Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Bakı Metropoliteni "BakuBus” və "Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov AZXEBER.COM-a açıqlamasında deyib ki, Bakı şəhərində ictimai nəqliyyatın idarə olunması ilə bağlı institusional problemlər mövcud idi:

"Hər üç qurum Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibinə daxil idi. Bakı şəhərində ictimai nəqliyyatın idarə olunması ilə bağlı institusional problemlər mövcud idi. Ümumiyyətlə, dünyanın böyük şəhərlərində ictimai nəqliyyatın bütün növləri vahid mərkəzdən idarə olunur. Bu funksiyanı isə adətən həmin şəhərlərin meri və ya bələdiyyəsi həyata keçirir”.
Ekspert qeyd edib ki, bu qurumların birləşdirilməsində məqsəd iki fərqli nəqliyyat növü arasında koordinasiyanı gücləndirməkdir:
"Bu üç qurumun birləşdirilməsinin əsas məqsədi nəqliyyat sahəsində mövcud problemlərin aradan qaldırılmasına xidmət edir. Belə olan halda, onlar ictimai nəqliyyatın vahid operatoru kimi fəaliyyət göstərəcəklər. "Bakı Metropoliteni” Azərbaycanda metro fəaliyyəti göstərən yeganə qurumdur. "BakuBus” isə dövlət tərəfindən yaradılmış avtobus sərnişindaşıma operatorudur. Bu qurumların birləşdirilməsində məqsəd iki fərqli nəqliyyat növü arasında koordinasiyanı gücləndirmək və xidmət keyfiyyətini artırmaqdır”.
Ə.Hüseynov deyib ki, birləşən qurumların adlarının ləğvi də mümkündür:
"Üç qurumun birləşməsindən sonra adların dəyişdirilməsi və ya bəzi brendlərin ləğv olunması da mümkündür. Məsələn, gələcəkdə "BakuBus” və "Bakı Taksi Xidməti” adları fəaliyyət göstərməyə bilər. Yəni bu qurumlar ayrıca təsərrüfat subyekti kimi mövcud olmayacaqlar. Hətta gələcəkdə həmin avtobusların üzərində "BakuBus” adı əvəzinə başqa bir ad yazıla bilər”.
Şahanə Ziyad











































