İcra başçıları büdcəni görün hansı yollarla talan edirlər - ARAŞDIRMA

SİYASƏT
12:21 21.11.2015
4797

Məmurların sevimli məşğuliyyəti büdcə hesabına təsərrüfat malları, inventar, avadanlıq almaqdan ibarətdir.

Yerli icra hakimiyyətlərinin satınalmalar üzrə xərcləmələrinə dair apardığımız araşdırmaların nəticələri icra strukturlarının vəzifələri məsələsini gündəmə gətirir. Çox vaxt icra qurumları büdcədən ayrılan vəsaitləri onların səlahiyyətlərinə aid olmayan sahələrə yönəltməklə təyinatından kənar xərcləyirlər. Ya da konkret sahələrə və konkret şirkətlərə həddən çox pul yazılır. Son yağışlarda şəhər meri Hacıbala Abutalıbovun sayəsində evimizdən sel gedirdi. Yalan demirəm, divardan su krandan axan kimi tökülürdü. Səbəbi isə Olimpiadadan öncə evlərimizin fasadı və damın yoldan görünən hissəsinin "təmiri" idi. Binanı acınacaqlı duruma qoyub getdilər. Təmiri aparan "TNH" şirkətinin icraçı direktoru yaşayış binalarında yanar konstruksiyalar istifadə etdiyinə görə həbs olunandan sonra burada üzlüklərin sökülməsini və yaranmış nöqsanları ört-basdır etmək şirkətlərin birininstrukturuna daxil olan tikinti şirkətinə qaldı. Orda işləyənlər də qeyri-peşəkar çıxdılar, sağolsunlar, boruların hamısının ağzını qapadıb, yağışın axıb getməsinə yer qoymayıblar. Yağan yağış da evlərə yol alıb. 27 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Elxan Xakiyevə zəng vurdum, vəziyyəti ona izah elədim. Nə desə yaxşıdır? "Bu işlərə "JEK" baxmır, icra hakimiyyətinə zəng edin". Soruşdum, siz nə işlə məşğulsuz,"biz... heç nə...", deyə kəkələdi. Əlbəttə, doğrusunu demişdi, biz uzun zamandır MİS-lərin heç nəyə yaramadığını ucadan bağırırıq, amma bu heç nə ilə məşğul olmayan təşkilatı ləğv etmək üçün yetərli olmur. Bakı şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamentinin işi binalara və tikililərə texniki xidmət, fəaliyyətdə olduğu sektorlar isə məişət xidmətləri, binaların və ərazilərin təmizlənməsi, mənzil və kommunal, sanitar-epidemioloji nəzarət, su kəməri və kanalizasiya xidmətini həyata keçirməkdir. Amma nəinki təmirə gəlmirlər, bu quruma 4 aydan artıqdır küçə itlərini yığışdırmağın səlahiyyətlərində olduğunu onlara izah edə bilmirəm. Əslində onların tamamilə heç nə ilə məşğul olmadıqlarını söyləmək də doğru deyil, məşğul olurlar. Məsələn, icra hakimiyyətləri onlara ayrılan büdcə vəsaitlərini belə qurumların vasitəsilə silirlər.

Prezidentin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamədə" yerli icra hakimiyyətlərinin başçıları fəaliyyətlərini vətəndaşların hüquq və azadlıqları, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar". Əsasnamədə "qurmalıdırlar" yazılsaydı daha məntiqli olardı, çünki təcrübədə fəaliyyətlərini sadalanan prinsiplər əsasında qurmayan icra başçıları da var. Prezidentin zaman-zaman onları vəzifələrindən azad etməsi də bunu göstərir. Yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Prezident qarşısında şəxsən məsuliyyət daşıyır. Əsasnamənin 3-cü maddəsində icra hakimiyyəti başçılarının vəzifələri sadalanır. Təyin edildikləri rayonun sosial-iqtisadi, aqrar bölmə, istehlak bazarı və sahibkarlığın inkişafı, əhalinin sosial müdafiəsi və gender bərabərliyi, insanların sağlamlığı, sanitar-epidemioloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi, əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu, ətraf mühitdən istifadə, təmir-tikinti, memarlıq və şəhərsalma, təhsil və mədəniyyət, uşaqlar və gənclər siyasəti, bədən tərbiyəsi, idman və turizmin inkişafı, kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət, qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə, dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi icra başçılarının birbaşa vəzifələrinə daxildir.

