Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir.
Bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə mətbuata birgə bəyanatında bildirib.
"Sülh və təhlükəsizlik beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa edib. Hazırda Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan hökumətinin və xalqının nəzarəti altındadır. İndi Ermənistanın işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və Böyük Qayıdış proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə təxminən 100 min insan yaşayır və işləyir. Bu proses davam edir. Beləliklə, biz müəyyən mənada oxşar çətinliklərlə üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa sadiqliyimiz də bizi birləşdirir”, - deyə Prezident İlham Əliyev qeyd edib.











































