‘İbrahimbəyov heç vaxt imtina etməyəcək, çünki onu Rusiya ilə bağlayan çox şeylər var’

SİYASƏT
13:07 09.07.2013
1558

"Hakimiyyət daxilində ikinci heç bir qüvvə yoxdur. Hakimiyyətdə bir qüvvə var..."

AZXEBER.COM YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun musavat.coma verdiyi müsahibəni təqdim edir:

- Siyavuş bəy, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün ciddi problem görürsünüzmü?

- Azərbaycanda seçki məsələsi Konstitusiya və Seçki Məcəlləsi ilə tənzimlənir. Birincisi, Rüstəm İbrahimbəyov hələ namizəd deyil. Çünki Seçki Məcəlləsinin 53-cü maddəsində fərdi qaydada namizədliyin verilməsi, 54-cü maddədə isə siyasi partiya, siyasi partiya blokları tərəfindən namizədin irəli sürülməsi qaydaları əksini tapıb. Milli Şura Azərbaycanda qeydiyyatdan keçməyib - lap keçsə belə - qeyri-hökumət təşkilatıdır. Yəni namizədi ancaq ya siyasi partiya, ya siyasi partiyaların bloku, ya da öz təşəbbüsü ilə yaradılan seçicilər birliyi irəli sürə bilər. Qalan hallarda hansısa QHT, ictimai təşkilat namizəd irəli sürə bilməz. Ona görə də Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi üçün orada yığışan siyasi partiyalar özlərinin rəhbər orqanlarının qərarını çıxartmalıdırlar, sonra birləşməlidirlər, hər biri qurultaylarını keçirməlidir. Bundan sonra blok adından onun namizədliyini irəli sürə bilərlər. O zaman hesab olunacaq ki, məsələ Seçki Məcəlləsinin tələblərinə uyğundur. İkinci tərəfdən, Konstitusiyanın 100-cü maddəsində 4 müddəa Rüstəm İbrahimbəyovun namizəd olmasına imkan vermir. Burada birinci göstərilir ki, ikili vətəndaşlığı olanlar... Sonra 10 il müddətində daimi Azərbaycan ərazisində yaşamalıdır. Rüstəm İbrahimbəyov 2 il Rusiyada, 1 il başqa yerdə yaşayır, sonra qayıdır və 3 ay Azərbaycanda olur, yenə gedir. Özü də xaricə ezamiyyətə getmir, öz vətənində yaşamağa gedir. İkili vətəndaşlığının olması da onu göstərir ki, o, özünə vətən kimi seçdiyi ölkədə yaşayır. İbrahimbəyov daimi 10 il Azərbaycanda yaşamayıb. Deməli, Konstitusiyanın bu müddəası da onun namizədliyinə imkan vermir. Üçüncüsü, digər ölkənin qarşısında öhdəlik məsələsi var. Rusiya vətəndaşı olduğu üçün o, həmin ölkə qarşısında avtomatik olaraq vətəndaş kimi öhdəlik əldə edib. İkinci tərəfdən, 2002-ci ildə Konstitusiya Məhkəməsi şərh verdi ki, iqtisadi, vergi öhdəlikləri də bura daxildir. Rüstəm İbrahimbəyovun da vergi və digər məsələlərlə bağlı Rusiya dövləti qarşısında öhdəlikləri var. Dördüncüsü, törədilən cinayət məsələsindən söhbət gedir. Ola bilər ki, külli miqdarda vergidən yayınıb, yaxud özgəsinin əmlakının mənimsəyib, bunun özü də ağır cinayət hesab oluna bilər.

- Rüstəm İbrahimbəyov müsahibəsində bir daha deyib ki, artıq Rusiya vətəndaşlığından imtina edib. Bu, yenədəmi onun seçkiyə qatılması üçün əngəl sayılır?

