Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərəcək.
Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi nəzərə alınaraq, burada da müvafiq şərait yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev Ağdaş rayonunda dəfələrlə olduğunu deyib: "Bu dəfə də burada görülən işlərlə tanış olacağam. Biz bu gün ilk növbədə Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Bu, gözəl hadisədir. Möhtəşəm Mərkəzdir. Həm memarlıq, həm də daxili dizayn baxımından göz oxşayır. Bu gözəl Mərkəz bir memarlıq abidəsidir. Eyni zamanda, Mərkəzdə yerləşən studiyalar, dərnəklər əlbəttə ki, onun funksional əhəmiyyətini də artıracaqdır.
Belə mərkəzlərin bölgələrdə açılması həm Azərbaycan xalqının Heydər Əliyevə olan ehtiramının təzahürüdür, eyni zamanda, mərkəzlərdə Heydər Əliyevin keçdiyi yolla bağlı ekspozisiyalar quraşdırılır, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün gördüyü işlər, müasir Azərbaycan tarixi öz əksini tapır. Bu mərkəzlərdəki sənədlər, fotomateriallar, ekspozisiyalar bizim yaxın tariximizi əks etdirir".
Prezident bildirib ki, mərkəzlərin böyük mənəvi funksiyaları var: "Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə, bildiyiniz kimi, çox ağır vəziyyətdə idi. Demək olar ki, müstəqilliyimiz əldən gedirdi, xaos, anarxiya hökm sürürdü, vətəndaş müharibəsi başlamışdı.
Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Beləliklə, 1993-cü ildən bu günə qədər ölkəmiz inkişaf və sabitlik dövrü yaşayır. Hər bir ölkənin inkişafı üçün sabitlik başlıca şərtdir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz əldə edilmiş sabitliyin nəticəsidir.
Biz Heydər Əliyevin siyasətinə sadiqik. Azərbaycan onun qoyduğu yolla gedir və uğurla gedir. Son 20 ilin inkişafı onu göstərir ki, bu, düzgün yoldur. Başqa yol ola bilməz. Azərbaycan bu gün dünya miqyasında çox etibarlı ölkə, tərəfdaş kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Xarici siyasətimizin təməlini də Heydər Əliyev qoymuşdur. Bu siyasət müstəqillik əsasında qurulur. Bu gün bizim iqtisadi imkanlarımız artdıqca əlbəttə ki, dünyada, beynəlxalq arenada istənilən məsələ ilə bağlı sözümüzü açıq ifadə edirik. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır və bu mövqe ədalətə əsaslanır".
Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün də öz rolunu oynayır: "Azərbaycan nəinki bölgədə, dünya miqyasında bir mərkəzə çevrilibdir. Demək olar ki, hər həftə beynəlxalq tədbirlər keçirilir. Yüzlərlə, minlərlə yüksək vəzifəli qonaq Azərbaycana gəlir. Hər bir qonaq bilirəm ki, böyük təəssüratlarla öz vətəninə qayıdır. Çünki bizdə olan inkişafa, quruculuğa, abadlığa bu gün dünyada nadir hallarda rast gəlmək olur.
Bütün bunları biz özümüz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır. Biz Heydər Əliyevin qoyduğu yolla gedirik. Biz bütün bu nailiyyətləri Azərbaycan xalqının zəhməti, istedadı hesabına əldə etmişik. Biz bu nailiyyətləri ildən-ilə möhkəmləndiririk".
İlham Əliyevin sözlərinə görə, əlbəttə ki, iqtisadi sahədə aparılan islahatlar bizim gücümüzü artırmışdır: "Əgər bu, olmasa idi, biz asılı vəziyyətə düşər, xarici maliyyə qurumlarının kreditlərindən asılı olardıq.
Ancaq bu gün Azərbaycan özü bəzi ölkələrə kreditlər verir. Azərbaycan özü xaricə investisiyalar qoyur. Bu gün dünyada hələ də yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycan kimi ölkələrin əhəmiyyətini böyük dərəcədə artırır. Çünki bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub, düşünülmüş siyasətdir. Həm islahatlar aparılır, həm də insanların rifah halının yaxşılaşması üçün işlər görülür. Bir sözlə, Azərbaycan bu gün öz iqtisadi gücünü artırır. Təsadüfi deyildir ki, Azərbaycan son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkə kimi artıq qəbul edilib. İqtisadi inkişaf hər bir sahəyə müsbət təsir göstərir".