Lakin təhlillər göstərir ki, icra hakimiyyətləri büdcədən onlara ayrılan vəsaitləri səmərəli xərcləmirlər. Onlar yuxarıda sadalanan işlərdən daha çox özlərinin rifahını yaxşılaşdırmağa pul ayırırlar. Əsasnamədə küçə və yolların abadlaşdırılması qeyd olunur, amma "ayrılan bütün vəsaitləri yalnız bu sahəyə yönəldin", deyilmir. İcra hakimiyyətlərində bunu tərsinə başa düşürlər, ya da bu cür qavramaq onlara sərf edir. Həm də abadlaşdırmanı küçələrimizdə aparmırlar. Yaşadığım Xətai rayon İcra Hakimiyyəti abadlıq adı altında 2010-cu ildə Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) vasitəsilə tenderdə 200000 manat, 2011-ci ildə 500650 manat, 2012-ci ildə 120000 manat xərcləyib. 2013-cü ildə abadlığa 350000 manat, daha 286,127 manat mal-material və xüsusi geyimlərə, 2014-cü ildə yenə abadlığa 350000 manat, geyim və təsərrüfat mallarına 239,900 manat, 2015-ci ildə hələlik 170,197 manat geyim və təsərrüfat mallarına sərf edib. Göründüyü kimi MKTB-də mənzillərlə bağlı bir iş görülmür. Məsələ burasındadır ki, iddia etdikləri kimi küçələrimizi də abadlaşdırmırlar, sadəcə görünən yerlərə "əl gəzdirirlər". Araşdırmalarımızın birində məlum olmuşdu ki, 5 ildə Xətai İH-nə ayrılan vəsaitlər yalnız inventar, təsərrüfat malları, "xüsusi geyim"lər və abadlaşdırma adı altında xərclənib, bir dənə də olsun tikinti aparılmayıb. Bakının Səbail, Nəsimi, Nərimanov, Suraxanı, Yasamal və digər rayonlarında da icra hakimiyyətləri bu işlər üçün MKTB-ni istifadə edir və külli miqdarda vəsait yönəldirlər. Həmin işləri də bir podratçı şirkət - "Dizayn Construction" görüb.

İcra hakimiyyətlərinin xərc istiqamətlərində prioritetləri fərqlidir. Məsələn, Sumqayıt İH 3 dəfə ardıcıl olaraq inzibati binasını təmir edib və bu işə 334,288 manat pul sərf olunub. Daha çox müxtəlif adda avadanlıq, mebel, inventar (inventar, bərk inventar, yumşaq inventar adı altında), çeşidli zibil qutuları, təsərrüfat malları, ərzağa iri pullar xərcləyiblər. Sonuncuya bir ildə 3 milyondan artıq vəsait yönəldilib. Təmizlik yaxşıdır, amma yuxarıda sadaladığımız kimi icra qurumlarının başqa funksiyaları da var və onların sırasında çeşidli inventar, hər il çoxlu texniki avadanlıq, insanların məktublarına cavab vermədikləri halda fantastik məbləğdə dəftərxana ləvazimatı almaq öhdəliyi yoxdur. Mənə maraqlıdır ki, icra başçıları rəhbərlik etdikləri rayonların sosial-iqtisadi, aqrar bölmə, istehlak bazarı, sahibkarlığın inkişafı, insanların sağlamlığı, əmək münasibətləri, əməyin mühafizəsi, əhalinin məşğulluğu, təhsil, mədəniyyət, uşaqlar və gənclər siyasəti, bədən tərbiyəsi, idman və turizmin inkişafı, kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət üçün hansı işləri görürlər? Çünki xərcləmələrdə bu sahələrə pul sərf etdikləri görünmür. İcra hakimiyyəti başçısının səlahiyyətlərində qeyd olunur ki, onlar elektrik, içməli su, kanalizasiya, istilik və qaz şəbəkələri qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək, vətəndaşların öz hesabına və müqavilələr əsasında yaşayış məntəqələrinin elektrikləşdirilməsi, qaz və su ilə təchizatı məsələlərini həll etmək, suyun keyfiyyətinə nəzarəti həyata keçirmək, əhalinin yanacaqla təmin olunmasına cavabdehdir. Amma biz istilik, ya da keyfiyyətli elektrik enerjisi ala bilmiriksə, icra hakimiyyətində təchizatçı müəssisələrə işarə edib yaxalarını kənara çəkirlər, başçının heç üzünü də görmürük. Ya da məsələn, Əsasnamədə müvafiq ərazidə ehtiyacı olan ailə, qadın və uşaqlara sosial yardım göstərilməsi işini təşkil etmək, ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliğinə yönəlmiş tədbirlər görmək də icra başçısının səlahiyyətlərinə aiddir. Bunun üçün hansı işi görürlər? Vəzifələri çoxdur, lakin vəsaitləri məhdud sahələrə yönəldirlər. Həm də o sahələrə ki, vətəndaşlarla birbaşa əlaqəsi yoxdur. İcra başçısının bir ildə aldığı yarım milyon manatlıq təsərrüfat malları, otağını bəzəyən mebellər, bahalı maşınların tavanı daman, istilik ala bilməyən, yerli-yersiz işıqları sönən, yağış düşən kimi yolları palçığa çevrilən vətəndaşla nə əlaqəsi var? Aldıqları avtomobillərlə evdən işə, işdən istirahətə gedirlər, vətəndaşı görməyə gəlmirlər. O mebellər bizim dərdimizi söyləmək üçün oturmağımızdan ötrü deyil. Yarım milyon manatlıq təsərrüfat malları küçəmizdə yaranan problemi aradan qaldırmır, ya da yarım milyonluq elektrik məhsulları həyatımızda rol oynamır, küçələrimiz onsuz da qaranlıqdır.