- Vətəndaşlıqdan belə imtina olunmur. Bunun üçün gərək Rusiya prezidentinin fərmanı olsun ki, Rüstəm İbrahimbəyovun vətəndaşlığı əlindən alınır. Bu, sözlə ifadə olunmur ki, bunun sənədləşməsi getməlidir. Rusiya vətəndaşlığından çıxsa da belə, digər 3 maddədən görünür ki, onun namizədliyi Azərbaycan qanunvericiliyinin tələblərinə cavab vermir. Əvvəlcə Rüstəm İbrahimbəyov dedi ki, onun Rusiya vətəndaşlığı yoxdur, elə ilk növbədə Azərbaycan ictimaiyyətini, seçiciləri aldatdı. Sonra dedi ki, mən Sovet İttifaqının vətəndaşıyam. Ancaq əvvəllər elə hamı sovet vətəndaşı idi. SSRİ dağıldıqdan sonra hər ölkə özünün müstəqilliyini elan edib, o cümlədən Rusiya. SSRİ pasportları da ləğv olunub, o isə artıq Rusiya pasportu alıb və Rusiya vətəndaşıdır. Artıq SSRİ vətəndaşlığı yoxdur. Bununla da o, insanları çaşdırmaq istəyir, yalan danışır. İndi də deyir ki, vətəndaşlıqdan imtina etmişəm. O, heç vaxt imtina etməyəcək, çünki onu Rusiya ilə bağlayan çox şeylər var. Ümumi, deklorativ söz deməklə deyil ki. Bu adam gedib aidiyyəti orqanlara müraciət etməlidir, o orqanlar da baxmalıdır və dövlət vətəndaşlığı verdiyi qaydada da geri alır.

- Deməli, Milli Şuranın ehtiyat namizədinin olması Rüstəm İbrahimbəyovu gözləyən təhlükə səbəbindən məntiqlidir?

- Bizim üçün namizədin fərqi yoxdur. Amma qanunvericiliyin tələbi bundan ibarətdir, bunu heç kəs poza bilməz. Kim bu tələblərə uyğun gəlirsə, deyək ki, 35 yaşı varsa, 10 ildən artıq ölkədə yaşayırsa, ikili vətəndaşlığı, başqa dövlət qarşısında öhdəlikləri yoxdursa, ağır cinayət törətməyibsə, həmin şəxs namizəd ola bilər.

- Rüstəm İbrahimbəyov müsahibəsində Rusiyanı da tənqid edib, baxmayaraq ki, Azərbaycan hakimiyyəti onu daim Rusiyanın adamı olmaqda ittiham edib...

- Bununla o, özü haqqında şou yaradır, imic formalaşdırır. Amma artıq Azərbaycan cəmiyyətinə məlum oldu ki, o, ilk addımda bir neçə məsələdə yalan danışdı. Belə bir şəxsi Azərbaycan seçicisi necə dəstəkləyə bilər?

- Yuxarıda dediklərinizdən ortaya çıxan qənaət budur ki, “Rüstəm müəllim, əziyyət çəkmə, onsuz da namizədliyin qeydə alınmayacaq”. Belədirmi?

- Mən bir şeyi başa düşmürəm ki, Milli Şurada özünü vəkil, tanınmış hüquqşünas adlandıran, cəmiyyətə deklorasiya yazan insanlar bir qaldırıb Konstitusiya və Seçki Məcəlləsinin müddəalarını oxumayıblar, ya da bilərəkdən bunu edirlər.

- Milli Şurada bəzi partiyalar hətta Rüstəm İbrahimbəyovun İsa Qəmbəri dəstəkləyə biləcəyi haqda dediklərinə baxmayaraq, yalnız Rüstəm İbrahimbəyovu dəstəkləyəcəklərini deyirlər...

- O partiyalar ilk növbədə qurultaylarını keçirib Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməlidir. Mən məsələnin rəsmi tərəfini yuxarıda dedim.

- Hələlik Azərbaycanın birinci şəxsi də namizəd olacağını bəyan etməyib...

- Bunlar başqa şeylərdir. Fərdi qaydada namizədliyini irəli sürən şəxs gedib ərizə verir, bunu bəyan edir. Əgər vətəndaşın namizədliyini siyasi partiya irəli sürürsə, artıq həmin partiya öz qərarını verməlidir. Orda vətəndaşın ərizəsinə ehtiyac yoxdur. Sadəcə, seçki prosesi başlayanda razılıq ərizəsi yazır ki, filan partiyanın mənim namizədliyimi irəli sürməsinə etirazım yoxdur.rn

- Birmənalı şəkildə YAP-ın namizədi...

- YAP-ın namizədi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir.

- Mehriban xanımın namizədliyi ilə bağlı mövzuya nöqtə qoyuldumu?

- Bu barədə məsələ qaldıranlar Azərbaycan cəmiyyətində tanınmayan təşkilatlardır, öz mənafeləri üçün bu addımı atıblar. Vəssalam, belə bir şey yoxdur.

- Hakimiyyət daxilində hansısa qüvvə burada maraqlı ola bilərmi?

- Hakimiyyət daxilində ikinci heç bir qüvvə yoxdur. Hakimiyyətdə bir qüvvə var, o da cənab prezidentin ətrafıdır.

OXŞAR XƏBƏRLƏR