Adil Vəliyev: “Deyilənlər həqiqəti əks etdirmir, əhaliyə yüksək səviyyədə xidmət etməyə borcluyam”
Ötən sayımızda Sabunçu rayonunun bir qrup sakini və sahibkarı adından icra başçısı Adil Vəliyevdən prezidentdə şikayət olunması ilə bağlı xəbər vermişdik. Yanvarın 21-i Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) xəbərə rəsmi münasibət bildirdi. “Yeni Müsavat”ın əməkdaşını qəbul edən icra başçısı A.Vəliyev deyilənlərin həqiqəti əks etdirmədiyini söylədi: “Cənab prezident mənə etimad göstərib bu vəzifəyə təyin edibsə, mən də əhaliyə yüksək səviyyədə xidmət etməyə borcluyam”.
İcra başçısı bizi rayonda görülən işlərlə bərabər yaxın günlərdə tikintisinə başlanacaq yeni projelərin, bina və parkların abadlaşdırılması planı ilə də tanış etdi. RİH başçısının göstərişi ilə onun müavinləri bizi rayondakı işlərlə tanış etdi. Onların sözlərinə görə, Bakının ən işlək stansiyalarından olan Sabunçu dəmiryol vağzalı bir müddət sonra tam sökülüb yerində müasir görkəmli vağzal tikiləcək. Burada maşınların normal hərəkətinə mane olan bütün obyektlər yoldan bir qədər arxaya çəkiləcək: “Hazırkı stansiya heç bir standarta cavab vermir. Oradakı kiçik kafelərdə antisanitariya hökm sürür. RİH onlara nəzarət edə bilmir. Stansiyanın daxilində bəzi işbazlar tikinti işləri aparıb, bəziləri isə dəmir yolunun qoruyucu xəttini aşaraq obyekt tikib. RİH bu qanunsuzluqları birbaşa yerində araşdırıb, qanunsuz tikililərin, stansiyanın hazırkı vəziyyətinin müxtəlif istiqamətlərdən fotoşəkilləri çəkilərək aktlaşdırılıb. Nəqliyyatın hərəkətinə mane olan obyektlər yoldan bir qədər arxaya çəkiləcək”.
RİH başçısı müavinlərinin sözlərinə görə, yeni tikilən stansiya hər biri 4 mərtəbə olmaqla, bir-biri ilə bağlı 3 korpusdan ibarət olacaq: “Üstəlik, maşını yol kənarında saxlayıb tıxaca səbəb olan sürücülər üçün də orada dayanacaq tikiləcək. 80-dən çox tutumu olan bu dayanacaq tıxacın azalmasına əhəmiyyətli şəkildə təsir edəcək. Vağzaldan keçən marşrut avtobuslarının stansiya ərazisinə rahat daxil olması üçün xüsusi yer də ayrılacaq”.
İcra hakimiyyəti nümayəndələri rayonda söküləcək binaların sakinlərinin taleyinə də aydınlıq gətirdi: “Fətəliyev küçəsində yerləşən və sakinlər tərəfindən tikilən əlavə artırmalar üzündən qəzalı vəziyyətə düşərək rayonun ümumi görünüşünü korlayan binaların sakinləri razılaşdırılmış şəkildə köçürülüb. Sakinlərə Bakının mərkəzindəki evləri sökülən insanlara verilən kompensasiya qədər, yəni 1200 manat ödənilib”.
RİH başçısının müavinləri rayonda əsas yollara yaxın yerdə tikilən obyektlərdən də söz açdı: “Bu ticarət obyektləri qanunla nəzərdə tutulmuş şəkildə yoldan bir qədər aralı köçürülüb. RİH ticarət obyektlərinin hamısını təmir elətdirib. Fətəliyev, 32 ünvanındakı obyekt sahiblərinə imkan yaratmışıq ki, qanun çərçivəsində, camaatın gediş-gəlişinə mane olmamaq şərti ilə obyekt tiksinlər. Ya da bu işi bizə buraxsınlar, müasir görkəmli mağazalar tikib onların sərəncamına verək. Çünki indiyə kimi RİH yüzlərə belə yöndəmsiz obyekti söküb uyğun yerdə yenisini tikərək həmin sahibkarın ixtiyarına verib. Biz rayondakı qəzet köşklərinin fəaliyyətinə də şərait yaradırıq. Rayonda ”Qasid" yayım firmasına müasir görünüşlü köşk də tikilib".
Ağacların kəsilməsi ilə bağlı şikayət edən sakinlərə cavab olaraq RİH-dən bildirildi ki, Sabunçu Bakının ən çox yaşıllığı olan rayonudur: “1500-dən çox ”Xan çinarı" gətirilib. Bir o qədəri də artıq əkilib. Sürətlə yaşıllıq işləri görülür. RİH-in ixtiyarı yoxdur ki, hansısa ağacı kəssin. Ağacın kəsilməsinə yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verir".
Binalara istiliyin verilməsi haqda danışan məmurların sözlərinə görə, 30-dan çox binanın istiliyi təmin olunub: “Sabunçunun kəndlərində də sürətlə quruculuq işləri aparılır. Maştağada qrunt suları nəticəsində kəndin əsas yolları keçilməz olurdu. İcra hakimiyyəti bu problemi aradan qaldırmaq üçün 42 drenaj quyusu qazdırdı və problemi kökündən həll etdi”.
RİH təmsilçiləri sonda obu da vurğuladılar ki, Sülh küçəsindəki “Damcı bulaq” restoranı qanunsuz olaraq icra hakimiyyəti binasının ərazisinə girdiyindən həmin obyekt haqda qanunla ölçü götürülüb.
Yeni Müsavat