Hörmüz boğazının bağlanması Avropanı vurdu: Qaz qiymətləri ikiqat bahalaşdı

Hörmüz boğazının bağlanması Avropanı vurdu: Qaz qiymətləri ikiqat bahalaşdı
DÜNYA
16:00 03.03.2026
305
ABŞ və İsrailin İrana birgə hücumlarından sonra strateji əhəmiyyətə malik Hörmüz boğazının bağlanması və Qətərin aparıcı enerji şirkəti "Qatar Energy"nin LNG istehsalını dayandırması Avropada qaz bazarında kəskin bahalaşmaya səbəb olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dünya LNG ixracının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında kommersiya gəmiçilik trafiki dayanıb. Qətərin ixrac etdiyi mayeləşdirilmiş təbii qazın demək olar ki, hamısı məhz bu marşrut vasitəsilə beynəlxalq bazarlara çatdırılırdı.

Məlumata görə, İran tərəfindən buraxılan dronlardan biri Ras Laffan Sənaye Şəhərində yerləşən LNG istehsal obyektini hədəfə aldıqdan sonra şirkət müəssisədə istehsalı dayandırıb. Bu isə qlobal təchizatla bağlı narahatlıqları daha da artırıb.

Avropanın əsas qaz ticarət mərkəzi olan Niderlanddakı Title Transfer Facility (TTF) platformasında aprel fyuçersləri üzrə qazın qiyməti Türkiyə vaxtı ilə saat 14:20-yə olan məlumata əsasən meqavat/saat üçün 65,5 avroya yüksəlib.

Qeyd edək ki, hücumdan əvvəl - 27 fevral tarixində qiymətlər 31,95 avro səviyyəsində bağlanmışdı. Beləliklə, Avropada qaz qiymətləri əvvəlki səviyyə ilə müqayisədə 100 faizdən çox artıb. Təkcə bu gün qiymət artımı əvvəlki bağlanışla müqayisədə 47 faizə çatıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR