‘İbrahimbəyovun seçkilərdə iştirakı Putindən asılı vəziyyətə düşüb’ - Pənah Hüseyn

SİYASƏT
11:12 16.07.2013
1909

Müsavat Məclisi 13 iyulda keçirilən sessiyasında başqan İsa Qəmbərin prezidentliyə namizədliyi barədə yanvarın 4-də verilmiş qərarı qüvvədə saxladı. 

Bundan sonra Müsavatın və İ.Qəmbərin ünvanına müxalifətdən, hətta bir sıra müttəfiq partiyalardan qəzəbli, qərəzli, bəzi hallarda təhqiramiz açıqlamalar gəlməyə başladı. Həmin qüvvələr Müsavatı İsa Qəmbərin namizədliyini qüvvədə saxladığı üçün ittiham edirlər. Belə məlum olur ki, Milli Şuradakı bir sıra siyasətçilər Müsavat Məclisinin 2013-cü il yanvarın 4-də partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarının 13 iyul sessiyasında ləğv ediləcəyini gözləyirmişlər.

Gözləntiləri reallaşmadığı üçün hücuma keçiblər. Xatırladaq ki, Müsavat Partiyasının Məclisi İsa Qəmbərin namizədliyindən imtina edilib-edilməməsini sonrakı mərhələyə saxlayıb.

Müsavat Məclisinin qərarına və bu qərarın bəziləri tərəfindən təpki ilə qarşılanmasına İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin münasibətini öyrəndik. Pənah Hüseyn bildirdi ki, İsa Qəmbərin və Müsavatın prezidentliyə namizədlik məsələsində mövqeyi hələ Milli Şuranın vahid namizəd məsələsi müzakirə edildiyi və Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsi zamanı yazılı şəkildə bəyan edilmişdi. Müsavat Partiyasının Məclisi sadəcə daha ali orqan kimi bu mövqeyi təsdiq edib: “Məclisin özünün verdiyi İsa Qəmbərin namizədliyi ilə bağlı 4 yanvar tarixli qərarının ləğv edilməsi gözlənilmirdi və heç gündəliyə də çıxarılmamışdı. Eləcə də İsa Qəmbərin namizədliyinin müdafiəsi haqqında bir sıra siyasi partiyaların, o cümlədən Xalq Partiyasının bu məsələdə mövqeyi dəyişməz qalır. Eyni zamanda biz Milli Şurada təmsil olunmasaq da onun vahid namizədi olan Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakı və dəstəklənməsi məsələsində İsa Qəmbərin bəyan elədiyi mövqeyə uyğun mövqe tuturuq. Yəni bu məsələdə Milli Şuranı müdafiə edirik”.

Sualın ikinci tərəfinə gəldikdə isə Pənah Hüseyn qeyd etdi ki, Müsavata və İsa Qəmbərə hücumlar əsasən qərəzdən, bir qismin isə məlumatsızlığından və təsir altına düşmələrindən irəli gəlir: “İndiki halda konseptual olan demokratik düşərgənin seçkidə iştirak məsələsidir. Yəni hakimiyyəti seçki yolu ilə dəyişməkdir. Bunun üçün də demokratik seçki mühitinin yaradılması vacibdir. Və ya seçkiləri boykot və demokratik düşərgənin seçkilərdən kənarda qalması ehtimalının, boykotun bu gün zərərli olmasının diqqətə çatdırılmasıdır, cəmiyyətin və müxalifətin elektoral bazasının boykot üzərində köklənməsinin qarşısının alınması cəhdidir. Konkret qərarlar isə seçki dövründə veriləcək. İsa Qəmbər də özünün çoxsaylı açıqlamalarında bunu açıq aşkar ifadə edir və bildirir ki, Rüstəm İbrahimbəyovla müzakirələrdən sonra yekun qərar veriləcək. Bir də axı hər şeyi bəsit şəkildə təsvir edib cılız məqsədli qaralama kampaniyası aparmaq olmaz. Məsələn, indi elə vəziyyət yaranıb ki, Rüstəm müəllimin seçkilərdə iştirakı Rusiya prezidentindən asılı vəziyyətə düşüb. Bu məsələni araşdıranların bildirdiyinə görə, Rusiya qanunlarına görə vətəndaşlıqdan imtina məsələsi bir neçə gündə də həll edilə bilər, ancaq altı ay da uzana bilər. Birdən Rusiya prezidenti Azərbaycan iqtidarının təzyiqi və ya təsiri ilə bu məsələni uzatdı, o halda necə olacaq? Açığı, məsələnin əksi də elə sadə deyil, ancaq bu, başqa bir mövzudur. Ən azı nəzəri baxımdan, bu məsələ diqqətə alınmalıdır, ya yox? Aydındır ki, bu məsələ həll olunsa və böyük ehtimalla həll olunacaq, Rüstəm müəllimin namizədliyini hansısa bəhanələrlə qeydə almayacaqları halda tamamilə yeni bir situasiya yaranacaq. O halda da həmin situasiya dəyərləndirilib müvafiq qərar veriləcək. Həmin situasiyada seçkidə iştirakın konseptual tərəfi yox, konkret siyasi tərəfi önə çıxacaq və əsas götürüləcək. Bir də ki, İsa Qəmbər harada iddia edib ki, o, Milli Şuranın əsas və ya ehtiyat namizədi olmaq istəyir? Əksinə, iddia etmədiyini qəti formada bəyan edib. Demək istəyirəm ki, bu gün boş-boş danışmaq əvəzinə, seçkiyə hazırlaşmaq lazımdır. Məncə, Rüstəm müəllimi səmimi müdafiə etməyin də testi odur ki, sən seçkiyə hazırlaşmaq istiqamətində nə iş görürsən və görəcəksən”. /musavat.com/

OXŞAR XƏBƏRLƏR