Hadisəni çəkmək istəyən ANS əməkdaşları isə icra nümayəndələrinin təzyiqinə məruz qalıb
Ötən gün axşam saatlarında Göyçay rayonu İcra Hakimiyyətinin binasında yanğın hadisəsi qeydə alınıb. ANS TV-nin məlumatına görə, yanğın binanın ikinci mərtəbəsində otaqlardan birində baş verib. Hadisə yerinə Göyçay və Ucar rayon yanğından mühafizə idarələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qısapanma nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə bağlı məlumat almaq istəyən ANS-in çəkiliş qrupuna isə təzyiq göstərilib. Çəkilişə icazə verməyən Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdiri kanalın əməkdaşlarının üzərinə hücum çəkərək onları hədələyib. Polis əməkdaşları da jurnalistlərin çəkiliş aparmasına mane olmağa çalışıb.