə “yox” cavablarını verəcəklər. Bugünkü Azərbaycan cəmiyyəti Azərbaycan prezidentini dəstəkləyir. Cəmiyyət imkan verməyəcək ki, haradasa yerləşən maraqlı dairələrin və qüvvələrin təhriki əsasında ölkəmizdə ictimai-siyasi sabitliyi pozub inkişafın qarşısını almağa yönəlmiş hərəkətlərə yol versinlər”.
Qeyd edək ki, bir çox gənclər təşkilatlarının öndə gedənləri və xüsusilə də sosial şəbəlkələrdə aktivlik edən gənclərin, 11 martda ölkəboyu etiraz aksiyaların keçirilməsi üçün təşkilatlandıqları haqda məlumatlar yayılmışdır. "Facebook"da bununla bağlı səhifə də açılmışdır.