Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev Bakının Zığ şosesində yanan bina ilə bağlı açıqlama verib.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, o, deyib ki, yanğın binanın fasadından başlayıb: “Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb”.
R. Xudiyev bildirib ki, ki, yanğınsöndürənlər 3 nəfər xilas ediblər: “Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır”.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: “Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq”. İcra başçısı deyib ki, sakinlərdən bəziləri yaxın qohumlarının evində gecələyəcəklərini bildiriblər: “İstəyənləri yerlə təmin edəcəyik”.