Sentyabrın sonunda evlənən Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs həyat yoldaşı Ayşəgül Yıldız üçün “kisəsinin ağzını” açıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türk musiqisinin imperatoru xəstəxana otağında A. Yıldız ilə kəsdirdiyi nigah onu qane etməyib. İbrahim Tatlısəs həyat yoldaşının ilk evliliyi olduğu üçün şanlı-şöhrətli toy çaldırmaq qərarına gəldiyini deyib. İbrahim Tatlısəs dekabr ayına planlaşdırılan zurna-balabanlı toyun keçirilməsi üçün Çırağan sarayını seçib. Qeyd edək ki, gələn ay keçiriləcək toyun hazırlıqlarına indidən başlanılıb. Qonaqların siyahısını müğənni özü hazırlayıb. 750 nəfərə yaxın qonağın dəvət olunduğu toyun keçirilməsi üçün İ. Tatlısəs köməkçilərinə müəyyən göstərişlər verib. “Bu, Ayşəgülün ilk toyudur. O birinci dəfədir ki, ağ gəlinlik geyinir. Ona yaraşan bir toy istəyirəm!”, - deyə İbrahim Tatlısəs əlavə edib. Deyilənə görə, İbrahim Tatlısəs toyunda həyat yoldaşı Ayşəgül Yıldızın şərəfinə mahnı da oxuyacaq. Qeyd edək ki, indidən İbrahim Tatlısəsin oğlu İdonun toya gəlib-gəlməyəcəyi barədə danışılır. Xatırladaq ki, bu ilin mart ayında silahlı hücuma məruz qaldıqdan sonra müalicəsi hələ də davam edən İbrahim Tatlısəs sentyabrın 28-də reabilitasiya mərkəzində evlənib.