Hökumətin üzərinə düşən vəzifə

Hökumətin üzərinə düşən vəzifə
Bütün Xəbərlər
13:09 29.08.2014
1109

Seymur Verdizadə 

Elm sübut edir ki, uşağın intellektual səviyyəsinin formalaşmasında aparıcı rol anaya məxsusdur. Azərbaycanda isə zərif cinsin nümayəndələrinin elmə marağı getdikcə azalır. Bəzi ailələrdə, xüsusilə ucqar rayonlarda qız uşaqlarına əşya kimi baxırlar. Valideynlər qızlarını tez ərə verirlər ki, “artıq yük”dən xilas olsunlar...

Kobud və mədəniyyətsiz atanın belindən gələn, savadsız ananın doğduğu övladlarla hər gün qarşılaşırıq. Onlar ictimai nəqliyyatda yüksək səslə danışır, avtobusda tum çırtlayır, çəkdikləri siqaretin kötüyünü yerə atır, küçənin ortasına tüpürür, ətrafı zibilləməkdə heç bir qəbahət görmürlər. Ömrümüzün bir hissəsini bu adamlarla mübarizəyə həsr etsək də, nəticə heç vaxt ürəkaçan olmur. Bəlli bir yaşa çatmış insanı dəyişdirmək, onda yeni vərdişlər formalaşdırmaq çox çətindir.

Aydın məsələdir ki, bu sətirlərin yazılmasında məqsəd kimisə aşağılamaq deyil. Söhbət böyük şəhərlərdə yaşayan insanların bəlli qaydalara riayət etməsindən gedir. Hamı başa düşməlidir ki, sarımsaq yeyib, ictimai nəqliyyata minmək arzuolunan hal deyil. Ucuz Gəncə arağından içib, avtobusda sərnişinlərin zəhləsini tökmək isə mədəniyyətsizlikdir. Özünə hörmət edən insan heç olmasa gündə bir dəfə ayağını yumalı, corablarını dəyişməlidir. Bir az əvvəl işə gələrkən avtobusda yanımda əyləşmiş sərnişinin ayağından gələn əcaib qoxu ürəyimi bulandırmasaydı, bəlkə də bu sətirlərin yazılmasına ehtiyac qalmayacaqdı...

Apardığımız müşahidələr onu deməyə əsas verir ki, xoşagəlməz vəziyyətin yaranması təkcə insanların intellektual səviyyəsinin aşağı olması ilə bağlı deyil. Yuxarıda sadaladığımız problemlərin ortaya çıxmasının əsas səbəblərindən biri əhalinin maddi vəziyyətinin ağır olmasıdır. Müxtəlif layihələrdə iştirak etdiyim üçün bu yay ölkənin 12 rayonunda olmuşam. Dağ və dağətəyi ərazilərdə yerləşən kəndlər sürətlə boşalır. 300 fərdi təsərrüfatın qeydiyyatdan keçdiyi kəndlərdə sinif açmaq üçün 18-20 uşaq tapılmır. Yerli icra nüməyəndələri ilə söhbət edəndə məlum olur ki, kənd əhalisinin yarısından çoxu dolana bilmədyi üçün Bakıya və Rusiyanın müxtəlif şəhərlərinə köçüb. Əgər araşdırma aparsaq görərik ki, rayonlardan gələn insanlar əsasən Bakıətrafı qəsəbələrdə, o cümlədən, paytaxtın N.Nərimanov rayonuna aid olan Böyükşor qəsəbəsində darısqal və rütubətli mənzillərdə kirayədə yaşayırlar. Bu adamların qazancı aylıq kirayə haqqını ödəməyə, bir də ucuz və keyfiyyətsiz ərzaq məhsulları almağa çatır. Aydın məsələdir ki, qidaya olan tələbatını ucuz kolbasa, soyutma kartof və acı soğanın hesabına ödəməyə çalışan insandan Fransada istehsal olunmuş ətirin qoxusu gəlməyəcək...

Düzdür, çox kasıb yaşayan, amma səliqəli geyinən, ictimai yerlərdə özünü son dərəcə mədəni aparan insanlar az deyil. Yaxud var-dövləti başından aşan, amma xaricə gedərkən təyyarədə özünü mədəniyyətsiz aparan, kobud davranışları ilə xalqımızın başını aşağı edən adamlar da var. Əmin ola bilərsiniz ki, “təyyarə macəraları” ilə ad çıxaran bu adamların cibləri dolu olsa da, başları boşdur. Bu cür problemləri dəf etməyin yolu yaxşı təhsil almaqdan, oxumaqdan keçir. Oxumaq üçün də kitab lazımdır. Kitabı isə pulla satırlar. Sözsüz ki, qarnı ac olan adam kitab barədə düşünməyəcək. Əhalinin qarnını doyurmaq isə hökumətin vəzifəsidir. İnsanların əvvəl kababa, sonra isə kitaba olan ehtiyacını ödəmək lazımdır. Yoxsa, nə qədər qurub-yaratsanız da, gözəlləşdirsəniz də onlar vurub dağıdacaq, çirkləndirəcəklər...

 

OXŞAR XƏBƏRLƏR