“İdman Azərbaycan” kanalı Antalyada təşkil olunan beynəlxalq turnirdə mübarizə aparan “Neftçi” – “Metallist” matçını yayımlanmamağına aydınlıq gətirib. AZXEBER.COM-un xəbərinə görə, telekanal yaydığı bəyanatda yaranmış problemə aydınlıq gətirib.Bildirilir ki, yayımla bağlı hətta turnirin təşkilatçıları ilə razılıq da əldə olunmuş, hətta telekanalın efirində anonslar da yerləşdirilmişdi: “Ancaq son anda bizdən asılı olmayan səbəblərdən “Neftçi” - “Metallist” qarşılaşmasının yayımı baş tutmadı. Belə ki, yarışı təşkil edən “Enda Sports& Media” şirkətinin rəhbəri Metin Dalman son anda bildirdi ki, “Neftçi”nin oyunlarına maraq olmadığına və klubun turnirdə zəif komandalardan biri olduğuna görə paytaxt təmsilçisinin heç bir oyunundan canlı yayım təşkil olunmayacaq”. Beynəlxalq turnirdə teleyayımla bağlı çəkiliş hüququ olan bu şirkət “Neftçi”nin oyunundan peşəkar səviyyədə çəkiliş aparmayandan sonra “İdman Azərbaycan” kanalı da “Neftşi” - “Metallist” qarşılaşmasını yayımlaya bilmədi. Bəyanatda qeyd olunur ki, bu barədə “İdman Azərbaycan” telekanalı olaraq dərhal “Neftçi” klubunun rəhbərliyinə məlumat verilib: “Onlar da “Neftçi”nin oyunlarının yayımlanmasa belə heç bir problemin olmayacağını qeyd etmişdilər. Ancaq görünür “Neftçi”də mətbuatla iş hələ də peşəkar səviyyədə qurulmayıb. Əgər belə olmasaydı, klubun saytında heç bir məlumat almadan və səbəb olmadan “Neftçi”-“Metallist” görüşünün yayımlanmamasına görə “İdman Azərbaycan” telekanalı qeyri-peşəkar adlandırılmazdı. Bizi qeyri-peşəkar adlandıran bəzi üzdəniraqlar əvvəlcə özləri işlərində peşəkar olmalı hər hansı bir məlumatı dəqiqləşdirmədən özü də “Neftçi” kimi bir klubun saytında yerləşdirməməlidirlər. Çünki belə cılız bəyanatlar “Neftçi” kimi Azərbaycan futbolunun flaqmanı sayılan bir kluba doğrudan da yaraşmır”. Bəyanatın sonunda vurğulanır ki, “İdman Azərbaycan” kanalı indiyə qədər heç bir beynəlxalq və yerli yarışların yayımlanmasında hər hansı bir qüsura yol verməyib: “Daim Azərbaycan futbolunun ən sadiq tərəfdaşı olmuş, istər milli komandamızın, istərsə də hər bir klubumuzun həm rəsmi, həm də yoldaşlıq oyunlarını Azərbaycan futbolsevərlərinə təqdim etməyə çalışmışıq. Və bundan sonra da bu iş prinsiplərimizə sadiq qalacağıq”.