İcra başçısının rüşvətxor müavini deputat olmaq istəyir

İcra başçısının rüşvətxor müavini deputat olmaq istəyir
Bütün Xəbərlər
01:54 25.09.2015
5518

YAP-ın yeni namizədlərindən biri olan Sona Əliyeva haqda xəbərlər yayılıb. 99 saylı Şəmkir Seçki Dairəsindən namizədliyi irəli sürülən S.Əliyeva rayonun icra başçısının müavinidir.

Buna qədər xanım müavin Əhməd Cavad adına orta məktəbdə biologiya müəlliməsi işləyib.

Rayon Təhsil İdarəsinin müdiri Məcid Şıxlinski Sona Sakitqızını metodist vəzifəsinə işə götürüb. 2012-ci ildə ilin ən yaxşı müəlliməsi müsabiqəsində qalib gələrək mükafata layiq görülüb.

Halbukibu müsabiqədə metodist iştirak edə bilməz. Elə bu səbəbdən təhsil şöbəsinin müdiri onu əmrlə işdən çıxararaq müsabiqədən sonra işə bərpa edir. Sona xanım Prezident tərəfindən əməkdar müəllimə adi ilə təltif olunur. Bu işdə Prezidentə yalan məlumat verilir.

Prezidentinin 22 may 1998-ci ildə imzaladığı 706 sayli fərmana əsasən 20 ildən yuxarı müəllimlik staji olan insanlar bu ada layiq görülə bilər. Heç 9 il staj sahibi olmayan S.Əliyeva bu cərgəyə qoşulub.

2000-ci ildən müəllimə işləyən xanımın 3 övladı var. Doğum tarixləri 2001, 2003 və 2005-ci illərə təsadüf edən əməkdar müəllimənin analıq məzuniyyətlərini də iş stajından çıxsaq qanunsuz bir addım atıldığı məlum olur.

Bu barədə hələ ötən il Mİlli.az saytına maraqlı bir məktub daxil olmuşdu. Həmin məktubda qeyd olunurdu ki,“Şəmkir rayonunda çox göstərmə işlər baş verir. Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski dövlətdən, millətdən çox sevdiyi pulu üstün tutur. O, Ə.Cavad adına orta məktəbdə biologiya müəllimi işləyən savadsız Əliyeva Sona Sakit qızına pul ilə müəllimlərin respublika müsabiqəsində laureat adını almasını təşkil edərək əvəzində 10 min manat almağa müvəffəq oldu. Sona Əliyevanın müəllimlik stajı doqquz il olmasına baxmayaraq, onun müəllim işlədiyi 6-cı ildə “Əməkdar müəllim” fəxri adı verildi. Bu əməliyyatları apararkən Məcid Şıxlinski Sona xanıma verilən “laureat” adı üçün on min manat, “Əməkdar müəllim” adı üçün isə on beş min manat rüşvət almışdı. Sona Əliyevanın cəmi doqquz il pedaqoji stajı var. Sona xanım bu doqquz ildə həm də evlənərək üç uşaq anası olub. Üç il analıq məzuniyyətində olub”.

Daha sonra məktubda deyilir ki, çox “məhsuldar” işləyən Sona Əliyeva daha yüksək kürsülərə rüşvət hesabına oturdu: “Şəmkir rayonunda bu yüksək adlara, həqiqətən, layiq ola biləcək zəhmətkeş, əxlaqlı, pedaqoji stajı tam olan müəllimlər ordusu var. Axı biz bilirik ki, “Əməkdar müəllim” fəxri adı ola bilmək üçün iyirmi il işləmək lazımdır. Bir belə saxtakarlıqdan sonra Sona Əliyeva Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veyisov tərəfindən İcra Başçısının müavini vəzifəsinə gətirilib”.

S. Əliyeva isə bu məktuba çox maraqlı bir münasibət bildirmişdi:“34 yaşım var, 14 il pedaqoji stajım olub. Ötən il “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm, eyni zamanda “Ən yaxşı müəllim” müsabiqəsində qalib olmaqla 2012-ci ildə ilin 100 ən yaşı müəllimlərindən biri seçilmişəm. Bir neçə layihə üzrə qrant udmuşam, QHT-lərlə işləmişəm, sonra da bu vəzifəyə gəlmişəm. Onu yazan adamın kimliyi məni maraqlandırmır. İnanmıram ki, elə bir şərəfsiz adamla dostluğum ola. Göydə Allahın ədaləti var, mən ona sığınıram. Əxlaqım da yerindədir, şübhələri ola bilməz”.

Müavin onun barəsində kəskin ittihamlara görə kişiləri qınamışdı: “Görün ölkədə kişilərimiz nə qədər cılızlaşıb ki qadının yaxasından tutub yaza-yaza gedirlər. Şəmkir rayonunda inanmıram ki, qadınlar internetdə oturub saytlarda yazsın. Pedaqoji savadım var. Gənclər fondundan qrant layihəsi udmuşam, internet resurslarından uzun müddət müəllimlərə təlim keçmişəm, Təhsil Nazirliyi ilə bir neçə layihələrdə əməkdaşlığım olub. Məni təhsil naziri də tanıyır. Gedin Əhməd Cavad məktəbindən soruşun ki mən kiməm, nə işlə məşğul olmuşam. Bilmirəm “Əməkdar müəlim” adı üçün 20 il təcrübə lazımdır, ya yox, amma bir neçə müabiqlərin qalibi, beynəlxalq cəmiyyətlərin tədbirlərinin iştirakçısıyam. Məni də bu işə icra baçısı dəvət edib bir aktiv qadın kimi. Dəvət edilmişəm, necə deyəydim ki, gəlmirəm”.

2013-cü ildə Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunan bu xanım vəzifəyə gələn kimi rayon Gənclər və İdman idarəsinin müdiri Gözəlov Pərvin Teymuraz oğlunu vəzifəsindən azad etdirərək yerinə öz adamı olan İsmayılov Emin Həsən oğlunu təyin etdirir. Yeni müdir də şefi kimi işinə “məsuliyyətlə” başlayır.

Uşaq və Gənclər İdman məktəbinin məşqçi müəllimlərinin bankdan maaş kartlarının yenisini çıxarır. Bu ilin aprelindən iyuluna qədər maaşları 5000 olmaqla 20 000 manat bankomatdan götürür. Müəllimlərin və özünün həyat yoldaşının şikayəti əsasinda Şəmkir şəhər prokurorluğunda barəsində cinayət işi qaldırılır.

Emin müəllim kollektivdə boynuna almasa da, istintaqa ifadəsində tərəfindən bankomatlardan götürdüyü 20000 manatın 15 000 manatını Sona Əliyevaya verdiyini etiraf edir.

Sona xanım isə hazırda deputat olmağa iddialıdır. Bəlkə də özü istəməyib, elə icra başçısının müavini postu kimi deputatlığa da dəvət edilib. Necə deyərdi ki, gəlmirəm?

Redaksiyamıza daxil olan məlumatlara görə, Şəmkirin icra başçısı Alimpapa Məmmədov da müavininin deputat olmasında maraqlıdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq./// yenilik.az

OXŞAR XƏBƏRLƏR