Sentyabrın 4-də gecə saatlarında Hövsan qəsəbəsinin 200-dən çox sakini Nəqliyyat Departamentinin əməkdaşlarına qarşı üsyan ediblər.
Bu barədə məlumat verən Hövsan qəsəbə sakinləri deyiblər ki, departamentin əməkdaşları heç bir səbəb olmadan qəsəbədə sürücülərin sürücülük vəsiqələri və texniki pasportlarını əllərindən alıblar. Nəticədə qurumun əməkdaşları ətrafdakıların etirazı ilə qarşılaşıblar.
Söylənilir ki, sürücüləri müdafiə edən sakinlər departament əməkdaşlarının 3 xidməti maşınını girov götürüblər. 2 maşın aradan çıxa bilib. 90 AF 380 dövlət nömrə nişanı olan avtomobildə əyləşən Departamentin 4 əməkdaşı isə etirazçıların qəzəbindən qurtarmaq üçün sürücülərdən aldıqları sənədləri onlara qaytarıblar.
O da deyilir ki, Departament əməkdaşları hətta avtomobillərin nömrə nişanlarının da heç bir səbəb göstərmədən çıxarıblar. Sürücüləri müdafiə edənlərin hətta departamentin əməkdaşlarını döydükləri də söylənilir. Nəqliyyat Departamenti əməkdaşları ilə hövsanlılar arasında münaqişə saat 20.30-dan 22.20-dək davam edib.
Hadisə yerində olan Anar Tağıyev də çəkiliş apardığına görə departament əməkdaşlarının təzyiqlərinə məruz qalıb.
musavat.com