Goranboy İH-in tenderlərdə xərclədiklərini araşdırarkən məlum olmuşdu ki, təkcə 2011-ci ildə 192,470 manat küçələrin təmizlənməsinə sərf olunub. Goranboy nə qədər böyük bir rayondur ki, bir ildə küçələrin süpürülməsinə 200 min manata yaxın bir vəsait tələb olunsun? Həmin il və sonrakı illərdə də xeyli ərzaq alınıb, təkrar-təkrar təmir işləri aparılıb, yaşıllaşdırmaya pul ayrılıb. Rayon yerində minimum xərclərlə hər tərəfi yaşıllığa döndərmək olar. Burada aqrar sahəyə, sahibkarlığın inkişafına, məşğulluğun təmin edilməsinə pul ayrıldığını görə bilmirəm. Ya da məsələn, büdcələrində KİV-lə işləmək üçün maliyyə nəzərdə tutulmayıb. Bir konfrans keçirəndə və ya hansısa bir ərazi ilə mətbuat nümayəndələrini tanış etmək üçün təşkilatçılıq lazımdır. İcra başçıları vəzifələrindən irəli gələn öhdəliyi yerinə yetirmək üçün bu təşəbbüsü göstərmirlər. Bərdə rayon İH-in keçirdiyi satınalmalarda da aqrar bölmənin inkişafı, təsərrüfat, əmək münasibətləri prioritet təşkil etmir, yalnız sadaladığımız kimi ərzaq, odun, təsərrüfat malları, avadanlıq, bir də gözdən pərdə asmaq üçün abadlıq işlərinə pul yazılır. Amma şəhərin daxili küçələri asfalt üzü görməyib, xırda daşlarla döşənib, daxili yollarda işıq yoxdur, elektrik enerjisi verilişində fasilələr yaşanır, şəhərin kanalizasiya sistemi bərbaddır, hətta rayon sakinləri kanalizasiya sisteminin olmadığı səbəbindən çirkabın Tərtər çayına axıdıldığını deyirlər. "Xaltura" xərcləri kənara qoyub, ən azından kanalizasiya sistemini bərpa etmək olar. Ayrı-ayrı təşkilatlarda vəziyyət fərqli deyil, sanki rəqəmlər havadan götürülüb, heç bir maliyyə əsaslandırması yoxdur. Deyirlər, "bizə bu qədər vəsait verilib, onu mütləq xərcləməliyik". Sumqayıt şəhərinin xərcləmələrini araşdırarkən rast gəldiyim Sumqayıt Dövlət Universitetinin xərc strukturlarında daim 49 rəqəminin təkrarlanması xərclərin heç bir maliyyə əsaslandırmasının olmadığını göstərir. Təkcə 2012-ci il üzrə 35 tenderdə 2 milyon manat civarında vəsait hər dəfə "49" rəqəmi ilə ifadə olunub. Hər sahədə məsrəflərin bu qədər tutması inandırıcı deyil. Qəzet korrupsiyanın miqyasını dəqiq hesablaya bilməz, ən azından ona görə ki, həmin qurumların maliyyə hesabatları bizdə yoxdur. Odur ki, vəsaitlərin "talan edildiyi"ni dedikdə, səmərəsiz xərcləmə nəzərdə tutulur. Büdcədən maliyyələşən təşkilatlarda korrupsiyanı Hesablama Palatası, Maliyyə Nazirliyində görməlidirlər, amma çox təəssüf ki, iş axırda Prokurorluğa qalır.

Bizim Yol

OXŞAR XƏBƏRLƏR