Prezident xatırladıb ki, bu il üçüncü regional inkişaf proqramı da qəbul edilmişdir: "2004-cü ildə birinci, 2009-cu ildə ikinci və bu il üçüncü proqram qəbul edilib. Bu proqram çox dəqiqdir, müfəssəldir. Hər bir məsələ orada öz əksini tapıb. Hər bir rayonun inkişafı da o proqramda nəzərə alınıbdır. Hər bir rayonun, hər bir kəndin problemi həll olunandan sonra ölkəmizdə heç bir problem qalmayacaqdır.
Əvvəlki dövrlərdə də iki proqramın icrası nəticəsində Ağdaş rayonunda böyük işlər görülmüşdür. Bax, burada yerləşən Olimpiya İdman Mərkəzini, böyük xəstəxananı, bütün bu sosial obyektləri biz bir yerdə açmışıq və onlar insanlara xidmət göstərir. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin tikintisi davam edir. Bilirəm, hələ də qəzalı, yararsız vəziyyətdə məktəblər vardır, ancaq tədricən onlar da təmir olunacaqdır. Beləliklə, üçüncü proqramın icrası nəticəsində 2018-ci ilə qədər sosial infrastrukturla, ümumiyyətlə, infrastruktur layihələri ilə bağlı heç bir problem qalmamalıdır".
Prezidentin sözlərinə görə, Ağdaşda infrastruktur layihələri icra edilir, qazlaşdırma aparılır: "Kəndlərin əksəriyyəti qazlaşdırılıbdır. Növbəti illərdə Ağdaşda qazlaşdırma 100 faizə çatmalıdır. Hər bir yaşayış məntəqəsində təbii qaz olmalıdır. Şəhərdə də köhnə borular dəyişdiriləcək və beləliklə, qaz təsərrüfatı ən yüksək səviyyədə olacaqdır. İçməli su layihələri icra edilir. Əminəm ki, bu məsələ də yaxın gələcəkdə tam şəkildə öz həllini tapacaqdır. Kənd yolları tikilir. Biz bu gün bir neçə kəndi birləşdirən kənd yolunun açılışını qeyd edəcəyik.
Yəni, insanların normal yaşaması üçün bütün şərait yaradılır və şəhər də gözəlləşir, abadlaşır. Bax bu yer, şəhərin yeni sahəsidir, yeni inkişaf zonasıdır. Yadımdadır, burada birinci tikilən Olimpiya Mərkəzi olmuşdur. Ondan sonra xəstəxana tikildi, daha sonra meydan yaradıldı. İndi isə Heydər Əliyev Mərkəzi, icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının inzibati binaları açılır. Yəni, bura bir mərkəz olubdur. Ağdaşın ənənəvi mərkəzi vardır. Orada da abadlıq işləri aparılır. Ancaq bu, yeni mərkəzdir. Görün, bütün işlər nə qədər böyük səliqə ilə, zövqlə görülübdür, ağaclar əkilir, qazonlar salınır. Bu binalar da memarlıq nümunəsidir".
Dövlət başçısı deyib ki, bu gün Azərbaycan elə bir səviyyədədir ki, hər bir rayon mərkəzi, hər bir şəhər dünyanın aparıcı şəhərlərindən geri qalmamalıdır: "Çünki Azərbaycan vətəndaşları daha da yaxşı həyata layiqdirlər. Biz hakimiyyət olaraq bu şəraiti yaradırıq və yaratmalıyıq.
Bu gün, eyni zamanda, burada sənaye müəssisələrinin açılışı nəzərdə tutulur. Bu il bilirsiniz ki, Azərbaycanda "Sənaye ili"dir. Bizim gələcək iqtisadi inkişafımız sənaye ilə bağlıdır. Qeyri-neft sənayesi ilə bağlıdır ki, biz bu sahəni daha da inkişaf etdirək. Kənd təsərrüfatı, emal sənayesi - bütün bunlar həm iş yerlərinin açılmasına gətirib çıxarır, həm milli gəlirimizi artırır, ümumiyyətlə, ölkəmizin inkişafı üçün lazım olan məsələlərdir.
Yəni, hər bir sahə diqqət mərkəzindədir, elə də olmalıdır, elə də olacaqdır. Əminəm ki, Ağdaşda bundan sonra daha da gözəl işlər görüləcəkdir. Ancaq bu günə qədər görülən işlər hesab edirəm ki, təqdirəlayiqdir. Bu nailiyyətlər münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə yeni uğurlar arzulayıram. Sağ olun".
![](/file/pic/xeber/2014-05-02/65812.jpg)
![](/file/pic/xeber/2014-05-02/65814.jpg)
![](/file/pic/xeber/2014-05-02/65815.jpg)
![](/file/pic/xeber/2014-05-02/65817.jpg)
![](/file/pic/xeber/2014-05-02/65819.jpg)
![](/file/pic/xeber/2014-05-02/65820.jpg)