İcra başçısını ilk məhkəmədə udmuşdu - Bu dəfə cəzalandırıldı

İcra başçısını ilk məhkəmədə udmuşdu - Bu dəfə cəzalandırıldı
SİYASƏT
12:42 20.11.2026
99
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ona böhtan atmaqda ittiham etdiyi kəndliyə budəfəki məhkəmədə qalib gəlib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsi icra başçısının şikayətini təmin edib.

Belə ki, Asif Hüseynov Uzunboyad kənd sakini Vüsal Muradovu bundan əvvəl Xaçmaz Rayon Məhkəməsinə vermişdi. Məsələ isə ondan ibarətdir ki, Vüsal sosial şəbəkələrdəki paylaşımlarda icra başçısına dəyəri 10 min manat olan 10 ton arpanı nisyə satdığını, pulunu ala bilmədiyini iddia edib.

Kəndli şikayətini ictimailəşdirdikdən sonra pulunu ala biləcəyinə ümid edib, lakin qarşı tərəfin etirazı ilə üzləşib. İcra başçısı şikayət ərizəsində kəndlinin böhtan atdığını və ona borcu olduğunu yalan dediyini bildirib. Həmçinin Vüsalın bu əməlini qardaşı Rafiqin bələdiyyə sədri vəzifəsindən azad edilməsinə qıcıqlanması ilə əlaqələndirib.

Birinci instansiya məhkəməsi icra başçısının şikayətini əsaslı hesab etməyib. Kəndlinin böhtan atması sübuta yetirilmədiyindən ona bəraət verilib.

Bu günlərdə isə apellyasiya məhkəməsi icra başçısının şikayəti əsasında həmin hökmü ləğv edib. Hakim Rəşadət Ağayev yekunda qənaətə gəlib ki, kəndli icra başçısına dələduzluq etməsi ilə böhtan atıb, buna görə də cəzalandırılmalıdır.

Qərara əsasən, Vüsal Muradov Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.
OXŞAR XƏBƏRLƏR