Yəmənin "Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına və "Saudi Aramco” şirkətinin Rabiq şəhərindəki neft emalı zavoduna zərbələr endirdiklərini bildiriblər.
Bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri açıqlama verib.
Onun sözlərinə görə, hücumlar zamanı çoxsaylı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunub.
Yəhya Səri iddia edib ki, zərbələr nəticəsində Rabiqdəki neft emalı zavodunun ərazisində yanğın başlayıb, Ər-Riyad hava limanında isə hava hərəkəti dayandırılıb.
Husilərin nümayəndəsi həmçinin Abha hava limanının, Xamis-Muşaytdakı aviabazanın, eləcə də Nəcran və Cizandakı bir sıra obyektlərin hədəfə alındığını bildirib.
"Ənsar Allah” bununla yanaşı, Səudiyyə Ərəbistanının hava məkanını "döyüş əməliyyatları zonası” elan edib və beynəlxalq aviaşirkətləri ölkə üzərindən uçuşlardan çəkinməyə çağırıb. Bildirilib ki, müsəlmanlar üçün müqəddəs Məkkə və Mədinə şəhərləri bu çağırışdan istisnadır.
Səudiyyə Ərəbistanı tərəfinin hücumların nəticələri ilə bağlı açıqlaması barədə məlumat verilməyib.
///teleqraf///











































