Nazim İsmayılov və bələdiyyə sədri su basan kəndlərin örüş sahələrini üç nəfərə peşkəş edib, əhalini hədələyir, cərimələyirlər; işıq borclarının yüklənməsi də camaatı ayağa qaldırıb
Sabirabadın dörd il əvvəl su basan kəndlərində yeni üsyan ab-havası var. Əhaliyə külli miqdarda işıq pulu borclarının yüklənməsi camaatı qəzəbləndirib. Kəndlilər ayağa qalxıb və etirazını bildirib. Söhbət Qasımbəyli, Muradbəyli, Axtaçı və Əsgərbəyli kəndlərindən gedir. Sel fəlakətindən dörd il keçsə də, bu kəndlərin əhlisinin problemləri bitib-tükənmir.
İndi də kəndlilər o dövrdən qalma işıq pulu borclarını ödəməyə məhkum edilibər. Bu da etirazlarla nəticələnib. Çünki hər bir evə azı 200 - 300 manat işıq pulu borcu gəlib.
Kənd sakinləri deyirlər ki, həmin dövrdə onların işıq borcları dövlət tərəfindən silinib.
Əməkdaşlarımız ötən həftə işıq pulu borcuna görə mitinq keçirən sözügedən kəndlərdə olublar.
“Sel basandan sonra su borcları yığılıb. Bizdən hissə-hissə, iki ilə ödənilməsini tələb edirlər. Səhər saat 9-da işığı kəsirlər, bir də gecə yandırırlar. Bütün əkin sahələrimiz susuz qalıb, işıq yanmır, motor dayanır. İşıq da gecə olur, gecə gedib əkin sahəsi sulamaq olar? İndi əkin-biçinin sulanan vaxtıdır. Səhər 6-da durub suyu açıram, bir az keçir işıq sönür, motor yatır”deyə, Qasımbəyli sakini Qalib Ənnağıyev şikayətlənir.
Onun sözlərinə görə, heç kəs gedib əkin sahələrini gecə saatlarında sulaya bilmir: “Camaat əkin-biçinlə dolanır.
Bir az kartof, yonca əkmişik. Onu da işıq olmur deyə sulaya bilmirik. Hər bir təsərrüfata azı 250 manat borc yazıblar. Sel olanda su borcları əfv edilmişdi. İndi gəlib hardan çıxdı bu borc bilmirik. Gecə vaxtı necə sahələri sulayaq? Çaqqal, canavar hücum eləyər üstümüzə. Mənə 248 manat borc gəlib. Hər ay 10 manat işıq pulu ödəmişəm. Bəs necə olur ki, 248 manat borc gəlir? Evdə nə soyuducu işləyir, nə tozsoran istifadə olunur, işlətdiyimiz tək televizordur. O da heç nə yazmır”.
Kənd sakini Hikmətəli Əsgərov deyir ki, bir ton kartof əkib: “Borc-xərc edib kartof əkmişəm ki, satıb ailəmi dolandırım. Ancaq işıq vermirlər ki, gedib sahəni sulayım. Şikayətimizi özümüz deyib özümüz eşidirik. Bizim əkin-biçindən başqa gəlir yerimiz yoxdur. Mənim sahəm neçə kilometr aralıda yerləşir. Gecə ora necə gedib sahəni sulayım?”
Qasımbəyli camaatı deyir ki, onların ən böyük problemi işıq yox, torpaqların pay-püş edilməsidir. Örüş sahələrinin peşkəş olunduğu deyən kəndlilərin sözlərinə görə, bu işin arxasında Sabirabadın icra başçısı Nazim İsmayılov durur.
Kəndlilərin sözlərinə görə, kənd bələdiyyə sədri Cəmil Məmmədovla icra nümayəndəsi Afət İsgəndərov əlbir olaraq kənd torpaqlarını imkanlı şəxslərə satıblar. Mal-heyvanı otarmağa yer tapmayan kəndlilər deyirlər ki, Saatlının Nərimanov kəndində torpaqlar pullu adamlara satılıb.
“Bizə işıq lazım deyil, qardaş. O qədər dərdimiz çoxdur ki, işığı neynirik? Bütün mal-örüş sahələrimizi satıblar. Bu kəndi 3 pullu adama satıblar. Onlar da bu sahələrdə taxıl əkirlər. İcra başçısı söz verib ki, taxıl əkiləndən sonra torpaqlar qaytarılacaq. Yalan vəd verir.
Bu dəqiqə 400 nəfərin örüşü satılıb. Onlar öz mal-heyvanını örüşə buraxıblar, bizimkilər həyətdə su içində qalıb, 5-10 günə heyvanlar acından öləcək" deyə, qasımbəylililər şikayətlənir. Deyirlər ki, torpaqları zəbt edənlər camaatı hədələyirlər. Hətta6 nəfəri məhkəməyə verib, cərimələyiblər.
Guya kəndlilərin mal-heyvanı onların örüşünə girib.
Şikayətçilər söyləyirlər ki, rayon rəhbərliyinin xəbəri olmasa bələdiyyə sədri torpaqları sata bilməz: “Kənddə 50 hektar yeri bir adama satıblar, 5 inək buraxıb. Mənim inəyim ölür bir həftəyə, məcburam 40 manata satam. Beş nəfər yığışır dərdini deməyə, biri dükan işlədir, o biri müəllim olur, biri də işıq idarəsində işləyir. Onlara da təzyiq edirlər, qalan 2 nəfərin də polis qabağını kəsir, qoymur şikayətini deməyə”.
Sakinlər dedilər ki, örüş sahələrini alan Adişirin hamını hədələyir: “Deyir ki, arxasında Prezident Administrasiyasında dayanan var. Biz örüş sahələrimizi istəyirik. Vergisi nədirsə, verək mal-heyvanımızı otaraq. Bunların məqsədi odur ki, xalqı prezidentdən narazı salsınlar. Bunların işi bizi prezidentin üstünə qaldırmaqdır. Kim səsini çıxarır, çağırıb sıxışdırırlar”.
Kənddə cərimə olunanlardan biri -Elşadla görüşdük. Dedi ki, cərimə ödəməyə imkanı yoxdur: “Hamı mal-qarasını həyətdə saxlayıb. Örüşə çıxarda bilmirik. Məhkəmə cəriməsini bilmirəm ki, necə ödəyim. Mal-heyvanı satıb hissə-hissə cəriməni verməliyəm, başqa qazanc yerim yoxdur”.
Əsgərbəyli, Axtaçı kəndlərinin camaatı da bizimlə söhbətdə işıq borclarının yüklənməsinə etiraz etdi. Sakinlər bildirdilər ki, rəhbərlik əhalini məqsədi şəkildə narazı salır və daşqınlardan sonra özünə gələ bilməyən kəndləri daha da acınacaqlı vəziyyətə sürükləyir.
Kəndlilər qeyd etdilər ki, əgər bu borclar silinməsə etirazlar davam edəcək. Kəndlilərin dediyinə görə, kənd camaatının vəziyyəti nəzərə alınmalıdır, güzəşt olunmalıdır. Qasımbəyli camaatı isə örüş sahələrinin satılmasına görə ölkə rəhbərliyi müvafiq orqanlara göstəriş verməsini istədilər.