İcra başçısının adı daha bir qalmaqalda - Təfərrüat

İcra başçısının adı daha bir qalmaqalda -  Təfərrüat
Bütün Xəbərlər
09:21 08.07.2014
6403

Tahir Kərimov Salyanın torpaq sahələrini mənimsəyir

Ölkədə az sayda icra hakimiyyəti başçıları tapılar ki, onlardan demək olar ki, hər gün müxtəlif strukturlar, müvafiq qurumlar, eləcə də kütləvi informasiya vasitələrinə şikayətlər daxil olur. Belə icra hakimiyyəti başçıları sırasında ilk növbədə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun adı yer alır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Salyan rayonuna icra hakimiyyəti başçısı təyin edilən gündən rayonu sözün əsl mənasında çapıb talayan Tahir Kərimov indi də onun bu əməllərini açıb ictimaiyyətə təqdim edən şəxsləri şərləyərək həbs etdirməklə məşğuldur.

Son günlərdə hüquq müdafiəçisi Emil Məmmədov ətrafında baş verənlər bunu bir daha sübut edir. Hüquq müdafiəçisi Emil Məmmədovun həbs olunması ilə əlaqədar rayon ictimaiyyətinin 350 nəfər nümayəndəsinin KİV-lərə ünvanladığı müraciətdən, eləcə də Emil Məmmədovun həyat yoldaşı  mətbuata verdiyi müsahibədən məlum olur ki, hüquq müdafiəçisinin həbsi məhz rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun sifarişi əsasında baş tutub. Onların Emil Məmmədovun həbsinin motivləri ilə bağlı gətirdikləri arqumentlər və faktlar da sübut edir ki, rayon ictimaiyyəti öz qənaətində haqlıdır. Rayonda tuğyan edən rüşvətxorluğa qarşı mübarizə aparan, bu barədə ölkə mətbuatına və aidiyyatı üzrə dövlət orqanlarına mütəmadi məlumat verən, rayon sakinlərinin pozulmuş hquqlarının bərpası uğrunda çalışan hüquq müdafiəçisinin iki idarə müdirinin ərizəsi əsasında həbs olunması deyilənlərin həqiqət olduğuna inam yaradır.

Redaksiyaya daxil olan məlumatlardan aydın olur ki, Tahir Kərimov bütün bunlardan nəticə çıxarmaq, öz işinə məsuliyyətlə yanaşmaqdan daha çox cılız mübarizə vasitələrindən istifadə edərək xoşuna gəlməyən insanları cəzalandırmaqla  məşğuldur. Belə ki, bir müddət əvvəl Tahir Kərimov Salyan rayon Xalac kənd musuqi məktəbinin direktorunu heç bir ciddi əsas olmadan işdən çıxarıb. İcra hakimiyyətinin başçısı direktordan işdən çıxmaq barədə ərizə yazamağı tələb edib. Maraqlıdır ki, Tahir Kərimov bu hərəkətinə öz aləmində haqq qazandıra da bilib. İcra başçısı guya bunu Xalac kəndində musiqinin lazımı səviyyədə tədris olunmaması ilə əlaqələndirib və musiqinin qayğısına qaldığını göstərmək istəyib. Lakin yerli əhali icra hakimiyyəti başçısının bu cür hərəkətlərin arxasında hansı çirkin məqsədlərin dayandığını çox yaxşı bilir.

Belə ki, icra hakimiyyətinin başçısı musuqi məktəbinin direktoruna rayonun mərkəzi küçələrindən birini təmir etmək tapşırığını verib. Məktəb direktorunun bu etməyə maddi imkanı çatmayacağını bildirdikdə isə Tahir Kərimov ənənəvi cəza maşınını işə salaraq direktordan işdən çıxmaq barədə ərizə yazmağı tələb edib. Belə olan halda ortaya maraqlı bir sual çıxır. Əgər Salyan Rayon İcra Hakimiyyətinin başçısı rayonun abadlaşdırılmasını yerli müəssisə rəhbərləri, məktəb direktorlarının hesabına həyata keçirirsə onda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə rayona ayrılan külli miqdarda vəsaitlər hara xərclənir? Məlumat üçün qeyd edək ki, təkcə son 8 ay ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzalamış olduğu sərəncamlar əsasında Salyan rayonuna ümumilikdə 5 milyon manat vəsait ayrılıb.

Həmin vəsaitin qarşılığında isə rayon yerli müəssisə və orta ümumtəhsil müəssisələrinin direktorları, yerli sahibkarların vəsaiti hesabına abadlaşdırılır. Bəs onda Tahir Kərimov dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaiti hara sərf edir? Aparılan araşdırmalar nəticəsində bu suala da cavab tapılıb. Salyan rayonundan redaksiyaya daxil olan şikayət məktubundan məlum olur ki, icra hakimiyyətinin başçısı Tahir Kərimov rayonda xeyli torpaq sahəsini əlinə keçirərək bir neçə fermer təsərrüfatı, müəssisə yaradıb. Elə dövlət büdcəsindən Salyanın abadlaşdırılması, yeni infrastruktirların yaradılmasına ayrılan vəsaitlər də məhz Tahir Kərimovun fermer təsərrüfatı, müəssisələr qurmasına sərf olunur. Burada xüsusi diqqət çəkən və gülünc doğuran məsələ isə ondan ibarətdir ki, Tahir Kərimov həmin fermer təsərrüfatı və müəssisələri  həyat yoldaşının adına yaradıb. 

Bütün bunların fonunda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova prezident İlham Əliyevin “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışını xatırlatmaq yerinə düşərdi: “İcra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir. O, dövlət siyasətindən kənarda heç bir iş apara bilməz. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq. Onlardan qanunsuz tələb edən şəxslər öz cəzasını alacaq. Onlara yalnız kömək etmək lazımdır ki, öz işlərini səmərəli şəkildə qura bilsinlər”.///veteninfo.az

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR