İftar süfrəsində şəhid anasını ağladan hadisə - Əfsələddin Ağalarov yazır...

İftar süfrəsində şəhid anasını ağladan hadisə - Əfsələddin Ağalarov yazır...
SOSİAL
15:26 17.04.2023
368
Əfsələddin Ağalarov 
 
Ötən gün dostlarla birgə iftar süfrəsinə dəvət etmişdilər. Vədələşdiyimiz vaxtda çatıb, boş yerlərdə əyləşdik. Üzbəüzümüzdə üç şəhid anası oturmuşdu.

Qeyri-adi mənzərə idi. Həyatları boyunca bəlkə də heç bir zaman yolları kəsişməmiş bu üç qadın sanki özləri üçün ayrıca dünya qurmuşdular. Rahat anlaşılırdı. Onlara Allahdan və bir də onlardan başqa heç kim maraqlı deyildi. Biri-birilərinə xidmət edir - biri digərinin qabına yemək çəkir, biri əli ilə o birisinin şalını düzəldir, sonra birlikdə əllərini açıb dualar oxuyurdular.

Vaxt gəldi, axund "başlaya bilərsiniz!" göstərişini verib mikrafonu qapatdı.

Çəngəl-bıçaq səsi ərşə qalxan kimi, cəld onlarla ortamızda duran feyxoa kompotuna əl atdım. Qapağını açıb sırayla iki anamızın stəkanına süzüb sonra üçüncüyə keçdim.

Üçüncü şəhid anası tez əlini stəkanın üstünə tutdu. Nə illah etdimsə, yox dedi. Düşündüm ki, bəlkə mənə əziyyət verməmək üçün belə edir. Təkid etdim, ona da xidmət etmək istədim.

Qadın anidən əlini stəkandan götürüb üzünə apardı, aparan kimi də hönkürdü. O ağladı, mən də kor-peşman yerimə oturdum.

Sakitləşəndən sonra mənə baxıb: "Bağışla, oğlum! Şəhid balam sonuncu dəfə yığanda dedi ki, ona feyxoa kompotu saxlayım. Evdə bircə feyxoa kompotu qalmışdı. Onu da saxladım. Olmadı, gəlmədi ki, içsin. O kompot indi də durur".

Sözü yarımçıq qaldı, qəhər yenə boğazında düyünləndi. O ağladı, mən də üstümə aşan bir tonluq "daş"ın altında canımla əlləşdim.

Ortamızdakı feyxoa kompotu günün sonuna kimi sağdan sola, soldan sağa əldən-ələ gəzişdi.

Amma o axşam nə o kompot içə bildi, nə də ki mən...
OXŞAR XƏBƏRLƏR